İsrailə niyə getdim...
İndiki vəziyyətdə İsrailə səfər mübahisəli qərar kimi görünə bilər. Müharibə vəziyyətində olan ölkəyə səfər təhlükəli səslənir, raketin nə zaman və haradan atılacağını bilmək mümkün deyil, bu, Qəzzadan da, Livandan da, Yəməndən də və hətta İrandan da ola bilər (mən geri döndükdən iki gün sonra İran İsrailə 180 raket zərbəsi endirdi). Digər tərəfdən isə Qəzzadakı vəziyyətə baxmayaraq məsələni “birtərəfli” işıqlandırmaqda ittiham olunmaq ehtimalı vardı.
Yazının əvvəlində bir məsələni vurğulayım ki, Qəzzadakı mülki itkilərin miqyasının sarsıdıcı olmasının fərqindəyəm. Hərbi əməliyyatlar zamanı mülki itkilərin minimum olması şərti beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biridir, dünyanın istənilən nöqtəsində o cümlədən İsrail - Qəzza toqquşmasında da bu, gözlənilməlidir. Ancaq eyni şəkildə biz 7 oktyabrda İsrailin cənubunda mülki əhalinin terror hücumuna məruz qalması faktını gözardı etməməli, bunu da sərt şəkildə qınamalıyıq.
Ötən ilin 7 oktyabrında Moldovadan dezinformasiya, fakt yoxlama mövzusunda konfransdan qayıdırdım, hava limanında Bakıya uçuşu gözləyərkən "X" də İsrailə hücumla bağlı fotolar və videolar gördüm, ağlasığmaz idi. Etiraf edim ki, bunun saxta olacağını da düşündüm, amma heç biri saxta deyildi. Baş verənləri təsəvvür etmək çətin idi. İsrailin ordusu, kəşfiyyat xidməti dünyanın ən yaxşıları arasındadır. Nəcə olmuşdu ki, HƏMAS sərhədi keçərək belə irimiqyaslı qətliam törətmişdi? Bu sual hamı kimi məni də düşündürürdü. Səfərimin məqsədi də bu suallara cavab tapmaq, hadisənin qurbanlarını dinləmək , hazırda davam edən müharibə ilə bağlı ölkədəki ümumi ab-havanı öyrənmək idi.
Artıq 7 oktyabr terror hücumunun bir ili tamam oldu. Səfər zamanı gördüklərimdən sonra təəssüflə deyə bilərəm ki, bu, Holokostdan sonra yəhudilərin üzləşdiyi ikinci ən böyük qırğındır. Hücum edilmiş regiona səfər, bu hücumlardan sağ qurtulanların dilindən həmin gün nə baş verdiyini eşitmək məndə bu təəssüratı yaratdı. Sadəcə 6-8 saat ərzində İsrailin cənubundakı bu ərazilərdə törədilən qırğın zamanı 1200-dən çox adam ölüb, 250-dən artıq şəxs girov götürülüb. Bir neçə saat üçün bu rəqəm çox böyükdür və hücumun miqyasını ifadə edir. Həmin gün Qəzzadan İsrail ərazisinə neçə silahlının daxil olması ilə bağlı rəqəmlər fərqlidir, amma ən azı 3000 nəfərin olduğu qeyd olunur.
HƏMAS-ın 7 oktyabr hücumundan sağ qurtulan gənc: “Mən hələ də sülhə inanıram”
Bu günlərdə Nova Musiqi Festivalında HƏMAS-ın törətdiyi qırğınla bağlı israilli rejissor Yariv Moserin “We shall dance again” adlı sənədli filmi beynəlxalq ictimaiyyətə təqdim olundu. Sənədli filmdə qırğından sağ qurtulanlardan biri yaşadıqlarını “öz gözlərinizlə qorxu filmi görmək kimi” təsvir edirdi. Sənədli filmdəki görüntülər qırğın şahidi olmuş şəxslərin telefonundan, təhlükəsizlik kameralarından və HƏMAS üzvlərinin öz kameralarından götürülən kadrlardır. Bu kadrları izləyərkən insanın həyəcandan, qorxudan nəfəsi dayanır, bir də bunu canlı yaşamağı düşünün. Həqiqətən də qorxu filminin içində olmaq kimidir.
