Həbsdəki ictimai fəalları azad etmək çağırışına reaksiyalar

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP, sədr Mirmahmud Mirəlioğlu) COP29 ərəfəsində həbsdəki jurnalistlər və ictimai fəalların azad olunması üçün Azərbaycan hakimiyyətinə müraciət edib (Turan). “Həbsdəki ictimai fəalların və media nümayəndələrinin bir çoxunun sağlamlığında ciddi problemlər olduğunu, bu məqamın ciddi olaraq, beynəlxalq səviyyədə Azərbaycan dövlətinə qarşı istifadə edildiyini, həbsdəki şəxslərin heç bir formada dövlətçiliyə təhlükə yaratmadığını nəzərə alaraq, onların təcili, COP 29  beynəlxalq tədbirinə qədər azadlığa buraxılmasın təklif edirik”, - sənəddə qeyd edilir.

Partiya hesab edir ki, hökumətin bu addımının ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan dövlətinə münasibətdə müsbət təsiri olacaq. KXCP COP29 ərəfəsində Azərbaycan hakimiyyətinin dünya ölkələrinə bu tədbir zamanı silahlı münaqişələrin dayandırılması ilə bağlı çağırışını doğru sayır və ümumilikdə müsbət qiymətləndirir.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Hikmət Babaoğlu 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Klassik Xalq Cəbhəsi Partiyasının yaydığı bəyanat məzmun və mahiyyət etibarilə kökündən yanlışdır. Deputat deyib ki, Azərbaycanda hansı peşə sahibi olmasından asılı olmayaraq, qanunu pozan şəxs həbs edilir: “Əgər bütün qanunu pozanları beynəlxalq tədbirə görə buraxsaq, Azərbaycan cəmiyyəti kriminallaşar. Bu, məsələnin hüquqi tərəfidir. Məsələnin siyasi tərəfi isə başqadır. Diqqət etsək, görərik ki, bu günə qədər eyni məsələ ilə bağlı, yəni ”siyasi məhbuslar" məsələsi ilə bağlı Azərbaycana müraciət edən təşkilatlar Avropanın islamofob insan hüquqları təşkiları, yaxud qeyri-hökumət təşkilatları idi. Hər iki məzmuna diqqət etsək, görərik ki, KXCP-nin müraciətinin mətni ilə Azərbaycanı sevməyən erməni lobbisinin nəzarəti altında olan hüquq müdafiəçilərinin yazdığı mətn bənzərdir. Demək ki, hər iki bəyanat eyni mənbədən “qidalanır” və Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj xarakteri daşıyır. Eyni zamanda COP29-un siyasiləşdirilməsinə, COP29-un  Azərbaycanın əleyhinə kampaniyaya çevrilməsinə xidmət edir. Düşünürəm ki, hüquqi dövlətdə heç bir halda hər hansı beynəlxalq tədbirə görə qanun pozmuş cinayətkarı, cinayəti məhkəmə ilə sübut olunmuş qanun pozuntusu törədənləri azadlığa buraxmaq olmaz. Azərbaycan hüquqi, demokratik ölkədir. Azərbaycan əsla izn verə bilməz ki, hüquq müxtəlif mərkəzlər tərəfindən manipulyasiya edilsin, ölkəmizdə cəzasızlıq mühiti yaransın və ölkəmizdə xaos baş versin. Azərbaycan məhkəmə sistemi müstəqil hakimiyyət qollarından biridir. Kiminsə məhkəmə qərarlarından hər hansı narazılığı varsa, o istisnasız olaraq məhkəmələrə müraciət etməlidir".   

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Həbsdə olan, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə, kimliyindən, ictimai-siyasi fəaliyyəti olub-olmamasından, hansı peşə, yaxud ixtisas sahibi olmasından asılı olmayaraq, onun ilk növbədə ictimai təhlükəlilik dərəcəsinə baxmaqla, eyni zamanda humanizm prinsipləri əsasında yanaşmanın tərəfdarıyam. Təbii ki, müəyyən şəxslər var ki, onların həbsi cəmiyyətdə müəyyən rezonans yaradır, ictimai-siyasi fəaliyyəti, yaxud jurnalist fəaliyyəti ilə məşğul olması baxımından müəyyən qədər tanınan şəxslərin həbsi cəmiyyətdə narahatlığa səbəb olur. Bir çox halda bu cür faktlardan Azərbaycana heç də xoş münasibəti olmayan təşkilatlar və siyasilər istifadə etməyə çalışırlar. Müxtəlif təşkilatlarda Azərbaycana bu və ya digər formada sanksiyaların tətbiq edilməsi, insan hüquqları ilə bağlı məsələlərin lazımi səviyyədə olmaması ittihamları eşidilir. Əgər həbsdə olan şəxslərin ictimai təhlükəlilik dərəcəsi yüksək deyilsə, humanizm prinsipi əsasında onların bağışlaması, əfv edilməsi, cəzalarının azaldılması təqdir ediləndir. Amma hansı kateqoriyada olmasından asılı olmayaraq, dövlətinə qarşı hər hansı fəaliyyətdə iştirak edibsə, eyni zamanda ağır cinayətlər törətməsi ilə bağlı tutarlı dəlillər sübutlar varsa, kim olmasından asılı olmayaraq həbs olunanlara fərqli və daha sərt münasibətin olması başadüşüləndir. Məsələlərə qanunvericilik çərçivəsində baxmaq lazımdır. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, istintaq dövründə həmin şəxslərin bağışlanması qanunvericiliyə uyğun deyil. Şəxsin əməli sübuta yetirilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır ki, ona uyğun bağışlama, əfvetmə, cəzasının azaldılması kimi humanist yanaşma sərgiləmək mümkün olsun. İndiki halda, haqqında məhkəmə hökmü olmayan şəxslərin bağışlanması heç bir halda mümkün deyil. Sadəcə olaraq, cinayət əməli sübuta yetirilmədiyi əsas gətirilərək istintaq orqanı tərəfindən cinayət işlərinə xitam verilə bilər. Bu cür məsələlərə diqqət çəkməklə, ictimai fikri özünə yönəltmək, hansısa formada özünün siyasi varlığını müxtəlif təbəqələrə göstərmək xatirinə bu cür açıqlamalar verilməsi də doğru deyil. İstənilən halda bu təşəbbüs təqdir olunandır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

02.11.2024 08:27
590