Haniyənin qətlində Çin amili: İsmayıl BUNLARA GÖRƏ qurban edildi

"Dünən baş verən hadisə ABŞ-dakı demokratlara, Çinə, Türkiyəyə, Qətərə, Misirə və İranda yeni hakimiyyətə başlamış Pezeşkian hökumətinə çox ciddi zərbə oldu".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi hadisəsini şərh edərkən deyib.

zeyna-1720441038.jpg (37 KB)

Politoloq qeyd edib ki, bununla İsrail istədiyinə çata bilib:

"HƏMAS öz içində 2 yerə bölünmüşdü: Bir tərəfdə Türkiyə - Qətər dəstəkli İsmayıl Haniyə, digər tərəfdə İran dəstəkli Xalid Məşal. Haniyə təşkilatın siyasi - diplomatik, Məşal isə hərbi rəhbəri idi. İsmayıl Haniyə İsraillə danışıqların tərəfdarı idi, Xalid Məşal isə danışıqları rədd edir və SEPAH, Hizbullah kimi qüvvələrlə birlikdə İsrailə qarşı müharibə aparmağı irəli sürürdü. Məşalın təşkilat içindəki ən böyük dəstəyi İranın Qüds Qüvvələrinin komandanı Qasım Süleymani idi. Süleymani ABŞ tərəfindən aradan götürdükdən sonra Məşal qrupunun təşkilat içərisindəki mövqeləri xeyli zəifləmişdi. HƏMAS-da ağırlığı əla alan İsmayıl Haniyə dərhal Türkiyənin vasitəçi ilə İsraillə danışırlara başladı. Ancaq Məşal qrupu İsrailə basqın edərək Netenyahunun əlinə oynadı və Qəzzada dəhşətli müharibə başladı. Çin bu yaxınlarda dövriyyə girdi, Haniyə ilə danışıqlar apararaq fələstinli qrupları birləşdirir. Bu isə illərdir İordan çayının qərb sahilində məskən salmış və korrupsiyaya bulaşmış Mahmud Abbas rejimi üçün böyük təhlükə demək idi. İsrail Çinin fələstinli qrupları birləşdirməsini qıcıqla qarşıladı və HƏMAS rəhbərliyində sülh istəyən siyasi rəhbərin oturmasını istəmirdi. Çünki İsrailin məqsədi HƏMAS-ın tam hərbi radikal-dini təşkilata çevrilməsi və Qərbdən HƏMAS-a qarşı maksimum dəstək əldə etmək idi. Uzun sözün qısası, İsmayıl Haniyə HƏMAS daxilindəki oyunlara və Çinin fələstinli qrupları barışdırmaq siyasətinə qurban getdi".

Politoloqun fikrincə, İsrail Haniyəni aradan götürməklə ən böyük mesajı Çinə vermiş oldu:

"Bu hadisə İranda SEPAH və mühafizəkar camiyanın and içən yeni prezident Məsud Pezeşkian üzərindəki ilk böyük qələbəsi idi. ABŞ-la yaxınlaşmaq siyasəti aparacaq Məsud Pezeşkian-Məhəmməd Cavad Zərif cütlüyü işə başlamadan uğursuzluğa düçar oldular. Fələstin mübarizəsinə göstərilən bütün yardımlar İsmayıl Haniyənin əlində cəmləşmişdi. İllərdir Məşal və qrupu bu pulu ələ keçirmək üçün mübarizə aparırdı. Artıq məqsədlərinə çatdılar. Xalid Məşal İrandakı bəzi qüvvələr və İsrailin ortaq dəstəyi ilə HƏMAS-ın vahid lideri oldu. Korrupsiya içində batan Mahmud Abbas isə ən böyük siyasi rəqibindən xilas oldu. İsrailin məqsədi HƏMAS liderini öldürmək və Yaxın Şərqdə sülh etmək olsaydı məntiqlə HƏMAS-ın siyasi yox, hərbi liderini aradan götürərdi. Demək ki, Netenyahu əksini arzulayır. Dünən baş verən hadisə ABŞ-dakı demokratlara, Çinə, Türkiyəyə, Qətərə, Misirə və İranda yeni hakimiyyətə başlamış Pezeşkian hökumətinə çox ciddi zərbə oldu".

Xalidə Gəray
Musavat.com

01.08.2024 16:28
1688