Hasilatçılar neft qiymətlərini nə qədər saxlaya biləcək? - təhlil

Elman Sadıqov: “Neftə tələbi azaldan əsas amil alternativ enerjidən istifadənin artmasıdır”

Neftin dünya bazar qiyməti avqustun 9-da xeyli yüksəlib. Londonun ICE birjasında Brent neftinin oktyabr fyuçerslərinin qiyməti 86 dollardan yuxarı qalxıb. Nyu-Yprkun NYMEX birjasında WTI  neftinin sentyabr fyuçersləri üzrə qiyməti isə 83 dolları keçib. 

Qeyd edək ki, bazardakı hazırkı qiymətlər tələbin artmasından deyil, təklifin azalmasından formalaşan qiymətlərdir. Belə ki, avqustun 1-dən etibarən Rusiya dünya bazarına gündəlik neft ixracını 500 min barel azaltmağa başlayıb. Bu addım mart ayından başlayaraq gündəlik hasilatın 500 min barel azaldılmasına əlavə olaraq atılıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu addım dünya neft bazarında balansı qorumaq məqsədi ilə atılır. Novakın sözlərinə görə, şirkətlər hasilatı, yaxud ixracı azaltmaq barədə özləri qərar verəcəklər, əsas odur ki, Rusiyanın ümumi ixracı vəd edilən həcmdə azalacaq. 

Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir. Onun dediyinə görə, hazırda Rusiyanın gündəlik neft hasilatı 9,5 milyon barel təşkil edir.

Aleksandr Novak: Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq - AZƏRTAC

Aleksandr Novak

Rusiyanın energetika naziri Nikolay Şulgin isə bildirib ki, ölkəsi neft ixracını iyuldan azaltmağa başlayıb ki, avqustun 1-dən onu vəd oluna həcmə - 500 min barelə tam çatdırsın. Bu ay həmçinin Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarını davam etdirəcək. Ər-Riyad bu addımı yalnız iyul ayı üçün bazarda qiymətlərin azalmasının qarşısını almaq məqsədilə atmışdı. Lakin sonradan bu qərarın müddəti avqusta şamil edildi. May ayından ölkə gündəlik hasilatı 500 min barel azaltmışdı. Nəticədə hasilat 10 milyon barelə düşmüşdü. Hazırda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 9 milyon barel təşkil edir.  

Hasilat və ixracdakı azalmalar, həmçinin ABŞ-da neft ehtiyatlarının rekord həcmdə - 17,3 milyon barel azalması xəbərlərinin belə bazarda qiymətlərin sabitliyinə gətirməməsi bu qiymətdən kəskin asılı olan Rusiya və Səudiyyə Ərəbistanını qane etmirdi. Ona görə də Səudiyyə Ərəbistanı hasilatın 1 milyon barel azaldılması öhdəliyini sentyabrda da davam etdirəcəyini,  Rusiya isə sentyabrdan gündəlik ixracın azaldılması qərarının 300 min barel olaraq davam edəcəyini açıqladı. Beləliklə, əsas oyunçuların hasilat və ixracı azaltmaları dünya bazarında qiymətlərin 85 dollardan yuxarı yüksəlməsi ilə müşayiət olunur.

Rusiya və Səudiyyə Ərəbistanının addımları hazırkı neft qiymətlərini nə qədər saxlamağa imkan verəcək? Aparıcı iqtisadiyyatlardakı neqativ proseslər neftə tələbin artması ehtimallarını ciddi sual altında qoyur. Belə ki,  ABŞ, Çin və Avropa İttifaqında iqtisadiyyatlarda neqativ meyllər getdikcə güclənir. İyul ayında Çinin ixracatı son 5 ayda ən aşağı həddə - 281,76 milyard dollara düşüb. Bu, illik ifadədə 14,5 faiz azalma deməkdir. Çin Baş Gömrük İdarəsinin məlumatına əsasən, ixrac 2020-ci ilin fevralından bəri ilk dəfədir ki, belə azalma nümayiş etdirir. Azalmanın əsas səbəbi kimi qlobal tələbin aşağı düşməsi göstərilir. "Trading Economics" bildirir ki, analitiklər Çin ixracında 12,5 faizlik azalma proqnozlaşdırmışdılar.İyulda Çinin ABŞ-a ixracı 23,1 faiz, Avropa İttifaqına ixracı 20,6 faiz, ASEAN ölkələrinə ixracı isə 21,4 faiz azalıb. 

