Yaxın Şərq və Avropada yaşayan insanlar təxminən 2 000 il boyunca özlərini zəhərlənmə, vəba və daha bir çox xəstəliklərdən qorumaq üçün möcüzəvi bir dərmandan mədət umurdu. Qara istiot, çörək, tiryək (bitki), gürzə əti kimi müxtəlif məhsullardan alınan bu qara, yapışqan maddəyə “tiryək” adı verilmişdi. Modern tibbin gəlişiylə tiryəkin istifadəsi azaldı və get-gedə bu dərman tarix kitablarının tozlu səhifələrində qaldı. Ancaq keçdiyimiz günlərdə bir qrup Polşa tədqiqatçısı 17-ci əsrdən qalan reseptlə tiryəki yenidən istehsal etdi. Məqsədləri isə bu dərmanın həqiqətən hər dərdə dərman olub-olmadığını görmək idi.
Tiryək 17-ci əsrdə Polşa torpaqlarında geniş istifadə olunurdu. Ancaq "hər şeyə yaxşı təsir edən dərman" fikri yalnız həmin dövr və Şərqi Avropa ilə məhdudlaşmırdı.
Bergamalı Galen və Yaşlı Plinius kimi qədim zamanlarda yaşamış mənbələrin əsərlərində eramızdan əvvəl 2-ci əsrdə (bəlkə də daha əvvəllər) tiryəkin müxtəlif növlərindən istifadə edildiyinə dair ifadələr var. Eyni mənbələrdə bu dərmanların qısa müddətdə cəmiyyətin elit təbəqələri arasında populyarlıq qazandığına işərə edilir.
Tiryəkin bu gün tanınan ən böyük həvəskarlarından biri eramızdan əvvəl 120-63-cü illər arasında Pontus kralı olaraq Anadoluda hökmranlıq edən, Romanın ən güclü düşmənlərindən biri olan Böyük Mitridatis idi.
Tarixi araşdırmalar göstərir ki, VI Mitridatis zəhərlər və onların antidotları ilə maraqlanırdı. Stenford Universitetində klassik əsərlər sahəsində araşdırmalar aparan Adrienne Mayor tərəfindən yazılmış Mitridatisin tərcümeyi-halı da bu araşdırmalardan biridir.
6-cı Mithridatisin ölümünü əks etdirən 1915-ci ilə aid əsər
“National Geographic”ə açıqlama verən Adrienne Mayorun sözlərinə görə, "O zamanlar arsenik taxt dəyişdirən toz adlandırırdırılırdı", vəsvəsəsi Mitridatisi zəhərlənməmək üçün yollar axtarmağa sövq edib. Bu çox baha başa gələn axtarışdan sonra ortaya çox güclü tiryək resepti çıxıb və rahatlıqla hamı tərəfindən qəbul görüb.
Zəhərlənmə ehtimalından qorxan Mitridatis bunun qarşısını almaq üçün nə edə biləcəyi barədə dörd tərəfdən həkimlərlə və təbiblərlə məsləhətləşirdi. Nəhayət, kral müxtəlif zəhərlərə qarşı immunitetini artırmağın yolunu toksindən kiçik dozalarda qəbul etməkdə gördü. O, bundan sonra az dozada toksin qəbul etməyə başladı. Adrienne Mayor bunu “Hər şey dozadan asılıdır” sözləri ilə izah edib.
Qeyd: Bu fenomen müasir tibbdə Kral Mitridatisin adı ilə bağlı olaraq "mitridatizim" adlanır.
Fars sözü olan tiryək lüğətlərdə “heyvansal, bitkisəl və mineral maddələrin qarışığından ibarət olan, ağrıya, öskürəyə, ilan və əqrəb sancmalarına, müxtəlif xəstəliklərə və zəhərlənmələrə qarşı istifadə edilən, tiryək tərkibli məcun, panzehir, antidot növü” kimi tərif edilir.
Tiryək sözünün mənşəyi qədim yunancada "zəhərli ilan" mənasını verən "therion" sözündəndir. Tiryək sözünün bu gün türk dilində olan “Tiryaki” (asılı) sözü ilə bağlı olduğunu vurğulamağı unutmayaq.
Mitridatisin zəhərə qarşı immunitet tətbiqi işə yaramışdı ki, kral 70 yaşına qədər yaşadı. Daha da maraqlısı o idi ki, Mitridatis qızlarını zəhərlədikdən sonra zəhər içərək intihara cəhd etmişdi, lakin buna nail ola bilməmişdi. Əfsanəyə görə, Mitridatis sonunda cangüdəni və dostu Bituitusdan onu qılıncla öldürməyi xahiş etmişdi.