Səfərimin ilk günü axşam Tel-Əvivdə bu “qorxu filmi”ndən sağ qurtulmağı bacaranlardan biri olan Tamir Leşetzlə görüşdüm. 24 yaşlı bu sakit və utancaq oğlan İsrailin Rehovot şəhərindən idi.
Söhbət zamanı Tamir festival həvəskarı olmadığını, daha əvvəl belə festivallara getmədiyini dedi. Amma bu dəfə dostları onu getməyə inandırmışdı.
“Səhər günəşin çıxan vaxtı parti başalayacaqdı, hər kəs həyəcanlı idi. Lakin bir anda raket səsləri eşitməyə başladıq, musiqini dayandırdılar. Biz anlamışdıq ki, təhlükəli nəsə baş verir. Hamı panikada idi, avtomobillərə minib ərazini tərk etməyə çalışırdı. Festivalın keçirildiyi ərazinin ətrafında böyük bir tıxac yaranmışdı, raketlərin ardı-arası kəsilmirdi. Bəziləri qorxu içərisində idi, bəziləri sərxoş idi və vəziyyətin fərqində deyildi”.
Həmin vaxt təhlükəsizlik qüvvələri Tamirgilə cənub istiqamətində getməyi tövsiyə edib:
“Yolboyu daha çox maşın görməyə başladım, hər kəs qaçıb xilas olmağa çalışırdı, raket hücumları isə davam edirdi. Cənub istiqamətində sürsəm də, qarşıda daha çox raket hücumları ilə üzləşəcəyimizdən qorxub yolu dəyişərək əks istiqamətə sürməyə davam etdim. Yolda polis maşını dayanmışdı, biz ona yaxınlaşarkən polis əməkdaşı “terrorçular, terrorçular” ,- deyə qışqırmağa başladı.
“Tez buradan gedin, bu əraziləri terrorçular ələ keçirib” – o, bizə xəbərdarlıq etdi. Mən artıq traktor və motosikletlə bizə tərəf gələn terrorçuları görürdüm. Maşını işə salıb tam sürətlə geri dönməyə başladım. Onlar bizim avtomobilimizi atəşə tutmağa başlamışdı”.
Tamir baş verənləri danışdıqca, o günü xatırladıqca həyəcanlanır, sanki yenidən hiss edir, nitqinə ara verirdi.
Həmin vaxt onlar avtomobildə üç nəfər olublar - Tamir, dostları Yuval və Ron:
“Dostum Yuval qabaq oturacaqda, Ron isə arxa oturacaqda əyləşmişdi. Terrorçuların atdığı güllələr avtomobilin şüşələrini sındırmışdı, mühərrik də dayanırdı. Birdən Ron (Ron Weinberg 24 yaş) qışqırdı: “Mən vurulmuşam, mən ölürəm”. Əynindəki köynəyi al qırmızı rəngdə idi, bu qan idi”.
Atılan güllələrdən sürdüyü avtomobilin sıradan çıxdığını hiss edən Tamir qabaqda yol kənarında dayanan HƏMAS silahlılarına çatmağa az qalmış dostu Yuvalla birgə avtomobildən düşüb çöllük istiqamətində qaçıb. Ancaq Yuval arxadan vurulub, Tamir həmin vaxt elə bilib ki, bu dostu da öldürülüb. “Artıq düşünürdüm ki, dostum Yuvalı öldürən terrorçular indi məni öldürəcəklər”.
Nə qədər məsafə qət etdiyini unudan Tamir yaxınlıqdakı evə girməyə çalışıb: “Terrorçular gəlir, icazə verin içəri girim”.. Mən dəli kimi qışqırmağa başladım, lakin evdəki qadın qapını açmadı. Onun baş verənlərdən xəbəri yox idi. Anlaşılandır, səhər saat 07:00 idi, heç kim nə baş verdiyini bilmirdi. Mən içəri girmək üçün yalvarırdım, amma o, mənə icazə vermədi. Başqa bir evə yaxınlaşdım, onlar qapını açdılar”.
Tamir sonradan həmin qadının iki oğlunun da “Nova” Festivalı ərazisində öldürüldüyünü öyrənib.
