Hər dəqiqə telefona baxmaq vərdişini necə azaldaq? –Psixoloqlardan maraqlı AÇIQLAMA

Ağıllı telefonlar həyatımıza bəzi problemlər ilə birgə daxil oldu. Artıq ətrafda başını telefonundan ayırmayan, hər dəqiqə smartfonuna göz atan minlərlə insana rast gəlirik. Bəzən heç bir bildiriş olmadığı halda belə tez-tez telefonun ekranına baxırıq. 

Maraqlıdır, görəsən, bu, nədən irəli gəlir? Hər dəqiqə telefona baxmaq vərdişini, narahatlığını və asılılığını necə azaltmaq olar? Virtual dünyanın real həyatı üstələməsinin qarşısını necə ala bilərik?

Psxioloq Ülviyyə Murtuzovanın sözlərinə telefon həyatımıza tam daxil olub: 

“Əsas dörd asılılıq növü var: maddə, alkoqol, qumar və qadın asılılığı. Artıq telefon asılılığı da bu siyahıya əlavə olundu. Bu asılılığı birbaşa götürmək və ya sıfırlamaq qeyri-mümkündür. Çünki bizim həyatımıza tam daxil olub. Sadəcə müəyyən məqamlarda bu asılılığı azaltmaq lazımdır. 

Başqa məşğuliyyətlərlə yönələn, özünə ciddi yanaşan insanlar telefondan az asılı olur. Telefon asılılığı olan insanlar üçün xüsusi terapiyalar aparmaq lazımdır. Həmin şəxslərin özlərində inam olmalıdır. Dərman preparatları ilə bu problemi həll etmək olmaz. İnsanların düşüncələrinə təsir edərək smartfonlardan asılılığı mimimuma endirə bilərik. Ancaq bu terapiyalar zamanında aparılmalıdır, gecikəndən sonra çətinləşir”. 

Psixoloq Fuad Əsədov isə problemə belə yanaşıb: 

“2013-ci ildə psixoloji pozuntuları təsnif edən, Amerika Psixiatriya Assosiasiyası tərəfindən nəşr olunan DSM-5-də internet, oyun və smartfon asılılığı yer almaqdadır. İnsanlar telefona o qədər bağlı hala gəliblər ki, sosial münasibətlər zaman içində arxa plana keçib. Hətta psixiatr Qeri Smoll tədqiqatında göstərir ki, dijital dövrdə doğulan insanların sosial bacarıqları aşağı səviyyədə olur. Artıq demək olar ki, hər dəqiqə diqqətimiz telefon bildirişləri ilə dağılır”. 

Psixoloq əlavə edib ki, insanların həyatdan narazı qalmalarının səbəbi ümumiyyətlə, həyatlarını müşahidə etməmələridir:

“Bu gün insanların əksəriyyəti yolda, ictimai nəqliyyatda, dostlarla görüşəndə, evdə oturanda telefonlarından yapışırlar. Dostlar görüşür və hər kəs kafenin ya restoranın “Wi-Fi” kodunu soruşur. Sonra da hər kəs öz işi ilə məşğul olur. “Facebook”, “İnstagram” və “Twitter”də vaxt keçirmək ona görə asandır ki, insanlar maraqlı hadisələrin başqa yerdə baş verdiyini düşünürlər. 

Bu maraqlı hadisələrdən də xəbər tutmaq fürsətini qaçırmaq istəmirlər. “Fearing to Miss Out” əsrin xəstəliyidir. Bunu “maraqlı şeyləri qaçırmaq qorxusu” kimi tərcümə edə bilərik. Nomofobiya da telefon asılılığı ilə bağlı psixoloji pozuntulardan biridir.

Nomofobiyalı insanlar telefonlarından azca aralı qalan kimi güclü təşviş və panika yaşamağa başlayırlar. Bu da gündəlik həyatda məhsuldarlığın aşağı düşməsinə və əlavə stressə səbəb olur. 

Çalışmaq lazımdır ki, oflayn hobbilərə yönələk və belə həyat tərzi yaradaq. İdman, sosial tədbirlər, rəqs və s. Əgər bunları etməsək, telefon həyatı qaranlıq göstərən güzgüyə çevirəcək”. 

©Bizim.media

31.01.2024 18:16
914