Harris Trampı üstələdi-Amerika tarixində bir ilk yaşana bilər

ABŞ-nin vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp arasında seçki yarışı bərabər irəliləyir.

Belə ki, “The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb. Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.

Sorğuda Kamala Harrisin mənfi və müsbət reytinqi bərabərdir. Rəyi soruşulanların 49 faizi onun barəsində müsbət, 49 faizi mənfi düşünür. İyul sorğusunda bu rəqəm 46 faizə qarşı 52 faiz təşkil edirdi. Trampla bağlı isə müsbət düşünənlər 45 faiz, mənfi düşünənlər isə 53 faizdir. İyul ayında bu göstərici 47 faiz müsbət və 50 faiz mənfi təşkil edib”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Amerika seçicisinin ikiyə bölündüyünü söylədi: “Görünən odur ki, ABŞ-a seçki kampaniyası kifayət qədər gərgindir. Bu rəqabət getdikcə daha da güclənəcək. Həm demokratlar, həm də respublikaçılar xal qazanmaq üçün xarici siyasətlə bağlı manevrlərdən istifadə edəcəklər. Bu, artıq indidən hiss olunur.
Hər iki siyasətçinin şansları və imici kifayət qədər çoxdur. Odur ki, indidən seçkilərin nəticəsi ilə bağlı konkret proqnoz vermək çətindir.

Bununla belə bir neçə məqama nəzər salmaq maraqlı olar. Belə ki, qadın və qaradərili olması Kamala Harrisin şanslarını artırır. Üstəgəl, nəzərə almaq lazımdır ki, hazırda hakimiyyətdə olanlar Harrisin təmsil olunduğu demokratlardır. Bu, əlbəttə, qadın siyasətçi üçün əlavə dividentdir. Nəzərə almaq lazımdır ki, Kamala Harris qalib gələrsə, ABŞ-nin ilk qadın prezidenti olacaq. Bununla belə, bir fakt da var ki, 1992-ci ildə Respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında demokratlar və respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır.

Bütün hallarda qarşıdakı aylarda ABŞ-da seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Dediyimiz kimi, seçkilərdə hansı tərəfin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Amma böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq.
Onu da deyək ki, seçkilərdə demokratların, yaxud respublikaçıların qalib gəlməsindən asılı olmayaraq, ABŞ-ın xarici siyasət kursu artıq “daşlaşıb”. Ölkədə xarici siyasət kursunu müəyyənləşdirən konkret güclər var. Prezidentlər isə sadəcə mövcud məzmuna forma verirlər”.

Cavanşir ABBASLI
Musavat.com

31.08.2024 11:46
580