Tamir dostlarından bixəbər və nigaran ikən Yuvaldan mesaj alıb-“Mən artıq ölürəm”.
"O, bizim qrupumuza yazmışdı. Mən düşündüm ki, Yuval və Ron artıq həyatda yoxdur, mən yalnızam. Yuval yazırdı ki, onun yarası hələ də qanayır. Mən dostumu sakitləşdirməyə çalışırdım ki, həkimlər onu xilas edəcəklər. Amma digər tərəfdən düşünürdüm ki, o, elə mənimlə telefonda yazışarkən qan itkisindən ölə bilər”.
Mən bu hücumda Yuvalın da həlak olduğunu düşünsəm də Tamir dedi ki, Yuval yaralansa da xilas olunub, ancaq Ronu xilas etmək mümkün olmayıb.
Tamir 7 oktyabrda yaşadıqlarının onun həyata baxışını dəyişdiyini qeyd etdi:
“İlk bir neçə ay necə yaşamalı olduğumu anlamağa çalışırdım. 7 aylıq səyahətə çıxdım, Tailanda, Hindistana, Nepala və digər ölkələrə səfər etdim. Baş verənlərin məni daha da gücləndirdiyini anlamaq xeyli zamanımı aldı. Düzünü desəm, insanlığa inamımı itirmirəm. Düşünürəm ki, insanın ümidini itirməsi onun məğlubiyyətidir. Bilmirəm necə olacaq, bu məndən asılı deyil, amma siz məhz mənim fikrimi soruşursunuzsa, mən sülhə inanıram”.
Tamir sosial mediada İsrail haqqında yazılanların ona pis təsir etdiyini də əlavə etdi. “Sosial mediada bizim qatil kimi, soyqırımı törədənlər kimi təqdim edilməyimiz məni çox ağrıdır, ilk hücuma məruz qalan biz olmuşuq. Etiraf edim ki, bu cür təsvir olunmaq çox pisdir. Jurnalist olaraq sizi incitmək istəməzdim (və bu anda gülümsünür) amma televizora da baxmamağa çalışıram. Əzabın da, nifrətin də fərqindəyəm və bunun mənə təkrar - təkrar xatırladılmasın istəmirəm. Mən hələ də yaxşı gələcəyə inanıram, hadisələr nə zamansa ona doğru gedəcək. Çoxları bizə nifrət edir, bu, dəhşətlidir. Tarix boyu təəssüf ki, bu münasibəti görmüşük amma mənim tövsiyəm odur ki, siz sevginizi yayın, sonda sevgi, mərhəmət qalib gələcək”.
İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı biz həmişə siyasətçilərdən, diplomatlardan eşidirik. Mənə bu münaqişənin ağır nəticəsinə məruz qalan gəncin fikri daha maraqlı idi. Çünki siyasətçilərin nə qədər populist çıxışları olsa da, münaqişələrdən əzab çəkən sadə vətəndaşlardır, müharibəyə cəlb olunan gənclərdir. Tamir münaqişənin həll yolu ilə bağlı sualı cavablandırarkən sanki bir az tərəddüd edir, cavab verməyə çətinlik çəkirdi.
“.... Bilirsiniz, mənim yanaşmam bir məna kəsb etmir. Həll tədricən gəlməlidir, hesab edirəm ki, bizim ehtiyacımız olan şey.... bilmirəm, bu barədə danışılmır. Hamı müharibədən danışır, heç kim icmaların necə inteqrasiya edəcəyi, birgə yaşayacağı barədə danışmır. Ən xırda şeylər üstündə icmalar, xalqlar arasında gərginlik yaranır. Biz icmaları bir araya gətirməli, bir-birimizi tanımağa şans verməliyik. Bilmirəm, bu necə mümkün ola bilər, amma inteqrasiya vacibdir, çünki bizlər bir-birimizin hekayələrini bilmirik. Hamı başqalarının dedikləri əsasında fikir formalaşdırır. Düşünürəm ki, biz hamımız bu münaqişəni, itkiləri istəmirik. Bu münaqişədən hamı əzab çəkir və əzab vermək hər tərəf üçün daha çox əzab gətirir və gətirəcək. Biz hamımız burada yaşayırıq, heç kim ölüm görmək, öldürülmək istəmir, heç kim müharibə istəmir”.
