Həbsdəki bankirin 2 dostunun da məhkəməsi başladı 

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin dostları - sabiq deputat Dünyamin Xəlilovla Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hər iki təqsirləndirilən şəxs hazırda həbsdədir. Müttəhimlər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq külli miqdarda mənimsəmədə ittiham olunurlar.

Musavat.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Aqrarkredit” ASC-nin nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib.

Bəlli olub ki, ASC dəymiş ziyana görə Dünyamin Xəlilovdan 17 milyon 735 min manat kompensasiya tələb edir. Müşavirədən sonra məhkəmə qərarı elan edilib. Qərara görə, “Aqrarkredit” ASC mülki iddiaçı kimi tanınıb və iddia iş materiallarına əlavə edilib. Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Dünyamin Xəlilov müxtəlif illərdə Cahangir Hacıyev və Azad Cəfərovla birləşərək Beynəlxalq Bankın vəsatətlərini mənimsəyib. Onlar banklarda kreditlərin verilməsi adı ilə müxtəlif məbləğlərdə pulları mənimsəyib. Müxtəlif vaxtlarda mütəşəkkil dəstə yaradaraq Beynəlxalq Banka külli miqdarda ziyan vurublar. Onlar 9 nəfərin adına kredit rəsmiləşdirərək 5 milyon manat kredit götürüblər. Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir. Bundan başqa, Azad Cavadov Cahangir Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Növbəti proses oktyabrın 16-da davam edəcək.

Qeyd edək ki, istintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, bundan öncə Dünyamin Xəlilovun barəsində çıxarılan iki məhkəmə hökmü də qüvvədədir. Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib. Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub. Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub. D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus “Şəki Bazarı” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət Xəlilov idarə edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

18.09.2023 14:52
1335