"Hazırda Hacı Şahin Həsənlinin "Youtube" kanalının və sosial media hesablarının geri qaytarılması ilə bağlı işlər gedir. Aidiyyəti qurumlara kanalın ələ keçirilməsi ilə bağlı məlumat vermişik".
Bu barədə Musavat.com-a mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov bildirib.
Onun sözlərinə görə, mütəxəssislər kanalın 2-3 günə geri qaytarılacağını bildirib:
"Yenilik olan kimi məlumat verəcəyik".
Qeyd edək ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalıb. "Youtube" kanalı hakerlər tərəfindən ələ keçirilib.
Onu da nəzərə çatdıraq ki, Hacı Şahinin moizələri, çıxışları, duaları həmin səhifədə toplanmışdı. İnsanlar Hacı Şahin vəfat etdikdən sonra da daima o səhifələri izləyirdilər. Bu olay neçə gündür ki, müzakirə edilir, insanların hiddətinə səbəb olub. Mərhum ilahiyyatçının hesablarının məqsədli şəkildə ələ keçirildiyi də iddia edilir.
Afaq Mirayiq,
Musavat.com