Fələstin dövlətinin tanınması barədə suala isə o cavab verə bilməyəcəyini dedi. “Mən münaqişə ilə bağlı həmişə sülhün əldə olunmasını düşünmüşəm. Etiraf edim ki, sizin dediyiniz məsələ barədə düşünməmişəm".
Çoxlarının yanaşmasının onunkundan tamamilə fərqli olduğunu deyən Tamir bunun həmin insanların itkilərlə üzləşməsi ilə əlaqələndirdi:
“Bəlkə bir gün onlar da dəyişəcək. İndi hər kəs öz ağrıları ilə mübarizə aparır. Mən bu dəhşətli hadisədən güc tapdım, lakin bir çoxları hələ də bu travmanın təsiri altındadır".
7 oktyabrla bağlı hamını düşündürən əsas suallardan biri də niyə təhlükəsizlik qüvvələrinin gec müdaxiləsi və hücumdan xəbərsiz olmasıdır. Tamir bildirdi ki, hücum anında o düşünüb ki, ordu vəziyyətə dərhal müdaxilə edəcək:
“Hadisə baş verir və siz düşünürsünüz ki, dünyanın ən güclü ordularından birinə sahibsiz və yəqin ki, 15 dəqiqə içərisində hərbi qüvvələr vəziyyətə müdaxilə edəcək. Saatlar keçir, axşam olur amma ordudan heç bir xəbər yoxdur”. Ordunun vəziyyətə gec müdaxiləsinin səbəbi ilə bağlı suala onun cavabı yox idi: “Mən həmin vaxt nə baş verdiyini bilmirəm".
Söhbət üçün ona təşəkkür etdim. Aydındır ki, həmin gün yaşadıqlarını bir daha xatırlamaq onun üçün ağır idi.
Tarixin ən qanlı konsert hücumu – “Nova” musiqi festivalının məkanına ziyarət
Səfərimin növbəti günü Tel-Əvivdən Nova Musiqi Festivalının keçirildiyi əraziyə getdim. Tel-Əvivdən bura təxminən 2 saatdır.
Festivalın keçirildiyi meydançadakı dirəklərdə qətl edilən gənclərin fotoları asılıb. Doğum tarixlərinə baxıram, çoxu məndən yaşca balacadır... Meydanın qarşı tərəfində isə hər bir qurbanın adına ağac əkilib.
Ərazidə məni tur bələdçisi Amit Musai müşayiət edirdi. O da Nova Musiqi Festivalında törədilən qırğından sağ çıxanlardan biridir.
Amit elektronik musiqi janrını sevdiyi üçün festivala getdiyini dedi: “Bu musiqi 1990-cı illərdən İsraildə populyarlaşıb. Mən onda uşaq idim və buna qulaq asırdım, elə o vaxtdan bu musiqi janrını sevirəm. Gənclik illərimdə bu musiqinin səsləndirildiyi bütün festivallara qatılmağa çalışırdım. Harada bu musiqi və DJ setləri vardı mən orada idim (gülümsünür)”.
Amit oktyabrın 6-dan 7-nə keçən gecə iki dostu ilə festival məkanına gəlib.
Söhbətimizi Musiqi Festivalının keçirilmiş olduğu ərazidə edirdik. Ətrafda hərəkətlilik vardı, həm ziyarət edənlər, həm də İsrail hərbçiləri gözə dəyirdi. İl dönümü ilə bağlı keçiriləcək anım mərasiminə hazırlıq gedirdi.
Birdən partlayış səsi gəldi. Səksəndim. Amit öz hekayəsinə ara verib hər hansı raket təhlükəsi olarsa, necə davranmaq barədə məlumat verməyə başladı. Münaqişə ölkəsinin vətəndaşı olmaq belə hallara hazırlıqlı olmaq deməkdir. Haşiyədən kənara çıxaraq deyim ki, mən də 30 il münaqişə ölkəsinin vətəndaşı olsam da, belə hallarda necə davranacağımı bilmirdim.
