Tanınmış yazıçı Həmid Herisçinin AYB-yə üzv olması həmkarları tərəfindən sərt tənqid olunub. Bir sıra yazıçılar sosial şəbəkədə Herisçini vaxtilə qurucularından olduğu AYO-ya xəyanətdə, Anara məğlub olmaqda ittiham ediblər.
AYB katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu Bakupost.az-a bildirib ki, Həmid Herisçi yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir və onun üzvlüyü təbiidir: “Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I Naşirlər Forumunda görüşdük, birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etbar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə, Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı "Ədəbiyyat qəzeti"ndə çap olunacaq. Vəsiqəsini aldı. Necə deyərlər, xeyirli olsun. Ad günü münasibətilə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm... Bu hadisəyə ancaq sevinmək olar... Başqa şərhim yoxdur".
Gənc yazıçı Orxan Saffari öz feysbuk səhifəsində Həmid Herisçini sərt tənqid edib: “Məgər AYB-nin üzvü olmaq indən belə Həmid Hersçiyə nə vəd edəcək? Ev? Təqaüd? Bəs ədəbi mübarizə? Bəs sənə inanan adamlar, xüsusilə gənclik? ”
Rasim Qaraca
Yazıçı Rasim Qaraca da sosial şəbəkədə Herisçinin bu addımını AYB-nin sədri Anarın qələbəsi kimi qiymətləndirib: "Təəssüf!!! Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın “prinsipiallığına” heyrət etdim. Mübarizəni sona qədər apardı. Beş!"
Şərif Ağayar
Yazıçı Şərif Ağayar da H.Herisçinin Anarla olan paylaşımını “dəhşətli foto” adlandırıb: “Paşinyanın "Cıdır düzü"ndə yallı getməsi bunun yanında elə yallı getmək qədər yüngül bir işdir. İnanın. İnsanı da işğal edirlər, onun da üstündə bax beləcə yallı gedirlər. Vətəni bir gün azad eləmək mümkün olur, işğal olunan insan isə bir daha heç vaxt geri qayıtmır. Biz buna layiq deyildik. Qiyamət günü Tanrı bu lənət üçün heç bir səbəb tapa bilməyəcək. Özü özünü cəzalandıracaq. Cəhənnəmə özü özünü göndərəcək".
Kəramət Böyükçöl
Yazıçı Kəramət Böyükçöl isə bildirib ki, Herisçini tənqid etmək lazım deyil: “Guya Həmid Herisçi dissident-zad idi, indi gedib Yazıçılar Birliyinə üzv olub deyə tökülüblər üstünə ki, niyə belə elədin. Üzv olub olub da. Anarın da, Həmidin də yaxşı bir əsəri varsa və o əsər yaşamağa layiqdirsə, yaşayacaq, ortalıqdakı bu kimi boş-boş söhbətlər isə yaddan çıxıb gedəcək”.
Həmid Herisçi
Həmid Herisçi bu ittihamların gözlənilən olduğunu bildirib: “Belə fikirlərin olması təbiidir və mən bunu normal qarşılayıram. Məni AYO-ya xəyanətdə günahlandırırlar. Son 15 ildə AYO olmayıb axı... Bu illər ərzində mən bu adamların yadına düşməmişəm. Rasim Qaraca ilə sonuncu dəfə 2012-ci ildə görüşmüşəm. Mən işdən çıxanda, xəstə yatanda bu adamlar məni axtarmadılar. İndi hamısı məni günahlandırır”.
Xalidə GƏRAY
“Yeni Müsavat”