“HƏMAS liderinin Abdullahianla telefon danışığı sübut edir ki, 3 aya...” - Ekspert ŞOK DETALLARI açıqladı

İsrail-Fələstin münaqişəsi 70 ilə yaxındır ki, öz həllini tapa bilmir, acı bağırsaq kimi uzanır. Son 16 gündə isə hər iki tərəfdən yüzlərlə insan ölüb, yaralanıb, itkin düşüb. Bu say hər dəqiqə YENİLƏNİR...

Bir neçə gündür ki, müharibə aktiv fazaya keçib. Bu isə o deməkdir ki, hər iki tərəfdən itkilərin artacağı qaçılmazdır.

İSRAEL.png (1.33 MB)

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib və “Dəmir qılınclar” cavab əməliyyatını davam etdirir. İsrailin qeyd etdiyi kimi, “terrorçu yuvaları”na zərbələri davam edir.

Bəs “terrorçu yuvaları”nın sahibi, terror qruplaşması HƏMAS haqda nə bilirik?

HƏMAS 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl Rantisi və Məhəmməd Taha tərəfindən Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub.

Təşkilatın quruluş məqsədi Qərb sahili və Qəzza zolağı torpaqlarını azad edib yenidən Fələstin İslam dövlətini qurmaqdır.

HƏMAS 1988-ci ildə öz siyasi proqramında Fələstinin əsla qeyri-müsəlmanlar tərəfindən qurulmuş bir İslam ölkəsi olmayacağını bildirmişdi və fələstinli müsəlmanlar üçün Fələstinin idarəsini İsraildən almaq məqsədilə döyüşməyi dini cihad kimi qiymətləndirirdi. Bu, 1988-ci ildə İsraili bir dövlət kimi tanıyan Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında münaqişəyə gətirib çıxardı.

HEMAS BAYRAQ.png (88 KB)

HƏMAS öz təsir gücünü əsasən universitetlərə, bazarlara, peşə təşkilatlarına yayırdı.

HƏMAS tərəfindən həyata keçirilən qanlı əməliyyatlar:

• 6 iyul 1989-cu ildə Kiryat Yearim yaxınlığında meydana gələn bir intihar hücumu nəticəsində 22 nəfər öldü.

• 6 aprel 1994-cü ildə Afulada (İsrail) bir avtobusda meydana gələn intihar hücumu nəticəsində 8 nəfər öldü.

• 13 aprel 1994-cü il tarixində Haderada bir avtobus dayanacağında meydana gələn intihar hücumu nəticəsində 5 nəfər öldü.

• 19 oktyabr 1994-cü il tarixində İsrailin paytaxtı Təl-Əvivdə meydana gələn bir intihar hücumu nəticəsində 22 nəfər öldü.

• 11 noyabr 1994-cü il tarixində Netzarımda meydana gələn bir intihar hücumu nəticəsində 3 nəfər öldü.

• 4 sentyabr 1997-ci il tarixində HƏMAS terrorçuları tərəfindən Qüdsdəki Ben Yahuda prospektində meydana gələn intihar hücumu nəticəsində 8 nəfər öldü. Ölənlərdən üçü HƏMAS terrorçularından idi.

• 1 iyul 2001-ci il tarixində Təl-Əvivdə “Dolphinarium”un girəcəyində meydana gələn intihar hücumunda 14-21 yaşlı 21 nəfər insan öldü və 120-dən çox insan yaralandı.

• 9 avqust 2001-ci il tarixində Qüdsdəki Sbarro adlı restoranda meydana gələn intihar hücumunda 7 nəfər uşaq daxil olmaqla, 15 nəfər öldü, 130 nəfər yaralandı.

• 2 dekabr 2001-ci il tarixində Qüds və Hayfada meydana gələn 4 patlayışda 26 nəfər öldü, 220 nəfər yaralandı.

16 dekabr 2005-ci ildə Qərb sahilində keçirilən parlament seçkilərində HƏMAS qələbə qazandı. Beləliklə, bu terror qruplaşmasının əl-qolu daha da açıldı.

SEDREDDİN.jpg (24 KB)

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Musavat.com-a bildirib ki, HƏMAS əsasən Fələstinin Qəzza zolağında fəaliyyət göstərir:

“Fikrimcə, bu, İran hakimiyyətinin bir layihəsidir. İranın maliyyələşdirdiyi bir təşkilatdır. Ola bilsin ki, başqa ərəb ölkələri də onu dəstəkləyir. Çünki HƏMAS ənənəvi Fələstin azadlığı uğrunda mübarizə aparan təşkilatlardan deyil. 1987-ci ildə yaradılan bu təşkilatın liderləri bir müddət Misirdə, Suriyada fəaliyyət göstərib. Suriya isə hər zaman İran hakimiyyətinin nəzarəti altında olan ölkələrdəndir. 2005-ci ildə İsrail Qəzza zolağından çıxandan sonra, 2006-cı ildə HƏMAS Qəzza zolağında parlament seçkisində qalib gəldi. Bununla da Fələstində iki hakimiyyətliliyin əsası qoyuldu. Qəzza zolağı HƏMAS-ın nəzarəti altında oldu, Rəmallah və ətrafı isə Mahmud Abbasın. O vaxt Mahmud Abbas HƏMAS-a təklif etdi ki, silahları təhvil verib müdafiə qüvvəsi yaratsınlar, amma onlar buna razı olmadı. O vaxtdan başlayaraq HƏMAS davamlı şəkildə İsrailə qarşı müxtəlif aksiyalar həyata keçirdi. Beləliklə, İsraillə anlaşma pozuldu”.

