Bu il iyulun 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Həsənov Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Seyidov onun yerinə təyin olunub.
Bu dəyişiklik penitensiar sistemdə hansı yenilikləri, dəyişiklikləri vəd edir? Məhkumların saxlanma şəraiti, hüquqları ilə bağlı vaxtaşırı mediada və sosial şəbəkələrdə yer alan problemlərin aradan qaldırılmasına səbəb olacaqmı?
Əliməmməd Nuriyev qeyd edib ki, yeni rəis artıq Penitensiar Xidmətdə bir çox yeni təşəbbüslərə başlayıb: “Artıq imtiyazlı məhkum olmaq statusundan imtina məsələsi gündəmdədir. Xüsusi kameralardan imtina edilib. Bütün məhkumlar üçün bərabər şərait qurulur. Xəbərlər gəlir ki, cəzaçəkmə müəssisələrinin təchizat məsələsi, yüksək keyfiyyətli ərzaqla təminatı yaxşılaşır. Bilirsiniz ki, cəzaçəkmə müəssisələrində məhkumlar yeməkxanalarda qidalanmağa o qədər də həvəs göstərmirdilər. Onlar daha çox ailələrindən gələn sovqatlardan istifadə edirdilər. Amma indi bu yeməkxanalara axın var. Bu, məhkumlar və onların ailələri tərəfindən böyük sevinclə qarşılanıb. Digər tərəfdən, cəzaçəkmə müəssisələrinə hər hansı qeyri-qanuni alətlərin, narkotik vasitələrin keçirilməsinin qarşısının alınması istiqamətində çox yaxşı əməliyyat- axtarış sistemi qurulub”.
Şura üzvü hesab edir ki, Ölkənin siyasi rəhbərliyi Ədliyyə nazirinin təqdimatı ilə Mirsaleh Seyidovu Pentensiar Xidmətin rəhbəri vəzifəsinə təyin edəndə onun qarşısında bir çox tapşırıqlar qoyub. “Bu tapşırıqlardan ilki məhkumların saxlanma şəraitinin yaxşılaşdırlması ilə bağlı idi. Bu gün cəzaçəkmə müəssisələrində sıxlıq müşahidə edilir. Bu sıxlığın qarşısının alınması üçün vaxtından əvvəl şərti azad etmə institutunun səmərəli işləməsi vacibdir. Dövlət qisas almır və qisas almaq fəlsəfəsində dura bilməz. Bax, bu baxımdan yanaşmalar dəyişir, normativlər də dəyişəcəkdir. İkinci bir məsələ anti-korrupsiya tədbirlərinin daha da gücləndirilməsidir. Artıq bu istiqamətdə də mühüm addımlar atılmaqdadır”, - o vurğulayıb.
Ə.Nuriyev hesab edir ki, vacib olan məsələlərdən biri də cəzaçəkmə müəssisələrində çalışanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır: “Çünki onlar mürəkkəb bir şəraitdə, daim psixoloji təzyiq altında, ailələrindən uzaq şəkildə çalışırlar. Qeyd edim ki, Avropa ölkələrində iki-üç məhkuma bir personal, Azərbaycanda isə 16 məhkuma bir əməkdaş düşür. Bu fakt personalın nə qədər gərgin əmək fəaliyyəti ilə məşğul olması ilə yanaşı təbii ki, bu islahetmə işinə təsir göstərir. Hesab edirəm ki, onlara güzəştli ipoteka şərtləri ilə mənzil verilməsi, əmək haqlarının artırılması, istirahət hüquqlarının yaxşılaşdırılması vacibdir. Şübhəsiz ki, ən vacib məsələlərdən biri də treninqlərin genişləndirilməsi, çalışanların peşəkarlığının artırılması ilə bağlıdır. Hesab edirəm ki, məhkumların məşğulluğuyla bağlı görülən işlər genişləndirilməlidir. İş yerləri olmalıdır ki, orada onlar həm də müəyyən ixtisasa yiyələnsinlər və sabah azadlığa çıxanda əmək vərdişləri və müəyyən qədər maddi imkanları olsun. Onu da qeyd edim ki, artıq məhkumların ətraf mühitlə əlaqələrinin gücləndirilməsi ilə bağlı mühüm dəyişikliklər olub. Məhkumlar artıq “Skayp” tətbiqi üzərindən onlayn formada ailə üzvləri ilə əlaqə qura bilirlər”.
İctimai Şura üzvü xatırladır ki, saxlanma şəraitinin yaxşılaşması istiqamətində bir çox yeni cəzaçəkmə müəssisələri tikilib. Onun sözlərinə görə, bu proses daha da sürətlə başa çatacaq. “Nəhayət, tezliklə Qobustan həbsxanasının ləğv edilməsi, məhkumların yeni həbsxanaya köçürülməsi prosesi baş verəcək. Düşünürəm ki, beynəlxalq əlaqələrin gücləndirilməsinə də ehtiyac var. Beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və tətbiqi məsələsi çox vacibdir”.
Əliməmməd Nuriyev sonda qeyd edib ki, M. Seyidov uğurlu bir təyinatdır: “Bir çox keçmiş məhkumların özü, hətta siyasi fəal olan şəxslərdən onun barəsində yalnız pozitiv fikirlər eşidirəm. Bu baxımdan hesab edirəm ki, gələcəkdə biz daha uğurlu nəticələrin şahidi olacağıq. Əlbəttə, birgə çalışmaq və fəaliyyət göstərmək lazımdır. Biz vətəndaş cəmiyyəti olaraq ona bu işdə dəstək olmalıyıq”.