Hərbi ekspertdən Həccə gedəcək pulları YAŞAT Fonduna köçürmək təklifi
Həcc ziyarəti üçün müəyyənləşən qiymətlər bu il də müzakirələrə səbəb olub. Əsasən də sosial şəbəkələrdə insanlar “pulu Həcc ziyarətinə xərcləməkdənsə, ehtiyacı olanlara ödəmək daha savab iş olar”, - deyə narazılıq edirlər. Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, 10 min manata başa gələn Həcc ziyarəti yalnız imkanlı şəxslər üçün əlçatandır: “Təklif edirəm ki, ölkəmizdə bu ziyarətə gedənlər xərcləyəcəkləri vəsaitlərin bir hissəsini, yaxud da kim istəyərsə daha çoxunu YAŞAT Fonduna köçürsünlər. Hacı adına namizədlər xalqa nümunə göstərmək üçün fəaliyyətə başlasınlar. Tanınmış din xadimləri bu prosesə şəxsi nümunələri ilə dəstək versinlər. Ziyarətgahlardakı nəzir qutulara nəzarət də YAŞAT Fonduna verilsin. Vətəndaş da nəzir qutusuna atacağı vəsaiti bundan sonra fonda köçürsün. Biz də bu prosesi maddi və mənəvi cəhətdən dəstəkləyək. Mənim şəxsən ziyarətə getmək niyyətim yoxdur, amma YAŞAT Fondunun imkanlarını genişləndirmək hamımızın borcudur. YAŞAT Fondunu qalib xalqımızın, qalib Əsgərimizin yardım simvolu kimi dünyaya tanıdaq. Eyni daşları pulla alıb eyni şeytana atanlar onsuz da çoxdur. Biz heç olmasa daşlara verdiyimiz vəsaiti şəhid övladlarının təhsilinə, əlillərin ehtiyaclarına xərcləyək. Bu, Allaha da xoş gedər, bəndəyə də”.
Bəs görəsən, hərbi ekspertin dediklərini ilahiyyatçılar necə qarşılayır?
Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Vüsal Cahangiri qeyd edib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Fərid Abdullah
Məsələ ilə ilahiyyatçı Fərid Abdullah “Yeni Müsavat”a fikirlərini açıqladı: “Hər il Həcc mövsümü öncəsi bu məsələ gündəmə gəlir, o qədər pulu verərkən kasıba əl tutsunlar, filan yerlərə ödəsinlər. Necə ki, Qurban bayramı öncəsi də görürük ki, heyvanlar qətlə yetirilməsin - şüarı səsləndirənlər var. Necə ki, Ramazan ayı öncəsi: "Oruc tutmaq cana zərərlidir" - deyənlər də ortaya çıxır. Belə fikirlərin nə qədər səmimi olduğunu Allah bilir. Çox vaxt belə fikirlərin altından islamofobiya çıxır. Əgər 10-15 dəqiqə belə iddialar edənlərlə danışanı: din cahillikdir, boş şeydir - fikrini görəcəksiniz. Yəni bu iddiaların altında İslama, ya da xüsusilə hansısa millətə nifrət yatır. Dünyanın müxtəlif ölkələrini səyahət edənlər, milyonluq maşın və evlər alanlar barədə belə tənqid eşidə bilməzsən. Dəyəri dəyərlə vurmaq yanlış işdir. Həcc - buna maddi və fiziki imkanı çatan kəs üçün vacibdir. Kasıba, fəqirə əl tutmaq isə ayrı bir hökmdür. Bir dəstə adam çıxmışdı ki, namaz qılmayan oruc tuta bilməz deyirdi. Halbuki bu ikisi ayrı-ayrılıqda fərz əməllərdir. Baxın, nə üçün demirlər ki, Həccə getmək istəyən kəslər, oraya 10 min manata yaxın pul verirsinizsə, filan yerdə də min manat verin. Niyə məhz deyirlər ki, xeyr, o pulu ora vermə. Gətir filan yerə ver. Halbuki obyektiv yanaşma bunu tələb edir ki, sən xeyriyyəyə dəvət edəsən. Belə deyilmi? Yenə də deyim ki, nifrət, fobiya, cahillik hesab etmə və s".
İlahiyyatçı əlavə edib ki, hər kəsin azad seçimi var və malından istifadə hüququ var: “Kim istəyir Fransaya gedir, kim istəyir Həccə gedir. Bir fərq var ki, Həccə gedən bunu vacib əməl, dinin buyruğu kimi əməl edir. Bundan kimə nə?! İkincisi, ola bilər ki, kimlərsə görmür, şəxsən mən hər gün neçə-neçə inanclı kəslərin müxtəlif yardım və xeyriyyə aksiyaları keçirdiklərini görürəm. Hər il qanvermə aksiyaları, Ramazan aylarında dini inanclarından asılı olmayaraq, kasıb ailələrə, şəhid ailələrinə və sair yerlərə azuqə təminatı aparılır. Niyə indiyə qədər bunu qabartmaq istəmir tənqidçilər? Bəs bunları görmürlərmi? Yəni belə tənqidlər zatən, lap optimist düşünsək belə, tövsiyə xarakterli ola bilər. Hər il müxtəlif adlar altında özünü qabardır. Lakin zatən Həcc mövsümü də davam edib və edəcək, xeyriyyə işləri də davam edib, edəcək. Şəhid və qazi ailələrinə diqqət və qayğı da davam edib edəcək. Bunlar fərqli dəyərlərdir. Əsla bir-birinə zidd qoyulub, manipulyasiya edilməməlidir”.
Kənan Rövşənoğlu
Dini mövzularda ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı fikrini bildirib: “QMİ Həcc ziyarətinin qiymətini elan edib, yenə "Facebook"a hay düşüb. Hamı zəvvarların pulunu hesablayır. Başqasının pulunu hara xərcləməklə bağlı haqq-hesab aparırlar. Uzun illər Həcc ziyarətinin qiymətinin baha olması barədə yazan biri olaraq yenə də o fikirdəyəm ki, qiymətləri nisbətən ucuz etmək olar və lazımdır. Amma bu o demək deyil ki, yerindən qalxan camaatın şəxsi seçimi və inanc azadlığına burnunu soxa bilər. Əvvəla, bu dini ziyarətdir, yəni ibadətdir, hər kəsin seçimi var, özü bilər nə qədər xərcləyər. Ona qalsa, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda içki və siqaretə 1 milyard 959,6 milyon manat pul xərclənib. Kiməsə gedib deyə bilərsiniz ki, sən içmə, çəkmə, ver biz xərcləyək? Basıb həmin adamın gözünü çıxarar.
Mən keçən il təsadüfən bir tanışın söhbətinə düşdüm, üç nəfərlik ailə ilə Antalyada turpaketə 9 min manat pul verildiyini dedi. İldə onminlərlə insan Türkiyə, Misir, Monteneqro, İspaniya, Fransaya gedir. Həccə isə cəmisi 1500 adam gedir.
Əlbəttə, bunu bir dəfə ətraflı yazmışam, insanlar yardımı içki içən, nə bilim İspaniyada dincələndən deyil, dindardan gözləyir, açıq şəkildə etiraf etməsə də, dindar insandan kömək gözləyir, haqlı olaraq. Bu da normaldır, belə də olmalıdır. Çünki xeyirxahlıq dinin tələbidir. Amma bu o demək deyil ki, sən dindarın həyatına müdaxilə edib, onun vacib ehtiyaclarına da müdaxilə edəsən. Bir az fərdlərin seçiminə, inancına ehtiramla yanaşmaq lazımdır. Bu, elementar insanlıq qaydasıdır".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”