“Həm öz arzularını gerçəkləşdirərlər, həm dövlətin işi yüngülləşər”

Köç prosesində hansı prinsiplər nəzərə alınmalıdır?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin məşğulluq imkanlarının təmin olunması üçün əlavə tədbirlər planı hazırlanır.  Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı tədbirdə məlumat verilib. Tədbirdə Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər planı müzakirə edilib.

Əlavə tədbirlər planı ilə yanaşı, sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi ilə bağlı məsələlərə də toxunulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.

Məlumata görə, azad olunan ərazilərdə əlavə tədbirlərin icrası həmin ərazilərdə məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək. Tədbirdə həmçinin özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilib.

Böyük Qayıdış çərçivəsində qədim Azərbaycan şəhəri Xocalıda da məskunlaşdırma qismən həyata keçirilib, Xankəndi şəhərində də bu proses davam etdiriləcək, keçmiş məcburi köçkünlər öz evlərinə dönəcəklər.

Əslində köç prosesində hansı prinsiplər nəzərə alınmalıdır? Hər sakin Qarabağın arzuladığı bölgəsinə köç edə bilərmi?

 

Akif Nağı namizəd olmaq üçün 500 imza topladı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qarabağa qayıdış böyük və ağır bir prosesdir. Onun sözlərinə görə, burada əsas prinsip kimi dövlət və xalq birlikdə hərəkət etməlidir: “Dövlət öz işini görməlidir - böyük bir ərazidir, infrastruktur qurulmalıdır, bərpa və yenidənqurma işləri getməlidir. Bu işlər dövlətin üzərindədir. Bəzi xarici dövlətlər və təşkilatlar da  buna dəstək verirlər. Amma əsas yük Azərbaycan dövlətinin üzərində olmalıdır. Böyük miqyasda işlər aparılmalıdır. Oradakı bərpa işləri, evlərin tikilməsində əhalinin, geri qayıdan insanların əməyindən, imkanlarından istifadə olunmalıdır. Binalar, böyük müəssisələr dövlət tərəfindən tikilir. Bununla paralel, insanlara da şərait yaradılmalıdır ki, öz evlərini tiksinlər. Xüsusilə də insanlara həyət evlərinin tikilməsinə şərait yaradılmalıdır. Həm insanlar öz arzularını həyata keçirər, həm dövlətin işini yüngülləşdirər, həm də prosesi tezləşdirər”.

A.Nağı hesab edir ki, əgər bu qədər evin tikilməsi, insanların ora köçürülməsi, sadəcə, dövlətin üzərində qalarsa, bu, işin sürətinə mənfi təsir göstərəcək: “Təbiidir ki, müəyyən qaydalar gözlənilməklə, həmin ərazinin planına uyğun olaraq bu fərdi evlərin tikintisi həyata keçirilə bilər. Çünki küçələrin uzunluğu, ərazinin baş planı burada əsas götürülməlidir. Dövlətin planına uyğun olaraq işlər getməlidir. Pərakəndə və şəxsi zövq əsasında tikinti işləri həyata keçirilə bilməz”.

A.Nağının sözlərinə görə, ikinci vacib məqam Qarabağda iş yerlərinin açılmasıdır. Müsahibimiz deyir ki, partiya olaraq işğaldan azad edilmiş ərazilərdə olublar, əksər rayonlara gedib, insanlarla danışıblar: “İnsanlarımız onlara yaradılan şəraitdən, ev-eşikdən, doğma torpaqlara qayıtmaqdan razıdır. Kommunal şərtlər də qaydasındadır. Çatmayan yeganə şey iş yerlərinin olmamasıdır. Ona görə də hesab edirəm ki, böyük qayıdış prosesi paralel olaraq iş yerlərinin açılması ilə də müşayiət olunmalıdır. İnsanlar ora qayıdarkən iş yerləri ilə təmin olunmalıdır ki, əlavə iş yerləri axtarmasınlar, maddi qayğıları olmasın. Ən vacib məsələ həm də budur”.

Ceyhun Məmmədov: “Vətəndaşlar seçkilərdə iştirakın əhəmiyyəti haqda  maarifləndirilir”

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu gün ölkədə böyük qayıdışla bağlı ciddi işlər görülür və Prezident ilham Əliyev özü buna nəzarət edir: “Planlaşdırdığımızdan da daha qısa müddətə insanlarımızın ora köçürülməsinin şahidi olduq. Bu, Azərbaycanın güc-qüvvətinin göstəricisidir. 3-4 il sonra artıq böyük qayıdış baş verib. Cəbrayılda, Şuşada, Zəngilanda, ayrı-ayrı yerlədə köç həyata keçirilir. Ən sürətli formada proses reallaşdırılır. Amma bu işdə dövlətlə yanaşı, özəl sektorun da iştirakı önəmlidir. Bu gün iş adamları, şirkətlər o ərazidə bərpa-quruculuq işlərində iştirak etmək istəyir. Dövlətin işi kifayət qədər ağırdır, çoxdur. İş bölgüsünün aparılmasına ehtiyac var. Bəzi bölgələrdə bu iş həyata keçirilir. Amma bunun daha da genişləndirilməsinə ehtiyac var”.

Millət vəkilinin sözlərinə görə, prosesin sürətləndirilməsi üçün işğaldan azad edilmiş yerlərdə yeni iş yerlərinin açılması mütləqdir. C.Məmmədov hesab edir ki, biz qısa müddətdə böyük qayıdışı təmin edə bilərik: “Bu gün proseslər çox sürətlə həyata keçirilir. Lazmi bütün addımlar dövlət tərəfindən atılır. İnsanlarımızın qısa müddətdə ora qaytarılması üçün bütün şərait və imkanlar yaradılıb. Biz bu işləri də başlatdığımız kimi, sürəti azaltmadan davam etməliyik. Bu işlərdə öz töhfəmizi proseslərə verəcəyik. Atmalı olduğumuz addımları atırıq”.

Yazını hazırladı: Sevinc TELMANQIZI

23.10.2024 09:13
558