Həbsdəki məhkəmə işçisi İnam Kərimova müraciət etdi: "Bəraət istəyirəm..."

Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş İbrahim Xələfzadənin barəsindəki hökmdən əlavə kassasiya şikayəti verilib. Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılması istənilir.

Bu haqda Musavat.com-a İbrahim Xələfzadənin qayınatası Tofiq Quliyev məlumat verib.

TOFİQ SON.jpeg (182 KB)

Tofiq Quliyev

O deyib ki, İbrahim Xələfzadənin həbsdə saxlanılması üçün heç bir əsas qalmayıb.

"İbrahimdən 3 şikayətçi var idi. Təzyiq göstərməklə onlara ümumilikdə 80 min manat ziyan vurulduğunu ittihamda yazmışdılar. Faktiki isə ziyanın məbləği 30 min manat idi. Məbləği İbrahimin vəziyyətini ağırlaşdırmaq üçün şişirtmişdilər. Nə qədər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev sağ idi, imkan vermirdi ki, İbrahim zərərçəkənlərlə barışsın, onlara dəymiş ziyanı ödəsin" - deyə Tofiq Quliyev bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə kürəkəni həbs olunarkən bir sıra hallar nəzərə alınmayıb:

"O zaman məhkəmənin sədri olan Mahmud Nəbiyev zərərçəkənlərə demişdi ki, şikayətlərini geri götürsələr, özlərini həbs etdirəcək. Onlar da məcbur olub şikayətlərini geri götürmürdülər. Mahmud Nəbiyev dünyasını dəyişəndən sonra zərərçəkənlərlə görüşdük, ittiham üzrə dəymiş ziyan kimi göstərilən vəsaitləri ödədik. Bu gün də əlimizdə barışıq ərizəsi var. İstəyimiz də odur ki, Ali Məhkəməyə təqdim etdiyimiz kassasiya şikayətinə ədalətlə baxılsın. Bunun üçün Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edirəm. Xahiş edirəm ki, İbrahim Xələfzadənin azyaşlı övlad atası olması, ailəsinə yeganə gəlir gətirən şəxs olması da nəzarə alınsın".

İstintaq orqanı tərəfindən İbrahim Xələfzadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Xələfzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

Tofiq Quliyev deyib ki, İbrahim Xələfzadənin əməlləri düzgün tövsif olunmayıb, ona vəziyyətini ağırlaşdıran maddələr üzrə də ittiham verilib. Bu isə Ali Məhkəmənin müvafiq Plenum qərarına, Konstitusiya Məhkəməsinin müvafiq Qərarına uyğun olmamaqla, məhkəmə təcrübəsinin vahidliyini pozub.

"Fərqli təcrübənin tətbiqi zərurəti isə kassasiya instansiyası məhkəməsinin qərarında əsaslandırılmayıb. Ona görə də vəkilimiz Ali Məhkəmənin 1(102)-465/2023 saylı, 26.04.2023-ci il tarixli qərarının dəyişdirilməsinə dair əlavə kassasiya şikayəti verib. Xahişimiz də budur ki, İbrahim Xələfzadə barəsindəki Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihama bəraətverici əsaslarla xitam verib, 178.3.2-ci maddəsi 178.2.4-cü maddəsinə tövsif olunsun. Nəzərə alınsın ki, iş üzrə vurulmuş ziyan tamamilə ödənilib, zərərçəkmiş şəxslərin də barışıq ərizəsi var", - T.Quliyev qeyd edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

11.12.2023 13:27
3755