Dietoloq: “Həkim məsləhəti olmadan sertifikatı olmayan, yoxlanılmamış preparatlardan istifadə təhlükəlidir”
Sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub.
Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəllüdlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib.
Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Sonda qeyd edək ki, insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etməyi tövsiyə edirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə “dietoloq biznesi”nin çiçəkləndiyinin şahidi oluruq. Belə ki, xüsusən də “İnstagram” (“X”), “TikTok” sosial şəbəkəsində ən müxtəlif pəhrizlər, arıqlamaq üçün dərman preparatları, çaylar təklif olunur. Onları təklif edən dietoloqların isə peşəkar olub-olmadığı heç kəsə məlum deyil.
Bu cür “dietoloq biznesi”nin can aldığı da artıq məlumdur. İnsanlar təklif olunan pəhrizlərə əsasən bəzən günlərlə az qalır, ac qarına limonlu su, müxtəlif detokslar qəbul edir ki, bu da əksər hallarda müxtəlif xəstəliklərə, ölümə gətirib çıxarır.
Bu günlərdə sosial şəbəkələrdə pəhriz saxlayan və arıqlamaq üçün müxtəlif dərmanlar qəbul edən 18 yaşlı qızın ölüm xəbəri geniş müzakirə edilir. İlkin ehtimallara görə, qız evdə kömür həbləri qəbul edib və ölüb. Bunun kimi yüzlərlə hadisəni misal gətirmək olar. Beləcə, sürətlə çiçəklənən “dietoloq biznesi” can almağa davam edir. Halbuki mütəxəssislər bildirir ki, qısa zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədə, hətta psixi dəyişikliklər yarada bilir.
Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb:
Ləman Süleymanova
“Son vaxtlar sosial şəbəkələrdə heç bir həkimlik diplomu, fəaliyyət göstərmək üçün sertifikatı olmayan, müxtəlif yollarla özləri üçün dietoloq imici yaradıb, həkimlik edən şəxslərin sayı kəskin surətdə artıb. Bu cür insanlar iki kateqoriyaya bölünür. Birinci kateqoriyadan olan insanlar, sadəcə, özəl fəaliyyət göstərirlər, yəni heç bir şirkətlə əlaqələri olmur. Onlar heç bir həkimlik diplomu, işləmək üçün icazəsi olmayan, hətta hansısa evdar qadın, vaxtının çox hissəsini sosial şəbəkədə keçirən insanlardır.
İkinci kateqoriya insanların da heç bir həkimlik diplomu olmur və onlar əsasən dərman şirkətləri ilə birgə çalışırlar. Bu cür fəaliyyət cinayətdir, çünki insanların sağlamlıqlarına təhlükə yaradılır. Bunun üçün aidiyyəti orqanlar məsələni dərindən araşdırmalı, həmin şəxsləri məsuliyyətə cəlb etməlidirlər.
Qeyd edim ki, istənilən arıqlama dərmanlarının tərkibində asılılıq yaradan xüsusi narkotik maddələr var. Kokteyllərdən tutmuş digər preparatlara qədər hər birinin tərkibində bu maddə var və zamanla insan orqanizmini zəhərləyir. Nəticədə, xərçəng xəstəliyi və ağlınıza gələcək ən qorxunc xəstəliklər, hətta ölümlə nəticələnə bilər. Heç yerdə qeyd edilməsə də, həmin maddə “maxuan ephedra” adlanır. İnsan orqanizmində müxtəlif problemlər yaradır, xüsusilə də qadınlarda rast gəlinən bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Adətən bu cür preparatladan istifadənin 15-ci günündən başlayaraq insanda baş ağrıları, yorğunluq, halsızlıq başlayır, əllər əsir, stress, panik atak müşahidə olunur. Ardınca isə preparatın qara ciyərə, mədəaltı vəziyə mənfi təsirləri ortaya çıxır, həm qadınlarda, həm kişilərdə sonsuzluq yaradır, həyat tonusuna təsir edir. Şəkər xəstələri heç nə yemədən bu preparatlardan qəbul edərsə, onlarda ölüm riski yaranır. İnsan özü-özünün həkimi olmalı, öz orqanizminə məsuliyyətli yanaşmalı, yalnız peşəkar həkimlərə müraciət etməlidir.
Sevindirici haldır ki, artıq hüquq-mühafizə orqanları bu məsələni nəzarətlərinə götürüb, sosial şəbəkələrdə bu cür preparatların satışını həyata keçirən şəxslər barəsində ciddi tədbirlər görülür".
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib:
“İlk öncə qeyd edim ki, qida əlavələrinin, hansılar ki, onlar tibbi təyinatla da müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur, təhlükəsizlik parametrlərinə cavab verməsi çox mühüm şərtdir. Bu baxımdan hər bir ölkəyə gətirilən qida əlavəsi təyinatı üzrə laboratoriyalarda yoxlanmalı və bundan sonra sertifikatla ölkə daxil satışına icazə verilməlidir.
Onsuz da bu qida əlavələrinin heç biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərmanlar haqqında reyestrinə daxil deyil. Əgər həmin qida məhsullarının tərkibi standarta uyğun deyilsə, bu artıq hüquqi, kriminal məsuliyyət yaradır.
Beləliklə, genefondumuza, orqanizmimizə təhlükə törədən bu cür məhsulların ölkəyə idxalı hüquqi məsuliyyət yaradır və aidiyyəti qurumlar mütləq şəkildə bununla bağlı ciddi tədbir görməlidir.
Vətəndaşlara isə tövsiyə olunur ki, hansısa sosial şəbəkə üzərindən reklam edilən bu cür elanlara inanmasınlar. Yalnız həkim məsləhəti ilə addım atsınlar. Həkim məsləhəti olmadan sertifikatı olmayan, yoxlanılmamış preparatlardan istifadə təhlükəlidir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”