Haaqada həbsinə qərar verilən o qadın-keşiş arvadı, 9 uşaq anası…

Beynəlxalq Cinayət Məhkəməsinin həbsini istədiyi Rusiya Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova kimdir?

Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinlə bərabər Rusiya Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib.

2021-ci il oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Penza vilayətindən olan senator Mariya Lvova-Belovanı Uşaq Hüquqları üzrə Müvəkkil təyin edib. Bu vəzifədə o, Dövlət Dumasına deputat seçilən Anna Kuznetsovanı əvəzləyib.

Mariya Lvova-Belova 25 oktyabr 1984-cü ildə Penzada anadan olub. 2002-ci ildə Penza adına Mədəniyyət və İncəsənət Məktəbini bitirib. 2003-2005-ci illərdə Samara Dövlət Mədəniyyət və İncəsənət Akademiyasında təhsil alıb. O, Qubernatorlar Məktəbinin dördüncü buraxılışının məzunudur.

2000-2005-ci illərdə 5 və 1 nömrəli uşaq musiqi məktəblərində, Penza şəhər Mədəniyyət və İncəsənət Məktəbində gitara müəllimi işləyib. 2014-cü ildən Mariya Lvova-Belova fərdin sosial uyğunlaşmasının təşviqi üzrə qeyri-kommersiya təşkilatı təsis edib. Lui Armstronqun adını daşıyan reabilitasiya mərkəzində valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud gənclərin müstəqil həyata uyğunlaşmasına yardım edib.

2017-ci ildə Mariya Lvova-Belovanın təşəbbüsü ilə Penzada ağır dərəcəli əlilliyi olan gənclər üçün Rusiyada ilk “Veronikanın evi” pansionatı fəaliyyətə başlayıb. 2017-ci ilin iyunundan 2019-cu ilin yanvarına qədər - Rusiya Federasiyasının Vətəndaş Palatasının üzvü olub. 2018-ci ilin yanvarında o, Penza vilayətində Rusiya prezidentliyinə namizəd Vladimir Putinin vəkili olub.

2019-cu ilin fevralından - Ümumrusiya Xalq Cəbhəsinin Penza qərargahının həmsədri təyin edilib. 2019-cu ildə hakim “Vahid Rusiya” Partiyasından Penza şəhər Dumasına deputat seçilib.

1200.jpg (42 KB)

2019-cu ilin noyabrında o, rəsmən “Vahid Rusiya” ya qoşulub. Sonra partiya Baş Şurasının Rəyasət Heyətinin üzvü, Baş Şuranın vətəndaş cəmiyyətinə dəstək üzrə işçi qrupunun həmsədri olub.

2020-ci ildə Penza vilayətindən Rusiya Federasiya Şurasının üzvü- senator səlahiyyətləri verilib. Federasiya Şurasının sosial siyasət komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Evlidir. Həyat yoldaşı Pavel Kogelman Rus Pravoslav Kilsəsinin keşişidir. Ailədə hazırda doqquz uşaq böyüyür: beş uşaq özlərinindir, dördünü isə övladlığa götürüblər. Himayəsində daha səkkiz uşaq da var.

8082ef3d-acc8-4ccf-acd9-d0534eaf455c.jpg (33 KB)

Yeri gəlmişkən, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin və Uşaq Hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova barədə " qanunsuz qərarlar qəbul edən" konkret hakimləri kimliyini müəyyənləşdirmək tapşırıq verib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qərarların Rusiya üçün hüquqi cəhətdən etibarsız olduğunu bildirib.

 

Orxan ƏLİYEV,
Musavat.com

18.03.2023 00:41
1974