Azərbaycanda əhalinin həyat səviyyəsini pisləşdirən əsas amil olan inflyasiyanı sürətləndirən başlıca səbəb kimi hökumət idxalı göstərir. Müxtəlif dövlət qurumlarının analizində inflyasiyanı yaradan amillər sırasında idxal inflyasiyası, onun tərkibində isə ərzaq inflyasiyasını önə çəkirlər. Bu yanaşmanı müstəqil ekspertlər də doğru hesab edirlər.
Hökumət ərzaq məhsulları idxalını azaltmaq, xaricdən asılılığı minimuma endirmək üçün müəyyən addımlar atmağa başlayıb. Bu, xüsusilə sənaye emalından keçən ərzaq məhsullarına aiddir. Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi vergidən azad edilib. Onlar həmçinin həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Bu ilin yanvar ayında Nazirlər Kabineti idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının siyahısını təsdiq edib. Qərar xırtıldayan kökələr, suxarılar, qrenkalar və s. xırtıldayan məmulatlar, şirin peçenye və vaflilər, sair qurudulmuş və ya uzun müddət saxlanıla bilən çörək-bulka məmulatları, içsiz, bişirilməmiş və ya başqa üsulla hazırlanmamış makaron məmulatı, tərkibində yumurta olan və olmayan bişirilməmiş makaron məmulatları, içli, bişirilmiş və ya başqa üsulla hazırlanmış makaron məmulatı, çli, bişirilmiş və sair makaron məmulatları, kuskus, pasta şəkilli tərkibində kakao olan qida məhsulları, tərkibində kakao olmayan, ağ şokolad da daxil edilməklə şəkərdən şirniyyat məmulatı, bişirilmiş konfetləri (karamel, toffi və s.) əhatə edir.
Qərarda qeyd olunur ki, bu siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur. Xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil edilmir.
Onu da bildirək ki, Nazirlər Kabinetinin qərarında qeyd olunan ərzaq məhsullarının əksəriyyətinin yerli istehsalı var, lakin onların alıcısı elə də çox deyil. Bura makaron məmulatlarından tutmuş konfet, şokolad məhsullarına dair çoxsaylı ərzaq məhsullar aiddir. Bəziləri 20 ildən yuxarıdır istehsal olunsa da, yerli məhsullar bazarda yer tuta bilmir. Ekspertlərə görə, bunun əsas səbəbi istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin idxal məhsullarından xeyli geri qalmasıdır. Yerli istehsalçıların tətbiq etdiyi texnologiyalar yüksək keyfiyyətli məhsul istehsalına imkan vermir. Müasir texnologiyaların tətbiqi isə irihəcmli investisiyalar tələb edir. Belə investisiyaların özünü doğrultması üçün Azərbaycan bazarı yetərli deyil.
Bütün bunları nəzərə alsaq, Azərbaycanda qida sənayesini necə inkişaf etdirmək mümkündür? Bu sahəyə edilən güzəştlər, tanınan imtiyazlar inkişaf üçün hansı halda yetərli olar?
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2023-cü ildə əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 9,2 faiz artım müşahidə olunub. Bu sahənin əsas məhsullarından olan unlu qənnadı məmulatlarının istehsalı 16,5 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 3,9 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,1 faiz artıb.
Detallara diqqət yetirsək, 2023-cü ildə kolbasa məmulatları istehsalı əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 29 890,3 ton, meyvə şirələri 10,6 faiz azalaraq 4 818,6 min dekalitr, meyvə-tərəvəz konservləri 1,1 faiz artaraq 185722,8 ton, duru bitki yağları istehsalı 15,6 faiz azalaraq 40 949,4 ton, qaymaq, xama istehsalı 10,4 faiz artaraq 9 044,7 ton, kərə yağı istehsalı 4,4 faiz artaraq 27 022,0 ton, pendir və kəsmik istehsalı 7,4 faiz azalaraq 53 554,0 ton, unlu qənnadı məmulatları istehsalı 16,5 faiz artaraq 71 980,8 ton, makaron məmulatları istehsalı 44,67 faiz azalaraq 5 046,3 ton, şəkər istehsalı 17,6 faiz azalaraq 313,0 min ton, şəkərli qənnadı məmulatları istehsalı 3,9 faiz artaraq 11 122,4 ton, çay istehsalı 3,7 faiz azalaraq 11 592,2 ton, qida duzu istehsalı 5,6 faiz azalaraq 71,3 min ton təşkil edib.
