“Həbsxana həyatı kişilər üçün bir məktəbdir” –Azadlığa çıxan Ədalət Verdiyevdən ilk AÇIQLAMA  

“Təcridxanada azadlıqda olduğum kimi idim. Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs  və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm”.

Musavat.com xəbər verir ki, bunu bir müddət əvvəl həbs edilən və aprelin 7-si azadlığa çıxan tanınmış hərbi ekspert Ədalət Verdiyev sosial media hesabında yazıb.

O bildirib ki, çox sayda  insanlar ona sosial şəbəkədə dəstək olublar: “ Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum. Əslində, həbsxana həyatı da kişilər üçün bir məktəbdir. Çox insanlarla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafımda kitab oxuyanların və yerli KİV -ləri izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar komandanımızın əfv və amnistiya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə  eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəm.  Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim dövlət, bayraq və vətən sevgimə mənfi təsir edə bilməz.

Uca tanrı  müzəffər Ali Baş Komandanımızı, qalib dövlətimizi, qəhrəman əsgərimizi, üçrəngli bayrağımızı və mərd xalqımızı qorusun. 7 aprel tarixindən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan ulu öndərimizi və  qəhrəman şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət etsin”.

Şahanə Rəhimli
Musavat.com

09.04.2025 15:37
1302