Hacı Əbdülün dediyi “hacıleylək” bu dəfə Münhendə

ABŞ-ın vitse-prezidenti Jeyms Vens Avropa liderlərini “quruldayan qurbağalar” kimi necə “uddu...”

Son iki gündə dünya mediasında ən çox müzakirə etdiyi mövzulardan biri də ABŞ-ın vitse-prezidenti Jeyms Vensin Münhen Təhlükəsizlik Konfransında Avropa liderlərini öz ölkələrində demokratiya və söz azadlığını boğmaqda ittiham etdiyi çıxışıdır. Bu ittihamlar Avropa liderləri arasında əsl isteriya yaradıb. Ukrayna münaqişəsi haqqında bir kəlmə də danışmayan Vens bütün çıxışını Avropada söz azadlığı və demokratiya ilə bağlı problemlərə həsr edib. Yeri gəlmişkən, Ceyms zamanında Trampı da çox tənqid edib, onun siyasətinə “dözmədiyi”ni bildirib. Lakin sonradan siyasətçi haqqında fikirlərini dəyişərək, onun haqqında yanıldığına diqqət çəkib...

40 yaşlı ABŞ vitse-prezidentinin 22 dəqiqə sürən çıxışında rejissorlar arada zalı da göstəriblər, dünyaya ağıl verən, Azərbaycan da daxil bəzi ölkələrə səhər-axşam demokratiya dərsi keçən Avropa liderləri anlaşılmaz durumda idilər. Kiyevin meri Kliçko da ordaydı, “nokaut” olmuş kimi baxırdı, Almaniyanın müdafiə nazirinin üzündə isə sanki ölkəsinə hücum edilməsi xəbərini almış ifadəsi vardı. İlk dəfə idi ki, belə bir auditoriyada onları bu cür danlayırdılar, həm də ABŞ dövləti adından...

Belə yerdə “qurbağa gölünə daş atılmış kimi idi” deyirlər. Xatırladınız, “Tövbə” cəmiyyətinin rəhmətlik rəhbəri Hacı Əbdülün vaxtilə Milli Məclisdəki məşhur qurbağalar və hacıleylək haqda dediyini. 90-cı illərin əvvəlində Azərbaycan siyasətində üzdə olan adamlardan biri olmuş Hacı Əbdülün danışdığı lətifənin mənası bu idi ki, qurbağalar çox quruldaşanda hacıleylək bir gün gəlib səsi çıxanları bir-bir udur. Vens Münhendə həmin hacıleylək, Avropa liderləri isə quruldayan qurbağalar idi sanki...

Vens deyib ki, “Avropa Amerika Birləşmiş Ştatlarının paylaşdığı fundamental dəyərlərdən geri çəkilir”. Məsələn, o deyib ki, Rumıniyada prezident seçkilərinin birinci turunun nəticələrinin ən çox səs toplayan namizədə səs verənlərin iradəsini heçə sayıb, “Rusiya ilə əlaqədə şübhəli bilib” nəticələrin ləğv edildiyini xatırladıb. “ Əgər demokratiyanız başqa bir ölkədən(Rusiyanın sosial media üzərindən seçkinin nəticələrinə təsir etməsi iddiasını nəzərdə tutur) gələn bir neçə yüz min dollarlıq rəqəmsal reklamla məhv edilə bilərsə, o demək əvvəldən nələrsə düz edilməyib”.

Daha sonra o, Avropa liderlərinə müraciət edib: “Əgər siz seçicilərinizdən qorxursunuzsa, o zaman Amerika sizə heç bir şəkildə kömək etməyəcək, siz də ABŞ üçün heç nə edə bilməyəcəksiniz. Sizə demokratik mandat lazımdır”."Medianı bağlamaq, seçkiləri məhdudlaşdırmaq və insanları siyasi prosesdən kənarlaşdırmaq - demokratiyanı qorumağın yolu deyil. Bu, onu məhv etməyin ən yaxşı yoludur", - deyə o, zalda oturanlara xitab edib.

Vitse-prezident Münhen Təhlükəsizlik Konfransının təşkilatçılarına da “ilişib”. Çıxışdan bəlli olub ki, təşkilatçılar konfransdakı panel müzakirələrdə həm sol, həm də sağçı partiyaların təmsilçilərinin iştirakını qadağan edilib. O, Avropadakı indiki vəziyyəti “soyuq müharibə” dövrü ilə müqayisə edib, senzuranın tətbiqi, kilsələrin bağlanması, seçkilərin ləğvini yada salıb.

Vensin çıxışı Avropa siyasətçiləri arasında ciddi narazılıq yaradıb. Almaniyanın müdafiə naziri ABŞ-ın vitse-prezidentinin Avropanın bəzi ölkələrindəki vəziyyəti avtoritar rejimlərlə müqayisə etməsindən qəzəblənib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə reaksiyalara daha orjinal münasibət bildirib. O, Avropa liderlərini “özlərini gözlərinə işıq faraları düşən maral kimi aparmamağa” çağırıb. Trampa gəlincə, Vensin çıxışını “parlaq” adlandırıb. CNN Trampın sözlərindən sitat gətirir: “Mən hesab edirəm ki, Avropada insanların söz azadlığı hüquqlarını itirdikləri doğrudur”.

Vensin çıxışı Trampın hakimiyyəti illərində ABŞ ilə “qoca qitə” arasında ideoloji mübarizənin kəskinləşəcəyinin anonsu kimi qiymətləndirilir. Vensin Avropanın “soyuq müharibə” dövrünə qayıtmasını xatırlatması ABŞ və Avropanın “bundan sonra nə olacağı” ilə bağlı fikirayrılığını göstərir. Avropa diplomatiyasının yeni rəhbəri Kaya Kallas Putin-Tramp formatında Ukrayna müzakirələrini “çirkli” adlandırıb, “məndə belə təsəvvür var ki, ABŞ Avropa ilə müharibəyə başlayır” deyib. Bu da maraqlı qiymətləndirmədi.

Avropa çoxdandır ciddi siyasi liderlər böhranı yaşayır. Görün, nə günə qalıblarsa, 40 yaşlı amerikalı onlara dövləti necə idarə etmək dərsi verir...Təkcə Şolts, Makron deyil, Marqaret Tetçer, Konrad Adenauer, Helmut Kol, Jak Şirak da yəqin ki, məzarda narahat oldular...

16.02.2025 15:13
4049