Amit ətrafdakı bomba sığınacaqlarını göstərərək, “Yaxınlıqdakı bu beton otaqlar bomba sığınacaqlarıdır, onlar dözümlüdür, raket atılarsa, 15 saniyə ərzində qaçıb ora girməlisiniz”. Ətrafda 3 belə sığınacaq gözə dəyirdi. Amma ötən il bu sığınacaqlar burda olmayıb:
“Əgər girə bilməsəniz və ya ətrafda sığınacaq olmasa onda yerə uzanaraq əllərinizlə başınızı qoruyun. Bunun məqsədi odur ki, hər hansı raket yaxınlığınıza düşərsə, onun hissəcikləri sizi zədələməsin. Təbii ki, bu sizi xilas etmir, ən təhlükəsiz variant özünüzü sığınacağa çatdırmağınızdır. Amma yerə uzanmaq ən azı başınızı raket hissəciklərindən qoruyacaq”.
O, zarafatından da qalmadı: “Bütün orqanlar vacibdir, amma ən əsası başdır, onsuz biz heçik”.
O, bu davranışların regionda yaşayanlar üçün vərdişə çevrildiyini əlavə etdi. “Nəzərə alaq ki, biz Qəzzadan sadəcə 5 kilometr məsafədəyik və orada hakimiyyətdə HƏMAS-dır. HƏMAS sərhəddən minimum 10 kilometr məsafəyə qədər uça bilən raketlər atır. Baxmayaraq ki, bu illər ərzində İsrail bu hücumlara cavab olaraq qisas əməliyyatları keçirib, amma HƏMAS-ın artilleriya atəşi dayanmayıb. Bizim şəhərlərdən kənarda açıq sahələrdə “Dəmir Qübbəmiz” var və bu, İsrail istiqamətində atılan raketlərin çoxunu göydə məhv edir. “Dəmir Qübbə” 2012-ci ildən aktivdir amma HƏMAS-ın artilleriya hücumları daha əvvəl də olub”.
Səksəndiyimiz partlayışla bağlı Amit bizi sakitləşdirərək bildirdi ki, yaxınlıqda İsrailin hərbi bazası var, yəqin ki, bu səs oradan gəlir.
Raket hücumu zamanı necə davranmalı olduğumuzu izah etdikdə sonra Amit Nova Festivalı ilə bağlı detallar barədə danışmağa davam etdi. O, festivala 3500 biletin satıldığını və ora gələnlərin orta yaşının 33 olduğunu əlavə etdi: “Həmin gün buradakı təhlükəsizlik xidməti heyəti, Nova Production komandası və digər xidmətlərin işçiləri ilə birgə 4300-dən çox adam vardı”.
Daha sonra o, xəritəni açaraq harada olduğumuzu, tədbir məkanının relyefini izah etməyə başladı.
“Dostlarım Oşer və Alon ilə saat 02:00-da bura çatdıq”.
Amitin sözlərinə görə, oktyabrın 7-i səhər saatlarında onun digər dostları Adir, Şiraz (ər -arvad idilər) və Selin də festivala qoşulacaqmış:
“Mən Adirə zəng edəndə o, 20 dəqiqəyə burada olacaqlarını və yemək üçün yoldan nəsə almağa ehtiyac olub-olmadığını soruşdu, ona dedim ki, hər şey var. Adir və Şiraz dostlarımız arasında ən qayğıkeş cütlük idi, onlar həmişə hazırlıqlı idi. Telefon danışığını bitirib rəqs meydançasına qayıdanda qəflətən partlayış eşitdim. Ağlıma ilk gələn sual bu oldu: “Bunlar dəlidirlər, elektron musiqi festivalında niyə fişəng partladırlar, kimə lazımdır”?! Bu güclü səsin haradan gəldiyini tapmaq üçün səmaya baxdım. Başımın üzərində balaca gümüşü rəngdə bulud topası vardı, tanış mənzərə idi. 2012-ci ildən bəri HƏMAS-ın zaman-zaman artilleriya atəşi altında olan biri kimi mən “Dəmir Qübbə”nin raketi zərərsizləşdirdiyini anladım, artilleriya atəşi altında idik. Dərhal musiqini dayandırdılar. Hər kəs “Qəzza, Qəzza”- deyə qışqırmağa başladı”.
