Hələ İkinci Dünya müharibəsindən əvvəl Almaniyanın silahlı qüvvələrində hərbi nəzəriyyəçi və qərargah işinin peşəkarı kimi tanınan Heyns Quderianı həm də “tank qoşunlarının atası” adlandırıblar. Nasistlərin hakimiyyətə gəlişindən sonra isə o, Hitlerin ən çox güvəndiyi və etibar etdiyi generallardan biri olub. Amma fürerlə generalın qarşılıqlı xoş münasibətləri çox da uzun sürməyib...
1888-ci ildə Polşanın Kulm şəhərində anadan olan Quderian orta təhsilini başa vurduqdan sonra Berlində ali hərbi təhsil alıb. Birinci Dünya müharibəsində gənc zabit hərbi bilik və bacarığı ilə fərqlənib, müharibədən sonra o, əsasən hərbi birləşmələrin qərargahlarında xidmət edib. Zirehli hərbi texnikaların təkmilləşdirilməsində onun təklifləri yüksək nəticələr verib. 1937-ci ildə Quderianın “Tank qoşunlarının yaradılması” kitabı işıq üzü görüb. Kitab Almaniyanın hərbi tədris müəssisələrində dərslik kimi istifadə edilib.
1939-cu ilin avqust ayında Quderian 19-cu ordu korpusuna komandir təyin edilib. Bu təyinatın təşəbbüskarı birbaşa Hitler olub. Ümumiyyətlə, fürerin general Quderianın peşəkarlığına, hərbi bilik və bacarığına inamı böyük olub.
II Dünya müharibəsi başlananda Polşanın işğalında Quderian xüsusi xidmətləri ilə fərqlənib və fürerdən yüksək dövlət mükafatlarını da məhz həmin ərəfədə alıb. Daha sonra Fransanın işğalında fərqlənən general 1941-ci ildə SSRİ istiqamətində keçirilən hərbi əməliyyatlara cəlb edilib. Hitler Quderianı “sürətli hərəkətdə olan general” adlandırıb. Belə ki, hərbi vəziyyətin gərgin olduğu yerlərə ezam olunan general ən qısa müddətdə problemləri həll edib. Quderian keçirdiyi hərbi əməliyyatların nəticələrini Hitlerə birbaşa özü məruzə edib. Onun istənilən vaxt fürerlə danışmaq səlahiyyəti olub. Bu səlahiyyəti generala Hitler özü verib.
Kifayət qədər sərt və kobud xarakterə malik olan Quderian əməliyyat müşavirələrində yanlışlığa yol verən generalları tənqid, bəzən də təhqir etməkdən çəkinməyib. Hətta özündən vəzifə və rütbəcə yüksək olanlara da sözünü deməyi bacarıb.
Fürerin qərargahında keçirilən və Hitlerin də iştirak etdiyi əməliyyat müşavirələrinin birində iki generalla sözü düz gəlməyən Quderian elə müşavirənin gedişi zamanı onları duelə çağırıb.
Generalın bu cür rəftarı Hitlerin qəzəbinə səbəb olub:
- Dueli burada yox, Stalinqradda açmalıydınız.
Quderian fürerin bu atmacasını cavabsız qoymayıb:
- Nə qədər ki, Vermaxtda kütbeyin generallar vəzifə tutacaqlar, kabinetlərdə mürgüləyəcəklər, Stalinqradda duel açmağımız mümkün olmayacaq.
Almanların Stalinqrad döyüşlərində məğlubiyyətindən sonra Quderianın Vermaxt rəhbərliyi ilə münasibətlərində gərginlik yaranıb. Hərbi nəzəriyyəni mükəmməl bilən bir general kimi Quderian buraxılmış səhvləri sübut və dəlillərlə onlara izah edib. Bu da yüksəkçinli hərbçiləri Hitlerin qarşısında çıxılmaz vəziyyətə qoyub.
Məğlubiyyətə doğru sürətlə irəliləyən Almaniyanın vəziyyəti generalı ciddi narahat edib. O, dəfələrlə Vermaxtda kadr islahatlarının aparılmasının zəruriliyi ilə bağlı Hitlerə müraciət edib. Fürer bu müraciətlərə ciddi reaksiya verməyib. Nəhayət, 28 mart 1945-ci ildə piyada qoşunlarının baş qərargah rəisi vəzifəsində xidmət edən general-polkovnik Quderian Hitlerin yüksək rütbəli hərbçilərlə keçirdiyi müşavirədə füreri sərt tənqid edib. Yarım saatdan artıq davam edən mübahisə Hitlerin Quderianın vəzifəsindən azad olunması ilə bağlı qərarı ilə nəticələnib.
Beləliklə, Quderian müharibənin son aylarında silahlı qüvvələrdən kənarlaşdırılıb. General ordudan uzaqlaşdırılsa da, cəzadan qaça bilməyib. 10 may 1945-ci ildə o, Amerika hərbçiləri tərəfindən əsir götürülüb.
Quderian Nürnberq məhkəməsində şahid qismində iştirak edib. SSRİ tərəfi onu hərbi əsirlərin güllələnməsində ittiham edərək müttəhimlər kürsüsündə əyləşdirməyə cəhd etsə də, məhkəmə bu ittihamla bağlı ortaya heç bir dəlil-sübut qoya bilməyib. General özünü müdafiə etməyi bacarıb. Amma sonda məhkəmə Quderianı səlahiyyətlərindən sui-istifadə etməkdə suçlayıb və onu iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Cəzasını çəkdikdən sonra Quderian yenidən hərbi xidmətə bərpa olunub, o, Qərbi Almaniyada hərbi müşavir vəzifəsində çalışıb. General ömrünün son illərində memuarlarını yazıb, onun “Əsgərin xatirələri” adlı kitabı isə daha çox populyarlıq qazanıb. General öz xatirələrində Almaniyanın məğlubiyyətinin əsas səbəbkarı kimi Hitleri göstərərək onu açıq çəkildə alçaq və yaramaz adlandırıb.
General-polkovnik Quderian 1954-cü ildə, 65 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com