Fələstinin HƏMAS radikal hərəkatı Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək insanların siyahılarını dərc edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, HƏMAS-ın müvafiq açıqlamasında bildirilir: “Biz noyabrın 1-də Rəfah keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasport sahiblərinin siyahısını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da keçid məntəqəsində olmalıdırlar”.
Nəzarət-keçid məntəqəsinə müəyyən edilmiş müddətdən gec gələnlərin sərhədi keçib-keçməməsi ilə bağlı məlumat verilmir. Siyahılar gecə saatlarında dərc edilib, HƏMAS media resurslarında onlar haqqında məlumatlar təkrarlanmayıb.
HƏMAS-ın açıqladığı siyahılara Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları daxildir. Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və anklavda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşlarına Qəzzanı tərk etməyə icazə veriləcək. Həmas hansı QHT-lərin nəzərdə tutulduğunu göstərməyib.
Musavat.com