Azərbaycanda boşanmaların sayı kimi, alimentdən yayınanların da sayı artır. Son bir il ərzində bu öhdəlik üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsi ilə bağlı statistika da bunu sübut edir. Belə ki, ötən il aliment ödəməkdən yayınan 11 217 nəfər borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Onlardan 6661 nəfərin yeri müəyyən olunub. 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb.
Rəsmi rəqəmlər həm də onu göstərir ki, ötən il bu öhdəliklə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.
Xatırladaq ki, 2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği 220 manatdan 235 manata qaldırılıb. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
Alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Belə ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Ailə Məcəlləsinin 64.0.2-ci maddəsində bu məsələ öz əksini tapıb.
Beləliklə, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Lakin ölkədə aliment ödəməkdən yayınanların sayı durmadan artır.
Bəs çıxış yolu nədir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
Əsabəli Mustafayev
“Məlum olduğu kimi hazırda ölkədə xəbərdarlıqlar edilməsinə baxmayaraq yenə də alimentdən yayınma ilə bağlı hallar olduqda cinayət işi açılır, şəxs məsuliyyətə cəlb olunur. Lakin tutaq ki, şəxs cinayət məsuliyyətinə cəlb olundu, həbsxanaya düşdü, bu, uşağın təminatını yaxşılaşdırmır. Aydındır ki, şəxs azadlıqda olanda alimenti ödəmirdisə, həbsxanada olanda ümumiyyətlə ödəyə bilmir.
Hesab edirəm ki, çıxış yolu Aliment Fondunu yaratmaqdır. Bu cür fondlar artıq dünyanın bir çox ölkələrində var. Azərbaycanda da bu barədə söhbət çoxdan gedir. Hətta iki il əvvəl parlamentdə ombusdman da bu barədə təklif vermişdi. Lakin hələ ki, heç bir irəliləyiş yoxdur. Bu da onunla nəticələnir ki, boşanmış, tənha qalan qadın övladının təminatlarını ödəyə bilmir. Hətta qadın işləsə də, buna gücü çatmır. Çünki bilirik ki, ölkədə qadınların aldığı maaş 300-400 manat olur ki, bu pulla da özünü, yoxsa övladını saxlasın? Həm də bilirik ki, boşanandan sonra əksər qadınlar evsiz qalırlar. Yəni, ata evlərinə qayıda bilmirlər, ər evi də daha çox qayınatanın, qaynananın evi olur, orada qala bilmir, heç bir hüququ olmur. Beləliklə də məcburən kirayədə qalmalı olur. Praktika da onu göstərir ki, insan alverinin qurbanları, fahişəliklə məşğul olanlar, cinayətkarların toruna düşən qadınlar əsasən bu cür çıxılmaz vəziyyətdə qalan, övladını tənha böyüdən qadınlardır. Ona görə də hökumət mütləq şəkildə tədbirlər görməli, xüsusilə övladlarını tənha böyüdən qadınların sosial təminatını yaxşılaşdırmalıdır. Həmçinin onların işlə təmin edilməsi, maaşının kifayət qədər olması məsələsi daim diqqətdə olmalıdır.
Sovet dövründə övladlarını tənha böyüdən qadınlara xüsusi müavinətlər verilirdi. Həmçinin mənzil növbəsində, işə qəbulda onlara üstünlük verilir.
Bir daha qeyd edirəm, Aliment Fondu mütləq olmalıdır. Bu olmazsa, problem heç zaman öz həllini tapa bilməyəcək. Dövlət bu məsələdə səyini artırmalıdır. Uşaqlar bizim gələcəyimizdir. Artıq bir neçə ildir ki, məktəblərdə yeniyetmələr arasında neqativ halların, bıçaqlanmaların, qətllərin sayının artdığını görürük. Həmçinin yeniyetmələrin əksəriyyəti özünü kobud, xuliqan kimi aparır. Araşdırsa görərik ki, böyük əksəriyyəti təminatsız ailələrin, tənha anaların övladlarıdır. Ana məcburdur ki, kifayət qədər işləsin ki, təminatlarını ödəyə bilsin, bu zaman övladlarının tərbiyəsi ilə yaxından məşğul ola bilmir. Bu cür uşaqlar həm təhsildən, həm də mədəni inkişafdan geri qalırlar, bu da dövlətimiz, cəmiyyətimiz üçün gələcəkdə böyük problemlər yarada bilər. Ona görə də dövlət qurumları bu barədə ciddi düşünməlidirlər".
Xatırladaq ki, Aliment Fondunun mahiyyəti bundan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür, bu dövləti tələb kimi həyata keçirilir.
Dünya praktikasında isə bir sıra ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bunun üçün bir çox ölkələrdə Aliment Fondu yaradılıb.
Hazırladı: Xalidə GƏRAY