Ölkənin ərzaq balansından aydın olur ki, 2022-ci ildə bilavasitə əhalinin istehlak etdiyi 31 644 ton “suxarı və peçenye, uzun müddət saxlanan qənnadı məmulatları”nın 23 143 tonu, 35 157 ton “kakao, şokolad və şəkərli qənnadı məmulatları”nın 28 987 tonu, 35 335 ton “makaron məmulatları”nın 16 913 tonu, istehlak etdiyi 85 278 ton bitki yağlarının saflaşdırılmamış xam bitki yağları daxil edilmədən 46 119 tonu, 39 890 ton kərə yağının 17 296 tonu xaricdən idxal edilib.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda ərzaq məhsullarının sənaye istehsalı çox zəif inkişaf edib: “Bu vəziyyətin aradan qaldırılması şablon bir reseptlə mümkün deyil. Bu, çoxsahəli kompleks yanaşma tələb edir. Bura həm stimullaşdırıcı vergi-gömrük siyasəti, həm əlverişli şərtlərlə maliyyə vəsaitlərinə sərbəst çıxış imkanı və sair aiddir. Azərbaycanda biznesin uzunmüddətli və aşağı faizli kreditlərə çıxışı yox dərəcəsindədir. Halbuki istehsal elə bir sahədir ki, orada yatırılan investisiyanın qayıtmağa başlaması 2-3 il vaxt apara bilər. Azərbaycanda kredit şərtləri elədir ki, götürmüsənsə, yatırdığın sahədən gəlir əldə etdin-etmədin, mütləq qaytarmağa başlamalısan. Halbuki istehsal başlayan sahibkara ən azı 2-3 il güzəşt müddəti təyin olunmalıdır”.
Ekspert bildirir ki, Azərbaycanda xarici investorların da burada istehsala investisiya yatırması üçün problemlər var: “Bazara çıxışda, müəssisənin yaradılmasında və sair çoxsaylı problemlər var. Ən azından ərzaq istehsalına investisiya yatıran xarici investorlar üçün bu problemlərin təsiri olmayan mühit yaratmaq olar”.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, qida məhsulları istehsalı sahəsi ölkədə digər sahələrdən daha yaxşı vəziyyətdədir: “Bu, iqtisadi mühitdən irəli gələn məsələdir. Hətta mən deyərdim, qida məhsulları istehsalı digər sahələrlə müqayisədə daha yaxşı vəziyyətdədir. Digər sahələrdə vəziyyət daha acınacaqlıdır. Ərzaq sahəsi həm əhalinin damaq dadı, istehsalçıların bazarda yer tutması, hökumətin bu sahəyə dəstəyi sayəsində digər sahələrdən daha irəli gedə bilib. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı balaca bazardır. Yerli istehsalçıların xarici bazarlara çıxışı olmadığı şəraitdə rəqabət mühiti yaranmır və bu da keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Digər tərəfdən, əhalinin alıcılıq gücü daha keyfiyyətli məhsula tələbatı artırmırsa, onda istehsalçılar da aşağı keyfiyyətli və aşağı qiymətli məhsul istehsalına yönəlirlər. Üçüncü bir tərəfdən, əsasən məmurlara bağlı biznesin strateji inkişaf planları olmur, qısamüddətli dövrdə daha böyük marja ilə mümkün qədər çox qazanmaq əsas məqsəd olur. Bu da son nəticədə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına investisiyaları minimuma endirir”.
Ekspert bildirir ki, hökumətin inflyasiyanı sürətləndirən əsas amil kimi ərzaq idxal inflyasiyasını önə çəkməsi doğru yanaşma deyil: “Qlobal ərzaq qiymətləri 1.5 ildir ucuzlaşır. Bu proses hələ indi-indi gəlib Azərbaycana çatır və çox cüzi həddə. Bunun da səbəbi inhisarçılıqdır. Rəqabət olmayan, inhisarların qaydaları diqtə etdiyi yerdə keyfiyyətə diqqət yetirilməsi mümkün deyil. Qida məhsulları idxalından asılılığı aradan qaldırmaq üçün ilk növbədə inhisarçılıq yox edilməli, bazara giriş hamı üçün azad olmalı, dövlətin güzəşt-dəstək mexanizmləri istisnasız olara hamı üçün eyni qaydada əlçatan olmalıdır. Bundan əlavə, mülkiyyətin toxunulmazlığı real şəkildə təmin edilməlidir. Bunlar edilərsə, həm yerli, həm də xarici investorların Azərbaycanda istehsala investisiya yatırmasına nail olmaq mümkündür”.
Dünya SAKİT,
“Yeni Müsavat”