Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manat olan 1750 metr TPP tipli kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrəhimov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb. Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Bundan əlavə, saxlanılan zaman keçirilən şəxsi axtarış zamanı ondan narkotik maddə - heroin də aşkarlanıb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.