Hava terrorçuluğu - Pilotları lazerlə kor etmək istəyən kimdir?

Bəşəri cinayətlərə meylli olanlar hava terrorunun yeni üsulunu icad etməyə çalışırlar. Söhbət günahsız insanların kütləvi qətlinə gətirəcək yeni texnoloji təsir metodundan gedir.

Xəbər verildiyi kimi, bu günlərdə Türkiyədən uçan Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar. Bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, noyabrın 10-da İstanbuldan Moskvaya uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Təyyarə hava limanına yaxınlaşarkən ekipaj təyyarənin solunda yaşıl lazer şüasının müşahidə edildiyini bildirib. Buna baxmayaraq, komandir pilot uçuşu davam etdirib. Nəticədə təyyarə Moskvanın Şeremetyevo hava limanına təhlükəsiz eniş edib.

Bundan əvvəl Azərbaycandan uçan “İrAero” aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 6-da Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində baş verib .

Belə hallarla Rusiya pilotları tez-tez qarşılaşırlar. Oktyabrın 23-də həmçinin Daşkənddən Moskvanın Vnukovo hava limanına uçan təyyarənin pilotlarının gözlərini kor etməyə cəhd edilib. Bu, təyyarənin təhlükəsizliyinə təsir etməyib, hava gəmisi aerodroma enə bilib.

Mülki hava gəmilərinə bu cür hücumlar nədən qaynaqlanır, təyyarələr onlardan necə qorunur? 100 faizli qorunma mümkünmü?

Mövzu ilə bağlı Musavat.com-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, illər keçdikcə radioelektron vasitələrə müdaxilə asanlaşıb. Polkovnikin sözlərinə görə, son zamanlar isə lazerlərlə maneə-hücum aktivləşib:

“Bunun qarşısını almaq mümkün deyil, qanunla yalnız məhdudlaşdırmaq olar. Bəzi ölkələrin qanunları isə buna liberal yanaşır və ciddi reaksiya göstərmir. Əslində isə bu çox ciddi və vacib məsələdir. Söhbət yüzlərlə insanın taleyindən gedir. Ona görə də hesab edirəm ki, COP29 tədbirində insanların həyatına risk yaradan bu cür cinayətlər haqqında da müzakirələr aparılsın və birgə fəaliyyət planı işlənib hazılansın. Ölkələr bu cr insidentlərə qarşılşmamaq üçün öz aralarında razılığa gəlməlidirlər.

Elə ölkələr var ki, orada təyyarələr az qala insaların başının üzərindən hava limanlarına enirlər. Bu xüsusən də kiçik ada dövlətlərində müşahidə olunur. Onların hava limanları radioelektron cihazara müdaxilə üçün əl çatandır.

Ümumiyyətlə, lazer silahları kimi, pilotların hərəkətinə lazerlərlə müdaxilə də yeni yaranıb. Bir çox dövlət bununla mübarizəyə hazır deyil, çıxılmaz vəziyyətdə qalıblar. İndi bunun qarşısı alınmasa gələcəkdə böyük hadisələr və faciələr baş verə bilər. Bu cür hərəkətlər daha çox mülki təyyarələrə qarşı edilir. Çünki hərbi təyyarələrə müdxilə elə də asan deyil. Çünki hərbi ərazilər, aerodromlar xüsusi müdafiə olunur. Mülki infrastrukturdan kənarda yerləşdiyinə görə ona müdaxilə çətindi. Mülki hava limanları isə şəhərlərin mərkəzində yerləşir. Hündürmərtəbəli binaya qalxan hansısa bir xuliqan lazer silahı ilə pilotların gözünə zərər verə bilər.

Əvvəllər təyyarələrdə mobil cihazlardan istifadəyə icazə verilmirdi. Uçuş və enmə anında həmin avadanlıqlar təyyarənin ekipajına böyük problemlər yaradırdı. Son vaxtlar icazə verilir.

Ümumiyyətlə, pilotların gözünə lazer salınmasının qarşısı təcili alınmalıdır. Bu cür əməllər məqsədyönlü şəkildə həyata keçirilir. Terror aktı kimi buna hazırlıq görlür. Ona görə də bu hadisələrə vaxtında reaksiya verilməlidir”.

Polkovnik deyir ki, təyyarələri güclü lazer göstəriciləri ilə işıqlandıran insanlar heç də həmişə öz hərəkətlərinin tam təhlükəsini dərk etmirlər. Ekspertin sözlərinə görə, çox vaxt bunu edənlər yeniyetmələr, gənclər olur: “Onlar belə əməlləri ya əyləncə xatirinə, ya da lazer göstəricini “sınamaq” üçün edirlər. Amma məqsədyönlü xuliqanlıq halları da var. Bunun üçün Rusiyada - və bir çox başqa ölkələrdə - cərimə və hətta (xüsusi hallarda) həbs də nəzərdə tutulur.

Kabinəyə daxil olan parlaq lazer şüası uçuş və enişin kritik mərhələlərində pilotları müvəqqəti olaraq kor edə və ya istiqamətini dəyişdirə bilər. Bu, uçuşların təhlükəsizliyinə ciddi təhlükə yaradır. Güclü lazerlər tor qişanın yanıqlarına səbəb ola və görmə qabiliyyətini qalıcı şəkildə zədələyə bilər”.

Qeyd edək ki, 2015-ci ilin noyabrında “British Airways” aviaşirkətinə məxsus təyyarənin pilotu Hitrou hava limanında eniş zamanı lazer şüasına məruz qalması nəticəsində gözünün tor qişası zədələnib.

Məhz belə hallara görə 2010-cu ildə Böyük Britaniyada sürücünün və ya pilotun lazerlə bilərəkdən korlanmasına görə 5 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun qəbul edilib.

ABŞ-də 2012-ci ildən bəri federal aeronavtika qanununa görə, belə bir hərəkət 100 min dollara qədər cərimə və ya beş ilə qədər həbs cəzası ilə cəzalandırılır. Buna baxmayaraq, hər il yüzlərlə pilotları lazerlə kor etməyə cəhdlər olur. Aviaincident kanalının məlumatına görə, təkcə iyul ayında Rusiyada təyyarələrin lazerlə işıqlandırılması ilə bağlı 13 hadisə qeydə alınıb.

Şahanə Rəhimli
Musavat.com

16.11.2024 15:30
543