Harris üçün mərc: ABŞ və dünya matrialxal rejimi qəbullana biləcəkmi?

Əgər deyilənlər doğrudursa, Amerikada 60-cı prezident seçkisində 47-ci dövlət başçısının adı artıq bəllidir. Söhbət ondan gedir ki, seçkilərə 5 gün qalmış 51 milyondan çox amerikalı artıq poçt və ya seçki məntəqəsinə gedərək seçimini edib. 

“Seçimin edib deyirik”, amma bəllidir ki, bu, bizim bildiyimiz birbaşa namizədə səs vermək deyil. Ümumiyyətlə, məndən soruşsanız mənasız və bir az da mürəkkəb seçki sistemidir. Seçici bülletenində təbii ki, iki namizəddən birinin(namizədlərin vitse-prezident göstərdiklərinin də adı yazılır) qarşısına işarə qoyur, amma bu, birbaşa namizədin deyil, onları da seçəcək seçici kollegiyasının(ştat nümayəndəsinin) aktivinə yazılır. Bütün 50 ştatdan cəmi 538 nəfərdən ibarət seçici kollegiyası var.  Yəni seçici səs verir, əslində seçki kollegiyasının partiya mənsubiyyətini müəyyənləşdir, bundan sonrası həmin seçici kollegiyasının işidir. Olub ki, demokrat seçici respublikaçıya səs verib, ya da əksinə...Namizədə qələbə üçün ölkə üzrə seçici kollegiyasından 270 səs gərəkdir.  2016-cı ildə Trampla Hillari Klintonun prezidentlik yarışında qalibi daha çox səs toplayan yox, yerli nümayəndələrin verdiyi səs müəyyən etmişdi. Tramp da Baydenə elə uduzmuşdu...  

8d0624cfe8c960afbd4b47673e148204.jpg (115 KB)

Dünyaya demokratiya dərsi keçənlər bu sistemi 200 əvvəl ona görə düşünüblər ki, loru dildə desək, xalqın ağıllı, sağlıqlı seçim edib-etməməsini bu üsulla sığortalasınlar. Ona görə də qərara alıblar ki, ölkədə baş verənləri səriştəli təhlil etməyi bacaran seçici kollegiyası  həll etsin. Seçici səsini onlar “filtirdən” keçiriblər yəni. “Amerikanı dərin dövlət idarə edir” iddialarının əsas səbəbi də bu seçki sisteminin  özəlliyidir. Amma bu 100 il əvvəl (bu sistem 200 ildir tətbiq edilir) keçərli idi və indi çox köhnəlib. 2020-ci ildəki seçkilər ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, sadə amerikalıların əksəriyyəti seçkinin ümumdövlət səsverməsi ilə əvəz olunmasını  istəyirlər.      

Seçkiyə 5 gün qalmış sorğular çox cüzi  fərqlə gah Donald Trampın, gah da Kamala Harrisin irəli çıxdığını göstərir. Prezident seçkilərinin nəticələrini müəyyən olunacağı tərəddüd edən yeddi ştatda isə heç bir namizəd lider deyil. Eyni sorğulara əsaslanan hesablamalara görə, Harris indi  226, Tramp isə 219 səsə ümid edə bilər. 

tramp_01jpg_1730115207.jpg (33 KB)

Trampın Ağ Evə qayıtmasını əngəlləmək istəyən qüvvələrdən biri də “dərin dövlətdir”,  onların da özləri üçün ciddi arqumentləri var. Dünyadakı vəziyyət indi o qədər qarışıqdır ki, Trampın seçki kampaniyasında verdiyi siyasi vədlər təkcə Amerikanın deyil, kollektiv Qərbin planlarına uyğun gəlmir. Trampın qulağını “yalayıb” keçən güllə hədəfə dəysəydi, indi yəqin daha fərqli seçki kampaniyası izləyə bilərdik. 

İndiki seçki kampaniyasının çox gərgin və aşağılayıcı tonu var. Baydenin Tramp tərəfdarlarını zibil adlandırması, Trampın Harris haqda çox nalayiq sözləri bu  seçkiyə “stavka”nın nə qədər ciddi olduğuna bir işarədir. O səbəbdən seçkidən sonra iğtişaşların mümkünlüyü haqda çox danışılır. Zənnimcə, Tramp seçilməsə, onu əvvəlki ittihamlarla mütləq həbs edəcəklər, bunu özü də yaxşı bilir. Harrisin seçilməsi isə ABŞ tarixində bir ilk ola bilər, amerikalılar isə dünyanı təəccübləndirməyi(ilk qaradərəli prezident Obama kimi) sevirlər.   

