Amerikada və bir çox Qərb ölkələrində hər il 31 oktyabrda "Halloween" bayramı ənənəvi şəkildə qeyd edilir. Həmin gün insanlar kostyumlar geyinərək, şirniyyat toplayaraq və müxtəlif tədbirlərdə iştirak edib bayramı qeyd edirlər.
Bəs "Halloween" bayramının mənfi və müsbət tərəfləri nələrdir?
Mövzu ilə bağlı Milli.Az-a psixoloq Fuad Əsəd açıqlama verib.
O bildirib ki, "Halloween" xaricdə yayılsa da, bizim ölkə üçün ənənəvi olmayan bir bayramdır. Xaricdə uşaqlar bu bayramla tanış olsa da, bizim uşaqların bu kimi bayramlar haqqında məlumatlı olmaması da ciddi problemdir. Uşaqlar xarici mədəniyyətlə tanış olmalıdırlar, çünki bu da bir kültürdür. Biz çalışmalıyıq ki, mədəniyyətimiz inkişaf etsin.
"Valideynlər uşaqlara xarici animasiyalar izlədərək bu bayramla tanış etməlidir. Ümumiyyətlə, bu bayramın müsbət təsirləri var. Kostyum seçimi, dekorasiyaların hazırlanması uşaqların psixologiyalarını, fantaziyalarını inkişaf etdirir. Uşaqlar həmçinin qorxu ilə sağlam şəkildə tanış olurlar, çünki burada valideynləri izah edir ki, bu sadəcə kostyumdur.
Çox maraqlıdır ki, bir çox universitetdə aparılan araşdırmalar göstərir ki, "Halloween"də iştirak edən uşaqlar gələcəkdə qorxuya qarşı daha dözümlü olurlar. Bu bayramın mənfi tərəfləri də var. Xüsusilə diqqət göstərmək lazımdır ki, uşaqlar filmlərdəki çox pis obrazların paltarlarını geyinməsinlər, daha yaxşı obrazların kostyumlarını seçməlidirlər. Geyinsələr belə, uşaqlar başa düşməlidirlər ki, bu sadəcə bir personajdır".
Psixoloq qeyd edib ki,digər mənfi tərəf isə bu bayramda uşaqların çox şəkər yeməsidir. Şəkər paylamaq bu bayramın özəlliklərindən biridir. Valideynlər bu məsələdə də diqqətli olmalıdırlar.