Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Musavat.com report-a istinadən xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.
Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca "qəsdən yaralama"da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur. Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq.
Bundan əlavə, "idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında" qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur.
Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər.
Qeyd edək ki, Superliqanın XV turunun "Ankaragücü" - "Rizəspor" (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.