Hacı Məmmədovun bandası ilə adı hallanan şəxs hakim qarşısına çıxarıldı

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəməsinin hazırlıq iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.

Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.

Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.

18.03.2024 15:37
1027