Ötən ay Çinin idxalında da ciddi azalma qeydə alınıb. Bu göstərici 12,4 faiz azalmaqla 201,16 milyard dollar təşkil edib. Həm də daxili tələbin daralmasından yaranan bu azalma 5 aydır ardıcıl qeydə alınmaqla 2020-ci ilin mayından bəri ən yüksək həddə çatıb. Ekspertlər idxalda cəmi 5 faizlik azalma proqnozlaşdırmışdılar.  ABŞ-dan idxal 11,2 faiz, Avropa İttifaqından 3 faiz, ASEAN ölkələrindən 11,2 faiz, Yaponiyadan 14,7 faiz, Cənubi Koreyadan 23 faiz azalıb. Ölkənin xarici ticarət balansının müsbət saldosu iyul ayında ötən ilin eyni dövründəki 102,7 milyard dollardan 80,6 milyard dollara düşüb. 

2023-cü ilin yanvar-iyulunda Çinin ixracı illik ifadədə 5 faiz, idxalı 7 faiz azalıb. Xarici ticarət balansındakı profisit 489,57 milyard dollar təşkil edib.

İyulda Çində istehlak qiymətləri indeksi 0,3 faiz azalıb. Bu, son 2 ildə ilk azalmadır və Çin hökuməti üçün arzuolunmaz haldır. Çünki deflyasiya ölkədə tələbin azalmasının əlamətidir ki, bu da iqtisadiyyatın genişlənmə sürətinin yavaşımasından xəbər verir. Ötən ay Çində istehsalçı qiymət indeksi də 4,4 faiz azalıb. On aydır davam edən bu proses deflyasiyanın davamlı olacağından xəbər verir. 

Qeyd edək ki, dünyanın ən böyük istehlakçısı olan Çinin ticarətindəki azalma bazarlar üçün ciddi neqativ siqnaldır. Bundan əvvəl açıqlanan digər göstəricilər də Çin iqtisadiyyatında inkişafın ləngiməsindən xəbər verməklə dünya xammal bazarlarında tələbin azalması perspektivini getdikcə gücləndirir.

Açıqlanan rəsmi statistikadan aydın olur ki, Çin iyul ayında neft idxalını son 6 ayda ən aşağı həddə - gündəlik 10.33 milyon barelə qədər azaldıb. Bu, iyundakı idxaldan 29 faiz aşağıdır. 

Neft bazarı üçün neqativ hesab olunan daha bir məlumat ABŞ-da neft ehtiyatlarının artmasıdır. Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 4 milyon 67 min barel artaraq, təxminən 443 milyon 838 min barel təşkil edib. Halbuki analitiklər ehtiyatların 233 min barel azalacağını proqnozlaşdırmışdılar. Bundan əvvəlki həftə neft ehtiyatları rekord həddə - 17,3 milyon barel azalmışdı. 

Bundan əlavə, iyul ayında Avropa İttifaqında iqtisadi artım minimuma düşüb, bəzi ölkələrdə mənfiyə keçib. Hər üç iqtisadi mərkəzdə iqtisadi inam indekslərinin azalması baş verib. 

Elman Sadıqov: “Azərbaycanda sığortalanmış əmanətlərin hamısı sahiblərinə  qaytarılıb”Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun dediyinə görə, qlobal iqtisadiyyatda postpandemiya dövrünün bərpası ləng gedir: “Bunun bir səbəbi də Ukraynadakı müharibədir. Bu müharibə qlobal miqyasda inflyasiya probleminin kiçilməsinə də səbəb olub - Rusiya embarqolar şəraitində öz neftini daha ucuz qiymətə və daha böyük həcmlərlə satmağa məcbur olur. Bu da ümumilikdə dünyada qiymətlərin azalmasını şərtləndirib. Neft bazarındakı indiki vəziyyətdə dəqiqlik yoxdur: nə hasilat, nə ixracat, nə ticarətlə bağlı. Məsələn, Liviya, İraq və digər münaqişə ölkələrində neft hasilatının dəqiq səviyyəsini bilmək olmur. Yaxud Rusiyanın real ixracına dair də dəqiq rəqəmlər açıqlanmır. Yəni dünya neft bazarına dair statistikada  dəqiq məlumatlara malik deyil. Dünya iqtisadiyyatında, daha doğrusu, Avropa iqtisadiyyatında bir sıra problemlər var, burada bərpa digər iqtisadiyyatlardan daha zəif gedir. ABŞ-da sürətli bərpa oldu, burada ciddi problemlər yoxdur. Lakin ABŞ iqtisadiyyatı digər iqtisadi mərkəzlərdəki problemlərdən təsirlənir. Xüsusilə digər ölkələrdə istehlakın azalması ABŞ-a təsirsiz ötüşmür”. 