Siyasi şərhçinin sözlərinə görə, sonrakı dövrdə HƏMAS elan etdi ki, İsraillə iqtisadi əlaqələr saxlayacaq və s. Lakin oktyabrın 7-də baş verənlər bu əlaqələrin yanlış olduğunu ortaya çıxardı.

“HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə olduğu müddətdə Fələstinin azadlığı, Fələstin torpaqlarının qaytarılması, 1967-ci il deyilən sərhədlərinin bərpa olması istiqamətində əməli fəaliyyət göstərilməyib. HƏMAS-ın hərbi-sənaye kompleksi, iqtisadiyyatı yoxdur. HƏMAS-ın maliyyə qaynağı olmadığına görə onun sponsorlar hesabına mövcud olduğu qənaətinə gəlmək olar. Bu sponsorların da başında İran hakimiyyəti dayanır. İran hakimiyyəti HƏMAS-ı maddi-mənəvi, siyasi – bütün istiqamətlərdə dəstəkləyir. HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı sübut edir ki, bu təşkilat məsləhətləri İrandan alır”, - Sədrəddin Soltan vurğulayıb.

CİHAD.png (834 KB)

O bildirib ki, HƏMAS-ın Qəzza zolağında məğlubiyyəti İranın Fələstində və Yaxın Şərqdə ən böyük məğlubiyyəti olacaq:

“HƏMAS-ın sponsorları məsləhət görsə ki, İsrailin təklifini qəbul edin, o zaman qəbul edəcəklər. Hesab edirəm ki, İsmayıl Haniyə ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığında müzakirə olunan məsələlərdən biri də İsrailin bəlli şərti ilə bağlı olub. Yəni bütün girovları azad edib quru əməliyyatının qarşısını almaq. Amma bütün girovları azad edib İsrailin quru əməliyyatının qarşısının alınması HƏMAS-ın regionda gələcəkdə fəaliyyətini davam etdirməsi anlamına gəlməz. İsrailin hədəfi HƏMAS-ı Qəzza zolağında sıradan çıxarmaqdır. Çünki böyük güclər – ABŞ HƏMAS-ı İŞİD-lə bərabər tutur. Bu isə o deməkdir ki, İŞİD Suriyada sıradan çıxarıldığı kimi, HƏMAS da Qəzza zolağında zərərsizləşdirilməlidir.

Əgər HƏMAS sıradan çıxarılmasa, böyük güclərin regionda nüfuzu aşağı enər. Regionda Çin, Rusiya, İran cütlüyünün nüfuzu arta bilər”.

HEMAS SON.jpg (69 KB)

Siyasi şərhçi qeyd edib ki, Yaxın Şərqdəki bir sıra qurumlar, xüsusilə dövlətlərin strukturu keçmişdən qalmadır:

“Bu isə insan azadlıqlarını, demokratik dəyərləri, bu tip məsələləri tormozlayır. Bu məsələ ilə bağlı 60-cı illərdə də bir hərəkat olmuşdu. SSRİ dağılandan sonra ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın həmmüəllifliyi ilə yeni Orta Şərq layihəsi ortaya çıxdı. Həmin layihə Afrikanın şimalından tutmuş, Cənubi Qafqaza qədər bütün istiqamətlərdə dəyişiklikləri nəzərdə tuturdu – iqtisadiyyatdan dövlətin idarə edilməsinə, siyasi azadlıqlara, qadın hüquqlarına qədər və s. Məsələn, İranda qadın, həyat, azadlıq şüarı təsadüfi deyil. Yaxud Səudiyyə Ərəbistanında qadınlara bir sıra istiqamətlərdə azadlıq verilməsi təsadüfi deyildi. Bu məsələlərin düyün nöqtəsi, yəni regional inkişafın, hətta bir sıra hallarda dünyada inteqrasiyanın qarşısını alan məsələlərdən biri də Fələstin düyünüdür. Fələstin düyünü həll edilməyənə qədər bu tip məsələlər dünyanı daim narahat edəcək. Ona görə də hesab edirəm ki, Fələstin məsələsinin həll olunması vacibdir və yeni dünya düzəni üçün də Fələstin-İsrail münaqişəsinin həlli mütləqdir. Bunu ABŞ prezidenti də deyir, hər kəs deyir”.

Siyasi şərhçinin proqnozuna gəlincə:

“İsrail rəsmiləri HƏMAS-ın sıradan çıxarılması üçün 3 ayı proqnoz verir. Bu məsələ 3 aya da, daha tez müddətə də həll oluna bilər. Bu, həm HƏMAS-ın sponsorlarından, həm də İsraili dəstəkləyən qüvvələrdən asılıdır”.

Aytən Novruz
Musavat.com

23.10.2023 16:52
2724