Göyçay sakini Mehman Məmmədov Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun qanunsuz əməllərindən şikayətçidir.
Deyir ki, hakim tərəfindən ittihama ona istinad edilməyən əlavə epizodlar daxil edilir, ittihamın həcmi süni şəkildə, hakimin öz istəyinə uyğun genişləndirilir.
Onun sözlərinə görə, bu faktları məhkəmə iclasının videoyazısına və iş materiallarına baxmaqla müəyyən etmək olar.
Mehman Məmmədov deyir ki, barəsində qanunsuz cinayət işi başlanıb və qanunsuz olaraq məhkəmə istintaqı aparılır.
Musavat.com-a müraciət edən vətəndaş bildirib ki, o, ötən il Göyçay rayon icra başçısı Natiq Ağayevin rəsmi icazəsi ilə rayonun Cəyirli kəndi ərazisində anbar tikdirib.
Tikinti işləri yekunlaşdıqdan sonra akt tərtib edərək barəsində cinayət işi başlanıb. Vətəndaşın sözlərinə görə, o, daşınmaz əmlakı (anbar binasını) qanunvericiliklə müəyyən olunan qaydalara uyğun inşa etdirib.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası məqsədilə Göyçay icra başçısı Natiq Ağayev bu ilin 5 martında obyektin istismarına icazə verib. Buna baxmayaraq, tikinti işləri yekunlaşdıqdan sonra sahibkar barəsində cinayət işi başlanıb və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib:
“Mən kənd təsərrüfatı ilə məşğul olub dolanan bir vətəndaşam. Tikinti apardığım ərazi də şəxsən özümə məxsusdur. Anbarı tam qaydalara uyğun inşa etdirmişəm. Tikinti işlərini 14 aprel 2023-cü ildə bitirmişəm. Bütün dövlət orqanlarından rəylər almışam. Amma bundan 3 gün sonra gəlib akt tərtib ediblər ki, tikinti dayandırılmalıdır. Yəni tikintini dayandırma qərarından əvvəl işlər artıq bitmişdi.
Bu fakt məhkəmə iclasında dindirilən bütün şahid ifadələri və sübutlarla təsdiq edilib. İttihamçının cinayət təqibindən imtina etməsi üçün kifayət qədər mötəbər sübutlar var. Lakin ittihamçı 8 aydır ki, məhkəmədə olan işlə hələ də tanış ola bilməyib. 8 aydan sonra işlə tanış olmağı barədə vəsatət verib”.
Mehman Məmmədov bildirib ki, barəsində akt tərtib olunduqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 222-3-cü - Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, işə Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə baxılır.
Vətəndaş ittihamda göstərilənlərin onun Konstitusiya və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarını, qanuni mənafelərini pozduğunu iddia edir:
“Müraciətlərim, vəkilimin vəsatətləri, ərizələrimiz və s. müzakirə olunmadan cavabsız qalır. Məhkəmə ittiham tərəfinin göstərdiklərini az qala elə sübut kimi qəbul edir. Hakim tərəfindən ittihama mənə istinad edilməyən əlavə epizodlar daxil edilir, ittihamın həcmi genişləndirilir. Bu faktları məhkəmə iclasının videoyazısına və iş materiallarına baxmaqla müəyyən etmək olar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com