Qəzza zolağından atəşə tutulduqdan sonra İsrailin mərkəzində sirenlər səslənib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Təl-Əvivin daxil olduğu Quş Dan bölgəsində və Ha-Şfela rayonunda həyəcan siqnalı verilib. İDF qeyd edib ki, zərbələr Qəzzanın cənub hissəsindən endirilib.
"İsrail Müdafiə Ordusu bir raketi uğurla zərərsizləşdirib, digər iki raket isə açıq əraziyə düşüb", – deyə açıqlamada bildirilib.
Bundan əvvəl HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları Təl-Əvivə M90 raketləri ilə hücum etdiyini açıqlayıb. HƏMAS hücumun "mülki vətəndaşların kütləvi qətliamına" cavab olaraq həyata keçirildiyini bildirib.
Qeyd edək ki, 2025-ci ilin əvvəlində İsrail və HƏMAS Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıb. Martın 18-nə keçən gecə İDF HƏMAS və İslami Cihadın "terrorçu hədəflərinə" hücumlar barədə məlumat verib. Martın 20-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi və cənubunda quru əməliyyatlarına başlayıb. İsrail ordusu “təhlükəsizlik zonasının genişləndirilməsini” və eksklavın şimalında və cənubunda “qismən buferin yaradılmasını” əsas məqsədləri adlandırıb.
Musavat.com