Həmin vaxt təhlükəsizlik işçiləri hamının ərazidən uzaqlaşması barədə xəbərdarlıq edib. Amit və Alon dərhal rəqs meydançasını tərk edib. Amit hansı istiqamətdə qaçmağa başladıqlarını göstərərək:
“Biz içki və yeməklərin olduğu tərəfə qaçmağa başladıq. Həmin vaxt burada bomba sığınacağı yox idi. Çünki bura meşədir. Sadəcə bir günlük festival üçün qurulma çadırlar və s. gətirilmişdi”.
Həmin vəziyyətə festival iştirakçılarının reaksiyaları da fərqli olub.
“Bəzi adamlar çox qorxmuşdu, bəziləri sakit idi, telefonla danışırdı, bəziləri gülürdü. Mən düşünürdüm ki, bu Qəzzadan atılıbsa, yəqin ki, bura hədəf alınmayıb. Meşəyə niyə raket atılsın? Onlar adətən mülkilərin yaşadığı ərazilərə Sderota, Kibbutza raket atırlar, hətta bəzən Təl Əvivə də”.
Amit və Alon əvvəlcə ərzaq maşınlarının yanında gizləniblər:
“Düşünürdük ki, əgər raket olduğumuz əraziyə düşərsə, bu maşınlar bizi hissəciklərdən qoruya bilər”.
O, ərzaq maşınlarının 7 oktyabrda dayandığı ərazini göstərdi. Orada ekskavator işləyirdi, 7 oktyabr ildönümü ilə bağlı mərasim üçün hazırlıqlar başlamışdı. Hazırlıq prosesinə işarə edən Amit "məndən soruşsanız, bütün bunlar yaxşıdırmı, mən “yox” deyərdim. Bura olduğu kimi qalmalıdır”. O hadisəni nəql etməyə davam etdi:
“Mən ərzaq maşınlarının arxasından çıxmağa qərar verdim, artıq burda dayanıb gözləmək təhlükəli idi. Ərazi xaotik idi, hamı təhlükəsiz hesab etdiyi istiqamətdə qaçırdı. Dostlarım ağacın altında oturub gözləməyi təklif edirdi. Oturub gözləmək yaxşı fikir deyildi, raketlər atılmağa davam edirdi. Dostlarımı avtomobillə oranı tərk etməyə inandırdım. Biz ləvazimatlarımızı arxada qoyub oranı tərk etdik”.
Amit həmin ərəfədə dostu Adirə də zəng edib. “Mən onunla danışanda saat təxminən 06:20 idi və o, demişdi ki, 20 dəqiqəyə festival ərazisinə çatırlar, bu zəngdən 20-25 dəqiqə sonra raketlər atılmağa başlamışdı. Düşünürdüm ki, yəqin Adir ətrafdadır, 20 dəqiqə artıq keçib. O yaxşı olduqlarını, yol qırağındakı bomba sığınacağında olduqlarını dedi. Bu məni bir az sakitləşdirdi. Əmin olmaq üçün təkrar soruşdum. “Adir, həqiqətən təhlükəsizlikdəsənmi?.Bu zaman arxa fonda Adirin yoldaşı, dostum Şirazın səsini eşitdim. “İmale, imale” (“ana, ana”) deyə qışqırırdı və səsi telefonda “exo” verirdi. Bu o demək idi ki, onlar bomba sığınacağındadırklar. “Adir, Şirazı sakitləşdir, özünüzdən muğayət olun. Sağolun”, - deyib zəngi sonlandırdım.
Bu ərazidə yollar tıxac idi, hamı eyni anda maşını ilə xilas olmağa çalışırdı. Mən fərqli yol seçdim, maşını əsas yolla deyil, çöllük ərazi ilə sürməyə başladım. Biz yanacaqdoldurma məntəqəsinin yanındakı restorana girdik. İçəridə çox sayda adam vardı-həm restoranın işçiləri, həm də velosipedçilərdən ibarət bir qrup. Onlar məşq üçün yola çıxsalar da, terror hücumundan qorunmaq üçün özlərini bura çatdırmışdılar”.