Mitridatisin istifadə etdiyi tiryək resepti zamanla dəyişikliyə uğradı. Eyni reseptdən bir çox başqa nəcib insanlar da istifadə edirdilər və onların yanında olan həkimlər resepti sınaqdan keçirərək dəyişdirdilər.
Bəzi reseptlərdə çox bahalı inqrediyentlər istifadə olunsa da, əsas resept bal, darçın, hil kimi ədviyyatlardan, müxtəlif ot, qabıq, yağ və ağacdan ibarət idi. Mitridatisin ölümündən bir müddət sonra ilan zəhəri inqrediyentlər siyahısından çıxarıldı.
Bununla belə, tiryək imperator Nerondan tutmuş Kraliça I Elizabetə qədər paranoyası ilə məşhur olan hökmdarların gündəlik rutinində müəyyən dəyişikliklərlə öz yerini qoruyub saxlamağa davam etdi. Məsələn, Neronun həkimi Mitridatisin tiryək formulundakı ilan zəhərinin yerinə gürzə ətini əvəz etdi. Digər tərəfdən, Adrienne Mayor qeyd edib ki, tiryək xəstəni itaətkar edir.
O zaman əczaçıların tiryəki hamının gözü qarşısında hazırlamaq adəti var idi
Kralların dərmanı kimi məşhurlaşan tiryək bir vaxt adi insanların da istifadə edə biləcəyi dərmana çevrildi. Amma o vaxtlar da kifayət qədər baha idi. Wroclaw Universitetindən tarixçi Yakub Veqlorsun dediyinə görə, 17-ci əsrdə polşalı bir kəndli bu sahədə təhsil almış əczaçıdan bir miqdar tiryək almaq üçün bir toyuğun qiyməti qədər məbləğ ödəməli olurdu.
Tibb tarixi və erkən müasir dövr üzərində işləyən Veqlors üçün tibb kitablarında yazılmış tiryək haqqında məlumatlar kifayət deyildi. Veqlors əsrlər əvvəl Polşada satılan tiryəkin təkrar istehsal olunub-olunmayacağını görmək istəyirdi.
Polşa Milli Elm Mərkəzinin maliyyə dəstəyi ilə Veqlors, bir tarixçi və iki əczaçının daxil olduğu dörd nəfərdən ibarət bir qrup 400 illik tiryəkin reseptini geri qaytarmaq üçün işə başladı. Beləliklə, ilk dəfə olaraq əczaçılıq kimyası sahəsində biliklərə malik müasir tədqiqatçılar bir tiryək məhsulu istehsal etmiş olacaqdı. Üstəlik, möcüzəvi dərman ilk dəfə tam şəkildə istehsal ediləcək və yenidən analiz ediləcəkdi.
Tədqiqatçılar bu gün Torun (Polşada şəhər) kimi tanınan şəhərin əczaçısı Paul Guldeniusa məxsus 1630-cu il tarixli reseptdən istifadə ediblər. Guldenius tiryək düzəldib satmaq üçün lisenziya almış azsaylı əczaçılardan biri idi. O, həmkarları kimi tiryəki ictimaiyyətin gözü qarşısında hazırlayırdı.
Tədqiqatçıların fikrincə, əczaçıların tiryək düzəltməsi olduqca təmtəraqlı mərasimlərə çevrilirdi. Üstəlik, həm dərmana nə əlavə olunduğu ilə bağlı şəffaflıq təmin edilirdi, həm də ictimaiyyətdə marağı artıracaq şəkildə reklam həyata keçirilirdi. Onlar tiryəkə qatılan bütün bahalı məhsulları bir-bir nümayiş etdirirdilər.
Guldeniusun latın dilində yazılmış reseptində 61 inqrediyentin adı və miqdarı göstərilib. Beləliklə, Weglorz və komandası istifadə olunan birləşmələrin latınca adlarını deşifrə edərək resepti eyni dövrə aid digər kitablar, gündəliklər və məktublarla qarşılaşdıraraq işə başladılar.
Guldenius reseptlərini çox dəqiqliklə yazmış və tiryək üçün istifadə edilən məhsulların çəkisini incəliklə qeyd etmişdi.
Tiryək hazırlamaq üçün ilan ovlayan almanlar (təxminən 1520-ci ilə aid)
Hil, qara istiot, ağac, (odun) şirin şərab və buğda çörəyi qarışığın əsas inqrediyentləri idi. Amma Guldeniusun tiryəkinə təsir və prestij verən iki xüsusi inqrediyent - tiryək və gürzə əti idi.