Ekspert bildirir ki, iqtisadi mərkəzlərdə istehlakın azalması müşahidə olunur: “İstehlak azalırsa, hasilat və ixrac da azalmalıdır. Əks halda, bazarda qiymətlər kəskin azalır. OPEK+ ölkələri artıq neçə aydır hasilatı daha kəskin azaltmağa məcbur olurlar. Büdcəsi neftin 80 dollarlıq qiymətinə hesablanan Səudiyyə Ərəbistanı üçün aşağı qiymət ciddi problemlər yaradır. Hazırda mövsümi amillərin təsiri ilə yanacağa tələbin artması müşahidə olunur. Bu halda neft qiymətlərinin azalmasının səbəbi maraq doğurur. Düşünürəm ki, burada yanacaq kimi alternativ mənbələrdən əldə olunan enerjidən istifadənin artması da mühüm rollardan birini oynayır. Avropada, ABŞ-da, Çində elektrik enerjisi və hibrid mühərrikli avtomobillərin getdikcə daha çox istehsalı və satılması müşahidə olunur. Təkcə Çin bu ilin birinci rübündə elektromobil ixracında rekord nəticə əldə edib. Bu enerji keçidi isə dünyada neft yanacağına tələbi azaldır. Hesab edirəm ki, bu gün ənənəvi yanacağa tələbin azalmasında başlıca rol məhz bərpa olunan mənbələrdən alınan enerjiyə keçiddir”.

E.Sadıqovun sözlərinə görə, tələbin azalması fonunda qiymətləri qorumaq üçün OPEK+ ölkələrinin hasilatı azaltması onların bazar paylarını itirmələri ilə nəticələnir: “2016-cı ildə də belə oldu. OPEK+ ölkələri hasilatı və ixracatı azaltdılar, onların bazar payını ABŞ və digər ölkələr tutdu. Üstəlik, neft qiymətlərinin bahalığı alternativ enerjiyə investisiyaları kəskin artırdı ki, hazırda bu, yenidən neftə tələbatı azaldır”.

ABŞ Energetika Nazirliyinin məlumatına əsasən 2023-cü ildə ABŞ-da gündəlik neft hasilatı 12,76 milyon barel təşkil edəcək. Bu, nazirliyin əvvəlki proqnozundan 200 min barel, 2022-ci ildəki real hasilatdan 870 min barel çoxdur.

ABŞ Energetika Nazirliyi həmçinin 2024-cü ildə ölkədə gündəlik neft hasilatına dair proqnozunu da yeniləyib. Belə ki,yeni proqnoza əsasən gələn il ABŞ-da gündəlik neft hasilatı 13,09 milyon barelə çatacaq ki, bu da əvvəlki proqnozdan 230 min barel çoxdur.

Nazirlik hesab edir ki, Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarı ilin sonunadək artan tələbat fonunda neft qiymətlərinin yüksək olmasını təmin edəcək. Noyabr-dekabrda Brent markalı neftin qiyməti 88 dollara qədər artacaq. Nəticədə illik orta qiymət 82,62 dollar təşkil edəcək ki, bu da nazirliyin əvvəlki proqnozundan 4 faizədək çoxdur.

ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brentin 1 barelinin orta qiymətini 86 dollar həcmində proqnozlaşdırır. 

Nazirliyə görə, 2023-cü ildə maye karbohidrogenlərin qlobal istehlakı gündə 101,19 milyon barel təşkil edəcək. Bu, qurumun bir ay əvvəlki proqnozundan 30 min barel çoxdur. Gələn il isə nazirlik bu göstəricinin 102,8 milyon barel təşkil edəcəyini gözləyir.

Dünya SAKİT,
“Yeni Müsavat”

10.08.2023 10:00
675