“Balıq var, balıq, “təzə balıq”... Balıq mövsümü başlayanda bazarlarda bu cümləni tez-tez eşitmək olur. Havalar sərinləyəndə balıqsevərlər bu məhsulu əldə etməyə çalışırlar.
“Yeni Müsavat”ın əməkdaşı “8-ci kilometr” bazarında balıqların qiyməti ilə maraqlanıb. Sosial şəbəkələrdə insanlar bildirirdi ki, son aylarda bahalaşma müşahidə edilir. Məlumata görə, bu mövsüm bazarlarda nərə balığının qiyməti iki dəfə artıb. Belə ki, əvvəllər kiloqramı 30-40 manata təklif olunan balıq indi 80 manata satılır. Hərçənd, reportaj üçün getdiyimiz “8-ci kilometr” bazarında nərə balığına rast gəlmədik.
Bəs digər balıq növlərinin qiymətləri ötən mövsümlə müqayisədə necə dəyişib?
Alıcılar arasında qiymətdən narazı olanlar da var idi, razı olanlar da.
Alıcı Rafiq Mustafayev forel, Naxçıvan sazanına, kütümə üstünlük verir. O qiymətlərin münasib olduğunu dedi: “Pis deyil, münasib qiymətlərdir. Hər alıcı öz büdcəsinə uyğun balıq ala bilər. İmkanı çatan “beluqa” (ağ balıq), nərə balığı alır. İllərdir bu bazara gəlirəm. Burada balıqların qiyməti demək olar ki, dəyişmir. Yeni il ərəfəsində bütün balıqlar, xüsusilə kütümün qiyməti artır. Bu il o qədər də bahalaşma hiss etmirəm. Keçən il də farel 11 manat idi, bu il də 11 manatdır. Qiymətlər şəxsən məni qane edir”.
Elçin Səmədov isə dedi ki, keçən il nisbətən ucuzluq olub: “Bu il bütün balıq növlərində ən azı 1 manat bahalaşma var. Ən çox belamur, kefal və kütümün qiymətində qiymət artımı var. Xaricdən gələn balıq almıram, daha çox yerli balıqlara üstünlük verirəm, daha dadlı olur”.
Gülnarə Mahmudova da deyir ki, bahalaşma var. O dedi ki, xanı balığını əvvəl 5 manata alırdı, bu gün isə 7 manatdır.
Rauf Əzimov hər zaman balığı “8-ci kilometr” bazarından alır. O əsasən, forel və xanı balığına üstünlük verir: “Mingəçevir, Naxçıvandan gələn balıqları alıram. Deyilənə görə, ən dadlı balıq Naxçıvandan gəlir. İstəyərdim ki, bazarda nərə balığı da olsun, amma tapılmır. Tapılsa da, baha olur. Keçən il 50 manat idi. Deyirlər ki, qiyməti iki dəfə artıb. Bu bazarda nərə balığı tapmaq olmur. Yaxşı balığı qulağından tanımaq olar. Həm də əlinlə sıxanda gərək əti boş olmasın. Qiymətlərdə dəyişiklik hiss etmirəm. Məni qane edir”.
Rüstəm Əkbərov da balıqların qiymətinə artım hiss edir: “Hər şeyin qiyməti qalxıb. Balıqların qiymətində 10-15 faiz artım hiss olunur. Bu il balaca kütümün qiyməti böyük kütümün qiymətinə bərabərdir. Forelin qiyməti dəyişməyib. Bazarda hələ ki, bolluq yoxdur. Cürbəcür sazanlar ola bilərdi, kefallar daha böyük ola bilərdi. Havalar soyuduqda bəlkə seçim daha çox olar”.
Satıcılarla söhbətimizdə öyrəndik ki, bazarda yerli balıqlarla yanaşı, sərhədyanı ölkələrdən də gətirilən balıqlar satılır. Alıcılıq qabiliyyəti onları qane edir:
Zaur Nəcəfov Lənkəran, Neftçala, Mingəçevirdən gətirilən balıqları satır. Qiymətlərə gəlincə, satıcı kütümün qiymətində bahalaşma olduğunu bildirdi: “Lənkərandan kütüm, kefal, Neftçaladan sazan, kütüm, kefal, şahmayı, külmə, Bakıdan kütüm, kefal gətiririk. Mingəçevirdən Kür balıqları gətiririk- sıf, çapaq. Kütümün 1 kilosunun qiyməti 10-12 manatdır. Rusiyadan gətirilən sazanın kilosu 6 manatdır. Xanı, belamur, diri sazan vətəğə balıqlarıdır. Xanı balığı 6 manatdır. Sazanı 5 manata satırıq. Qiymət ölçüyə görə dəyişir. Şənbə-bazar günləri alıcılıq yaxşı olur. Gün ərzində 200 kiloqram balıq gətiririk, hamısı satılır”.
Satıcı Rafiq Orucov: “Balıq satışına sentyabrın 14-15-dən başlamışıq. Mahaçqaladan dəniz sazanı, İrandan farel gətiririk. Yerli balıqlardan kefal, Naxçıvan, Mingəçevirdən sıf, xanı, sazan, Neftçaladan belamur gətiririk. Sazanın 1 kilosunun qiyməti 6 manat 50 qəpik-7 manat 50 qəpik arasında dəyişir. Xanı balığının qiyməti 6 manatdan başlayır. Hər gün buzlanmış vəziyyətdə gətirilir. Qiymətlər bolluqdan asılıdır. Balıq bol olanda qiymət ən azı 0,50 AZN aşağı düşür. Qıtlıq olanda isə əksinə, 0,50 AZN yuxarı olur. Hələ ki, balıq qıtlığı müşahidə olunmur. Mövsüm yeni başlasa da, alıcılıq pis deyil. Ən çox satılan xanı balığıdır-həm sümüyü azdır, həm də cibə uyğundur. Təmizləyirik, doğrayırıq, veririk”.
Murtuz Abbasquliyevin piştaxtasında isə Türkiyədən gətirilən balıqlar gördük: “Türkiyədən gətirilən dorado balığının kilosunu 15 manata satırıq. Levrek isə 17 manatdır. Mahaçqaladan gətirilən sazanı 7 manata, diri sazan və xanı balığı 7 manatdır. Alıcılara elə qiymət təklif edirik ki, narazılıq olmur”.
Güləli Mayılovun piştaxtasında da bir neçə növ balıq satılır. O da mövsümün əvvəlində alıcılıq qabiliyyətinin qənaətbəxş olduğunu bildirdi: “Xanı balığı 6 manat, sazan 7 manat, farel balığı 11-12 manat, çupra 15 manat, dəniz sazanları 7 manat, Kürdən tutulan naqqanın kilosu 13 manatdır, 7-8 kiloluq balıqlardır. Nərə balığının ovu qadağan edildiyi üçün bazarda yoxdur”.
Balıq bazarında az miqdarda olsa da, kürü satılır. Forel balığının kürüsü kilosu 20-30 manat arasında dəyişir.
Bəs hansı balıq daha keyfiyyətlidir? Mütəxəssislər deyir ki, dəniz, çay balıqları faydalı elementlərlə, fosforla daha zəngindir. Çünki onlar təbii qidalanır. Süni vətəgə balıqları isə yemləmə ilə böyüdüyündən ətinin tərkibi zəngin olmur.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”