“Bu savaş ən uzunmüddətli müharibələrdən biri kimi yadda qalacaq”
Oktyabrın 7-də İsrail-HƏMAS hərbi qarşıdurmasının bir ili tamamlanacaq. Son vaxtlar İsrailin hərbi əməliyyatları səngimiş, hətta dayanmış kimi görünür. Qarşı tərəfdən də nisbi sakitlik müşahidə edilməkdədir. Bu, nəyin əlamətidir? Bölgə artıq qismən rahat nəfəs ala bilərmi, yoxsa bu, növbəti “tufanqabağı sakitlik”dir? İsrail öz hərbi hədəflərinə çatdımı?
Bu arada “Financial Times” qəzeti yazıb ki, Türkiyə və İsrail Qəzza zolağında müharibə bitdikdən sonra yenidən münasibətləri bərpa edə bilər. Nəşr qeyd edir ki, bu, ölkələr arasında əməkdaşlığın böhranla üzləşdiyi ilk hal deyil.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərqdə genişlənən müharibə fonunda İsraillə HƏMAS arasında sanki bir mülayimləşmə müşahidə olunduğu aydın görünür. Bunun səbəbi müəmmalıdır: “İsrailin baş naziri Benyamin Netanyahu irəli sürdüyü hərbi hədəflərdə ən sonuncu HƏMAS əsgərinin məhv edilməsi və bütün bölgəyə İsrailin nəzarət etməsinin təmin olunması haqqında fikirlər yer alırdı. Bu hədəflərə hələ çatılmadığı üçün biz İsrailin mütləq qələbə qazandığını da deyə bilmərik. Digər tərəfdən, müqavimət də var. Müxtəlif güc mərkəzləri, o cümlədən İran HƏMAS-a dəstəyini davam etdirir. Hərbi, iqtisadi, siyasi yardım mövcuddur. Belə olan halda, əlbəttə, biz hansısa bir tərəfin tamamilə qalib gəldiyini və ya məğlub olduğunu da söyləyə bilmərik. Lakin şübhəsiz ki, bu müharibə artıq tarixə düşüb və ən uzunmüddətli müharibələrədən biri kimi yadda qalacaq. Onun geosiyasi, iqtisadi, humanitar, demoqrafik təsirlərini bundan sonra müzakirə etmək imkanı olacaq”. Ekspert qeyd etdi ki, digər tərəfdən, bölgədəki əsas geosiyasi güc mərkəzi olan Türkiyənin də mövqeyi ilə İsrailin mövqeyi bugün də üst-üstə düşmür. Əlbəttə ki, müharibə şəraitində münasibətlər daha da gərgin fazaya keçib: “Türkiyə üçün türk-İslam birliyinin qorunması və təhlükəsizliyin təmin olunması önəmli xarakter daşıyır. Hətta deyərdim ki, "qırmızı xətt" hesab olunur. Hazırkı şəraitdə əməkdaşlıqdan danışmaq mümkün deyil. Lakin müharibə bitəndən sonra əməkdaşlıq üçün müəyyən elementlər formalaşacaq. Hazırda isə bu siyasi və geopolitik böhran şəraitində çətin ki, tərəflər masa arxasına gələ bilsin. Ancaq düşünürəm ki, bütün məsələlərin zamanla həlli olduğu kimi, Türkiyə-İsrail arasında olan böhranın da həlli gec-tez mümkündür. Əsasən də enerji, ticarət sahəsində olan münasibətlər bərpa oluna bilər".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”