HƏMAS-ın siyasi qanadının (Siyasi Büronun) rəbəri İsmayıl Haniyənin Pezişkianın andiçmə mərasimi üçün getdiyi Tehranda hansı şəraitdə öldürülməsindən asılı olmayaraq, dünya yeni gərginliyə daha bir addım atdı. İsrail hələ bu sui-qəsddə əli olmasını üstlənməyib, amma buna gərək varmı? Haniyənin məhz İranda öldürülməsi Pezişkianın prezidentlik dönəmində Qərblə (yəni həm də İsraillə) münasibətlərində yumşalma ola biləcəyi gözləntilərinin içinə “gül qoydu”.
Bu sui-qəsdin necə gerçəkləşdirməsindən asılı olmayaraq, evinə gəlmiş qonağı öldürürlərsə, demək, əsas mesaj Tehranadır. Birinci mesaj odur ki, seçkidə mühafizakarların namizədinin deyil, islahatçı və qismən də Qərblə münasibətlərdə normallaşma mövqeyini gizlətməyən islahatçı Pezişkian belə, bizə vız gələr. Yəni “İran bizə, biz İrana düşmənik”. İndən sonra Pezişkian istəsə belə, heç bir yumşalmaya meyl edə bilməz, əksinə daha sərt İsrail üzərinə getməlidir. Prezidentinin köhnə helikopteldə qəzaya düşüb ölməsi hadisəsi İranın nüfuzuna zatən ciddi zərbə vurmuşdu. Bu sui-qəsdən sonra isə İranın müsəlman dünyasında etibarı qara qəpiklik oldu. Bu sui-qəsdi planlayanlar istəsəydilər, yəqin onu İrandan əvvəl olduğu Dubayda, ya da Qətərdə də öldürə bilərdilər. Amma Tehranda planladılar ki, İrana müsəlman dünyasında etibarı qalmasın...Bu, İranın atom alimlərinin öldürməsinə bənzəməz, Haniyəyə sui-qəsd fərqli situasiyadır. İsmayıl Haniyə gəzən “canlı bomba” idi, bəlli dövlətlərə ciddi təhlükə idi. Amma Haniyə ərəb dünyasında son illərin ən məşhur simalardan biri, sözsü ki, siyasi, ideoloji hərəkat lideri idi.
Bu sui-qəsd həm də Fələstinin, HƏMAS-ın, Hizbullahın dəstəkçilərinə mesajdır. İran daxil, Livana, Suriyaya, Yəmənə, İraqa hətta HƏMAS-la isti əlaqələri olan Rusiyaya da, Türkiyəyə də, hətta Çinə də mesajdır... Məlumatlar var ki, bugünlərdə Fələstindəki siyasi qruplar Pekində görüşüblər, bölgədə birgə fəaliyyətlə bağlı hətta razılaşma da imzalayıblar. Çin və İranın səhnəarxası sıx təmasları bəllidir, o səbəbdən bu sui-qəsd Pekinə də toxunur. Moskva və Ankara Haniyənin öldürülməsini dərhal pisləyib, cinayət hesab edib. Türkiyənin bu mövzuda həssaslığı bəllidir, o səbəbdən onsuz da gərgin olan Təl-Əviv-Ankara münasibətlərinin daha da pisləşəcəyi artıq qaçılmaz oldu.
Sui-qəsd necə edilib, hələ suallar çoxdur. İran tərəfi iddia edir ki, Haniyə savaş qaziləri üçün nəzərdə tutulan bunkerdə gecələyib. İran kəşfiyyatının maymaqlığı bir başqa mövzudur, amma Haniyə kimi birinin, həm də İranda öldürülməsi tək bir dövlətin işi olmaya da bilər. İddialara görə, Haniyəni “ağıllı raketlə” vurublar. Amerika hələ ki, reaksiya verməyib, orada gecədir, amma xəbərsiz olmaları əlbəttə mümkünsüzdür.
İsrailin hansısa rəsmisi “Haniyəsiz dünya daha rahat olacaq” deyib. Zənnimcə, yanlış yorum, əbəs gözləntidir. HƏMAS kimlər üçünsə terror təşkilatıdır, onların da öz arqumentləri var. Amma ərəb və əksər müsəlman ölkələri HƏMAS-ı və onun liderini fərqli qəbul edir. HƏMAS-ı Fələstin xalqının hüquqlarını qoruyan təşkilat, onu liderlərini mücahid hesab edirlər. Fələstin dövlətinin yaranmasını qəbul etmədən dünyanın rahatlanacağını düşünmək sadəlovhlükdür.
İsmayıl Haniyənin bir neçə ay əvvəl Qəzzanın bombardman zamanı üç oğlunun və nəvələrinin həlak olmasına reaksiyası haqda o vaxt yazmışdım. Haniyə bu boyda dərdin qarşılığında Allaha şükür etmişdi. Haniyə əlbəttə, şəhid elan ediləcək. Bunun intiqamını da almaq istəyəcəklər. Həm də təkcə bu gün deyil, sabah, fürsət olduğu hər zaman...
Belə rahat dünyamı olur?
Nazim SABİROĞLU,
Musavat.com