Снимок-2.JPG (65 KB)

Biz bu seçkiyə real qiymət verə bilmərik. çünki ölkədə baş verənləri, seçicinin əhval-ruhiyyəsini yalnız xəbərlərdən öyrənirik. O səbəbdən xüsusilə Harrisə münasibətlə bağlı dəqiq fikir söyləmək çətindir.  ABŞ-da qadına kifayət qədər mühafizəkar münasibət olduğu haqda çox danışılır. Bir müddət əvvəl “The Times” üçün keçirilən sorğuya görə, amerikalıların üçdə biri ABŞ-a qadın prezidentin rəhbərlik etməsinin əleyhinə idi ki, bu da yəqin tarixdən qaynaqlanır. Yalnız onu deyək ki, bu ölkədə qadının səsvermə hüququ uğrunda yarım əsirlik açıq mübarizə gedib. 1919-cu ildə amerikalı qadınların səsvermə hüquqlarını təmin edən məşhur 19 saylı Konstitusiya Düzəlişi qəbul olunub. (Baxmayaraq ki, beynəlxalq qadınlar bayramı da öz başlanğıc tarixini ABŞ-da 1857-ci ilin martında Nyu-York tekstil və ayaqqabı fabriklərində yüzlərlə qadının etirazı ilə birbaşa əlaqəlidir).Yəni  Amerikanın azad qadın obrazı bir az da şişirdilmiş obraz ola bilər. Son bir neçə onillikdə qadınların seçkilərdə iştirakı artsa da, araşdırmalar göstərir ki, qadınlar müxtəlif sahələrdə, o cümlədən hökumət, yüksək texnologiyalar və korporativ sektorda hələ də kifayət qədər təmsil olunmurlar. 

Bayden erası gələn ilin yanvarında rəsmən bitir, onun vitse-prezidenti, indiki prezidentliyə namizəd Harris bu 4 il ərzində xüsusi heç bir ağıllı təşəbbüsü ilə seçilmədi, “yarım ağıllı” prezidentin kölgəsində fırlandı. 

Harrisin az səriştəsi və dar dünyagörüşüdür ki, seçki kampaniya dövründə hətta qoca Baydendən də geridə qaldığı bəlli oldu.  Harrisin bu yarışda zəifliyi sırasında ABŞ prezidentliyinə namizəd üçün son dərəcə orijinaldır: onun övladı yoxmuş. Bildirilir ki, Amerikada  bu çox vacib amildir. Çünki ailə albomları və  övladlarının fotoşəkillər seçiciyə mesajın bir hissəsidir. (Düzdür, Baydenin oğlu bu 4 ildə atasını rüsvay etdi) Harrisin ərinin uşaqları var, lakin onlar hüquqşünas Doug Emhoffun ilk nikahdan olan övladlarıdır və  öz anaları var. Harrislə ikinci dəfə evlənəndə onun 50, Harrisin 49, uşaqların isə 15-20 yaşı vardı. Amma artıq seçicinin bunları təftiş etmək üçün zamanı qalmayıb. 

Снимокv.JPG (37 KB)

2020-ci ilin prezident seçkisində 159 milyon seçici iştirak etmişdi ki, bu ölkənin seçki tarixdə rekord idi. Belə güman edilir ki, bu seçkidə də iştirakçı faizi yüksək olacaq.      

2020-ci  ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsi həmkarlardan biri ilə mərc gəlmişdim ki, Tramp seçilməyəcək və o da mənə təsbeh hədiyyə edəcək. Tramp seçilmədi, onun “adına olan” təsbeh də hələ məndədir... İndi intuisiyam və təhlillərim deyir ki, seçkilərin qalibi Harris olacaq. Mən yenə mərcə varam,  amma ABŞ və dünya matrialxal rejimi qəbullana biləcəkmi?  

Nazim SABİROĞLU, 
Musavat.com   

31.10.2024 12:01
732