Tiryəkin ağrıkəsici təsirə malik olduğu, gürzə ətinin ilan sancmalarına qarşı immuniteti təmin etdiyi və orqanizmə “quruducu” təsiri göstərdiyi düşünülürdü. O zamanlar yayılmış bədən sekresiya nəzəriyyəsinə görə, ədviyyatlı və kəskin ləzzətlərin insanları xəstəliyə və zəifliyə meylli etdiyi düşünülürdü. Gürzə ətində isə ifrazatları “qurutmaq” təsiri var idi.
Guldeniusun reseptini yenidən hazırlamaq üçün lazım olan məhsulları toplamaq dörd il çəkdi. Tədqiqatçılar əvvəlcə dərman istehsalında istifadə olunan xammalların tədarükçülərinə müraciət etdilər. Lakin bəzi otlar və ədviyyatlar Avropa Birliyi daxilində tapılmadığından və ya yetişdirilmədiyindən tədqiqatçılar bitkinin ya özünü, ya da mənbəyini tapmaq üçün internetdə axtarış etməli oldular.
Veglors “National Geographic”ə bildirib ki, zəfəran, nanə kimi sadə bir bitki üçün belə, ya bitkini özümüz yetişdirirdik, ya da onu ərzaq mağazasından deyil, sertifikatlı təchizatçıdan alırdıq.
Sonra gürzə əti problemi yarandı. Komanda üzvləri ilan ovuna çıxmaq istəmirdilər. Hər halda, Polşa torpaqlarının sürünənlər baxımından çox zəngin olduğunu söyləmək olmaz, gürzələr ancaq dağlıq ərazilərdə yaşayırdı. Beləliklə, Veqlors ölkəni başdan-başa avtomobillə gəzdi. O, təbii səbəblərdən və ya avtomobilin əzməsi nəticəsində ölən gürzələrin izinə düşdü. Nəhayət, tədqiqatçılar təxminən 200 qram təzə gürzə əti tapmağı bacardılar. Bu ət qurudulduqdan sonra qarışığa daxil edildi.
Tiryəki (bitki) tapmaq daha da çətin oldu. Polşa qanunları bu cür maddələrin istehsalına kifayət qədər məhdudiyyət qoyur. Ancaq bəzi şəxslər xüsusi icazə ilə xaşxaş bitkiləri istehsal edə bilərlər. Veglors hələ də qanuni yollarla 100 qram tiryək tapmağa çalışdıqları üçün hələlik bu maddə olmadan tiryək qarışığını hazırladıqlarını bildirib.
Əksəriyyəti müalicəvi xüsusiyyətlərə malik tiryək inqridiyentlərin potensial təsirlərini araşdırdıqdan sonra alimlər Wroclaw Universitetinin laboratoriyasında işə başlayıblar.
Günlərlə davam edən qarışdırma, qurutma, əlavə edib az odda qaynatma araşdırmalarından sonra ortaya tünd rəngli, mum kimi bir məhsul çıxdı. Tədqiqatçılar ümumilikdə 255 qram tiryək istehsal etdilər. Daha sonra əldə edilən qarışım yetişmək üçün 1 il saxlanıldı.
O zaman bu qarışıqdan kiçik həblər hazırlanırdı. Xəstələr dərmanı suya və ya şəraba qataraq içirdilər. Həmçinin, tiryəkin dəriyə və gözə tətbiq edildiyi də qeyd edilir.
Veglors deyib ki, biz dadına baxmadıq, amma dadsaydıq, yandırıcı olduğunu deyə bilərdik. Acı, ədviyyatlı, qətran kimi…
Tiryək dərmanına darçın, valerian, lavanda, qara istiot kimi bitkilərin və ədviyyatların əlavə edilməsi boğazda yanma effekti yaradır. Bəzi tədqiqatçılar bunun dərmanın cəlbedici tərəflərindən biri olduğunu deyirlər.
Bəs onun hər dərdə dəva olması haqda nə demək olar? Tərkibində insan sağlamlığı üçün faydalı ola biləcək maddələr olsa da, tədqiqatçılar dərmanın panzehir-antidot xüsusiyyətlərinin və insanı sağlam saxlamaq qabiliyyətinin əsasən plasebo effekti ilə bağlı olduğuna inanırlar. Kralların bu dərmana olan inamının insanlara da təsir etdiyi güman edilir.
Ancaq bu, tiryək reseptlərinin tamamilə dəyərsiz olduğu anlamına da gəlmir. Hazırda Veglors və komandası zamanla reseptlərə əlavə edilmiş və ya çıxarılan müxtəlif maddələrdən istifadə edərək təcrübələrini davam etdirir. Həm Adrienne Mayor, həm də Veglors tiryəkin qədim zamanlarda istifadə edilən dərmanların gücünün mühüm sübutu olduğunu vurğulayıb.
“National Geographic”in "This ancient cure was just revived in a lab. Does it work?" başlıqlı xəbərdən hazırlanıb.
Musavat.com