HƏMAS-ın simvolik fiquru Abu Ubeydanın öldürülməsi xəbəri Yaxın Şərqi silkələdi

HƏMAS-ın hərbi qanadının rəsmi sözçüsü kimi tanınan Abu Ubeydanın İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində həlak olduğu barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu iddianı “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadla açıqlayıb.

Məlumata görə, hücum Qəzza şəhərinin qərb hissəsində həyata keçirilib. Qeyd olunur ki, İsrail ordusu (ÇAXAL) və təhlükəsizlik xidməti  Abu Ubeydanın məhv edilməsi üçün xüsusi əməliyyat keçirildiyini bildirmişdi.

Bununla belə, İsrail ordusu hələ ki, rəsmi bəyanat yaymayıb. HƏMAS isə öz növbəsində Abu Ubeydanın öldürülməsi ilə bağlı xəbərləri təsdiqləmir.

Ekspertlər hesab edirlər ki, Abu Ubeydanın həlak olması təsdiqlənəcəyi təqdirdə, bu, HƏMAS üçün ciddi mənəvi zərbə ola bilər. Çünki o, təşkilatın əsas simvollarından biri hesab olunurdu və uzun illərdir təşkilatın hərbi mesajlarının əsas üzü kimi çıxış edirdi.

Musavat.com

31.08.2025 11:44
569