Hakimiyyətdən seçkilərlə bağlı sərt xəbərdarlıq

MSK-da Prezidentin köməkçisinin, DİN, prokurorluq və Ədliyyə Nazirliyi rəhbərliyinin də qatıldığı ümumrespublika müşavirəsi keçirildi; nazir müavini: “Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”

2024-cü il sentyabr ayının 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün iyulun 10-da Mərkəzi Seçki Komissiyasında müşavirə keçirilib. APA xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edilər.

MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılmışdı. Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir.

MSK sədri bildirib ki, 125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradılır. Xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərədə də ilk dəfə vətəndaşlar səs verəcək: “Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq: "Elə dünən orada yeni 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilərə xüsusi fikir veririk".

M.Pənahov qeyd edib ki, tələbləri pozan seçki komissiyaları cəzalandırılacaq. Seçkidə insanlarla düzgün davranmayan, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaq: “Biz belə hallarda məsələləri araşdıracağıq. Azərbaycanda seçkiləri müşahidə etmək istəyənlərə rədd cavabı verilməyib. Seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər. Azərbaycanda seçkilərdə müşahidəçilərə "yox" cavabı verilməyib, indiyə qədər belə hal olmayıb.

Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, media orqanları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların seçkiləri müşahidə etmək üçün jurnalist vəsiqəsini göstərmələri kifayətdir. Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir. Azərbaycanda seçkiləri müşahidə etmək üçün 3 qurum dəvət göndərir. Bizim geniş coğrafiyada əlaqələrimiz var. Artıq biz təşkilatlara dəvətlər göndəririk".

Məzahir Pənahov qeyd edib ki, məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Bəzi ölkələrdə bu veb-kameralardan seçkini müşahidə etmək üçün icazə alırlar. Amma Azərbaycanda belə deyil. Seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün vacib şərtlərdən biri də ölkədə ictimai-siyasi sabitlik olmasıdır. Bu da bizdə var”.

Azərbaycan Prezidentinin köməkçisi-Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev isə müşavirədə çıxışında bildirib ki, 2024-cü ilin sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin həyatında keçiriləcək ən böyük ikinci tədbirdir.

Prezidentin köməkçisi kimlərə xəbərdarlıq etdi?

Zeynal Nağdəliyev

Zeynal Nağdəliyev Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyətindən bəhs edib: “Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin bütün ərazilərində suverenlik bərpa edilib. Azad olunmuş ərazilərə 6 rayon üzrə 7762 nəfər üzvü olan ailələr köçürülüb. Bu dəfə isə orada seçicilərin daha yaxşı səs verə bilməsi üçün daha 8 seçki məntəqəsi yaradılıb. DSK və məntəqə seçki komissiyalarına normal iş şəraiti yaradılmalıdır. Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyası bu günlərdə yeni binaya köçürülüb”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir. Seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cü il iyunun 28-nə olan nəticələrə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var. Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın.

Ənənəvi olaraq biz sizinlə əvvəlki seçkilərdə olan nöqsanları danışmışıq. İndi də bunu danışmalıyıq ki, seçkiləri ədalətli keçirə bilək. Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları göstərib. 65 və 77 saylı dairə seçki komissiyalarının sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalıdır, hər kəs elə çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin.

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib".

Daxili işlər nazirinin müavini Oqtay Kərimov isə bildirib ki, şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir. Ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir. Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq: “Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq. Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.

Elçin Məmmədov partlayış yerində

Elçin Məmmədov 

Baş prokurorun birinci müavini Elçin Məmmədov isə qeyd edib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçki hüququ və onun əsas prinsiplərinin Azərbaycan Konstitusiyasında əksini tapdığını nəzərə çatdırıb.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə əhalinin reyestrində olan məlumatların MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olunduğunu söyləyib və bildirib ki, bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

11.07.2024 10:47
1766