Amit və iki dostu təxminən 2 saat burada gizləniblər. Ara sakitləşəndən sonra Amit çöldə dayanan avtomobildən yaşıl uniformalı adamların düşdüyünü görüb. “Onlar IDF-də (İsrail Müdafiə Qüvvələri) xidmət edən bədəvi ərəbləri idi. Anladım ki, onlar da haradansa qaçıb xilas olmuşdular, çünki üstlərində silahlar yox idi və bir hərbçi yaralı idi. Yəqin ki, bazalarına hücum olmuşdu”.
Həmin hərbçilər Amitgilə təhlükəli olduğu üçün oranı tərk etməyi məsləhət görüb. O, əsgərlərin tövsiyəsindən sonra Kibbutz Tseilinə gedib: “Bura daha təhlükəsiz idi, çünki yaxınlıqda İsrail hərbi qüvvələrinin ən böyük hərbi bazalarından biri vardı. Saatlar keçdikcə HƏMAS-ın raket hücumları səngiyirdi, çünki onlar artıq ərazilərə daxil olmuşdular”.
Amit həmin gün qızlarının onun üçün çox narahat olduğunu dedi. “Böyük qızım 15 dəqiqədən bir zəng edib necə olduğumu soruşurdu, kiçik qızlarımın terror hücumundan xəbəri yox idi. Onlar sadəcə raket atəşini bilirdilər. Qızlarıma yalan danışırdım ki, narahat olmasınlar, sadəcə polis mənə gəlməyə icazə vermir və s. Təxminən saat 15:00-da Kibbutz Tseilimi tərk etdik”.
Amit dedi ki, Selinin həyat yoldaşı hücumun axşamı sosial şəbəkədə Adirin maşınının fotosunu görüb: “Dostum Adirin maşını Kibbutz Mefalsimdə tapıldı. Maşının arxasında isə motosiklet vardı, bu terrorçuların mindiyi motosiklet idi. Adirin maşını zədələnsə də, avtomobildə qan izi yox idi. Onlar zəng edəndə mənə bomba sığınacağında olduqlarını demişdilər, amma telefonları cavab vermirdi. Onların girov götürüldüyünü düşünürdük".
Növbəti gün Adirin qardaşı sosial mediada Mefalsim yaxınlığındakı bomba sığınacağından sağ çıxan şəxs barədə oxuyub. Həmin sığınacaqdan sağ qurtulan 23 yaşlı Raz Peri Nova Musiqi Festivalına qatılmaq üçün gedərkən raket hücumlarından qorunmaq məqsədilə bomba sığınacağına giribmiş. Raz Adirin ailə üzvlərinə deyib ki, onunla sığınacaqda bir qadın (Selin), evli bir cütlük (Adir və Şiraz) və 50 yaşlarında bir kişi olub.
Razın dediyinə görə terrorçular bomba sığınacağına əl qumbarası atıblar. Bu zaman içəridəki 50 yaşlı kişi və Şiraz dərhal ölüb, Selin və Raz yaralanıb. Adir içəridəki tüstüdən nəfəs ala bilmədiyi üçün sığınacaqdan çölə çıxıb və orada güllələnərək öldürülüb. Raz yaralansa da, terrorçular uzaqlaşandan sonra bomba sığıncağından çıxaraq təhlükəsiz yerə gedib. O deyir ki, sonuncu xatırladığı şey gözünü xəstəxanada açmasıdır.
Ən yaxın dostlarının qətlinin onu çox sarsıtdığını deyən Amit kövrəlmişdi:
“Mən qızlarımdan gizlin çölə çıxıb saatlarla ağlayırdım”.
Adirlə dostluğunun 14 yaşından başladığını deyən Amit bütün çətinliklərini onunla bölüşdüyünü, hər zaman ondan məsləhət aldığını bildirdi. “Onlar mənim qaçıb sığındığım, ən ağıllı məsləhətlər aldığım insanlar idi. Adir qətl edilməzdən bir ay əvvəl onun 40 yaşı tamam olmuşdu. Şirazın 38 yaşı vardı. 12 il idi ki evli idilər. Selin Şirazın yaxın dostu idi, onlar hüquq firmasında birgə işləyirdilər. Şiraz sayəsində biz Selinlə tanış olmuşduq. O, bir müddət əvvəl işlədiyi firmada çalışan vəkillə evlənmişdi. Selinin 32 yaşı vardı. Selin bu partiyə analıq məzuniyyətinin bitməsini qeyd etmək üçün gəlirdi. Onun Eli adında 6 aylıq qızı vardı. Artıq Eli bir yaş yarımlıqdır və ona atası İdo baxır. O, öz qızının yanında olmaq üçün işdən çıxıb. Onun maliyyə durumunun indi necə olduğunu bilmirəm”.
O əlavə etdi ki, Selin Fransadan İsrailə köçübmüş:
“Adir mənim həyatımda xüsusi yeri olan insan olub, biz çox şey paylaşmışdıq. Birgə səyahət etmişdik, çox zaman keçirmişdik. O, həm də mənim qonşum idi, çox qabiliyyətli idi, evdə yardıma ehtiyacım olanda onun yanına gedirdim. Evimdəki qırılan hər şeyi o düzəldib, o rəngləyib. Şiraz hüquq firmasında işləməklə yanaşı, əsas hobbisi su terapiyası idi, çox insana kömək etmişdi”.
Daha sonra o, Adir, Şiraz, onların uşaqları və özünün ailəsi ilə birgə şəkili göstərdi. Fotoda hər kəs gülürdü, hər kəs xoşbəxt idi:
Olduğumuz ərazidə ikinci dəfə partlayış səsi gəldi. Yenə səksəndim.
Amit: “Mən sizə dedim, əgər üçüncü dəfə yenə qorxsanız, mənə dondurma alacaqsınız” (gülümsünür).
Sözünə davam edən Amit: “Mən dostlarımın xarakterini bircə cümlə ilə ifadə edə bilərəm. Onlar sülhsevər, getdikləri yerə sülh gətirən, problemlərin dostluq ilə həllini təşviq edən insanlar idi. Bu hücumda mən ən yaxın dostlarımı, dünya belə dəyərli insanları itirdi. Ən əsası isə dörd körpə öz valideynlərini itirdi”,- deyə sözünü tamamladı.
Qeyd edim ki, bu musiqi festivalına hücumda 364 nəfər qətlə yetirilmiş, 40 nəfər girov götürülmüşdü.
Söhbəti yekunlaşdırdıqdan sonra hücuma məruz qalmış yol kənarınındakı bomba sığınacaqlarına baxmaq üçün yola düşdük. Olduğumuz məkandan ora maşınla təxminən 15 dəqiqəlik məsafə vardı, ancaq yolda Amit təcili işi çıxdığını deyib bizimlə sağollaşdı. Onun bizimlə getməməsinin səbəbi başqa idi, çünki getdiyimiz bomba sığınacaqlarından birində onun dostları öldürülmüşdü.
İsraildə demək olar ki, bütün evlərdə "təhlükəsiz otaq" var, bu otaq bomba sığınacağı funksiyasını yerinə yetirir, raketlər atılanda mülki əhali bura sığınır. Otağın divarları daha qalın betondur və qapısı da normal qapılardan fərqli olaraq metaldan hazırlanır. Evlərlə yanaşı, ictimai yerlərdə də - xəstəxanalarda, məktəblərdə, universitetlərdə, avtobus dayanacaqlarının yaxınlığında belə sığınacaqlar var. Sığınacaqlara özünü çatdırma vaxtı da şəhərdən-şəhərə dəyişir, məsələn öyrəndim ki, İsrailin cənub hissəsində Qəzza ilə sərhəd ərazilərdə bu müddət 15 saniyədir, Tel-Əvivdə 90 saniyədir.
Amma 7 oktyabrda bu bomba sığınacaqları ölüm tələsi olub. HƏMAS-ın hücum etdiyi ərazilərdə raket atılarkən qaçıb bu sığınacaqlara girənlər, buradaca güllələnib. Baş çəkdiyim iki belə bomba sığınacağı avtobus dayanacaqlarının yanında idi və məlumat verildi ki, hücum zamanı bu sığınacaqlarda gizlənən xeyli adam öldürülüb.
Ardı var...
Zümrüd Paşkin,
İsrail, Tel-Əviv,
Fotolar müəllifindir,
Musavat.com