Statistik rəqəmlərdə fərqlər nədən qaynaqlanır; ekspert: "Avtomobillərin Gürcüstandan idxal kimi qeydə alınmaması iki ölkənin qarşılıqlı ticarətlə bağlı rəqəmləri arasında ciddi fərqlərə səbəb olur"
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 207,171 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azdır. Azərbaycanla ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 7 faizini təşkil edib.
Təqdirəlayiq haldır ki, Gürcüstan Statistika Xidməti ixracda ölkənin öz istehsalı olan məhsullarla reixracın dəyərini ayrılıqda qeyd edir. Məsələn, xidmətin statistikasından aydın olur ki, bu ilin 2 ayında Azərbaycanla ümumi ticarət dövriyyəsinin 99 milyon 459,39 min dollarını Gürcüstanın Azərbaycana ixracı təşkil edib ki, bunun da 17 milyon 47,11 min dolları sırf Gürcüstanın öz istehsalı olan mallar, qalanı reixracdır.
Ümumlikdə bu ilin iki ayında Gürcüstanın ixracı 803.3 milyon dollar təşkil edib ki, bunun da yalnız 372.4 milyon dolları öz məhsulları olub. Qalan ixrac reixracın hesabınadır.
2023-cü ildə isə 6 milyard 90.6 milyon dollarlıq ixracın 2 milyard 791.5 milyon dolları Gürcüstan istehsallı məhsulların payıdır.
2024-cü ilin iki ayı ərzində Gürcüstanın ixracında ən böyük artım qiymətli metal filizləri və konsentratlarının (təxminən 170 faiz), dərman vasitələrinin (99,6 faiz) və spirtli içkilərin (45,2 faiz) ixracında olub.
İlin əvvəlindən yalnız ferroərintilərin ixracı (41,3 faiz), o cümlədən emal olunmamış və ya yarım emal olunmuş və ya toz halında olan qızılın (14,2 faiz) ixracı azalıb.
Gürcüstana neft və neft məhsulları, minik avtomobilləri, neft qazı və qaz halında olan karbohidrogenlər, əlavə emal edilməmiş karbon polad çubuqlar, dərman vasitələri, mobil və ya digər rabitə üçün telefon aparatları, yük maşınları, kompüterlər və onların komponentləri, peyvəndlər, qan və immun zərdablar və sair idxal olunur.
Bu ilin iki ayında ən çox təyyarə idxalı (470,3 faiz), əlavə emal olunmayan karbon polad çubuqlar (137,5 faiz) və yük avtomobilləri (93,7 faiz) artıb.
İlin əvvəlindən yalnız minik avtomobillərinin idxalı (35,9 faiz), o cümlədən neft qazı və qaz halında olan karbohidrogenlərin (27,7 faiz) idxalı azalıb.
İki ayda Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşları arasında birinci yerdədir. 2024-cü ilin yanvar-fevral aylarında qonşu ölkə ilə xarici ticarət dövriyyəsi 471,8 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 16 faizini təşkil edir.
Rusiya ilə ticarət 11,7 faiz azalmaqla 410,6 milyon dollar, Çinlə ticarət 10,2 faiz azalmaqla 221,7 milyon dollar təşkil edib.
Azərbaycanla Gürcüstan arasında ticarətdə mühüm payı olan məhsullar hansılardır? Azərbaycandan ixracda əsas yeri sözsüz ki, neft, qaz və neft məhsulları tutur. Ondan sonra elektrik enerjisi gəlir ki, onun da isthesalı neft-qaz hesabınadır. Bu ilin yanvarında Azərbaycan Gürcüstana 12,6 milyon dollarlıq elektrik enerjisi, 26 milyon dollarlıq qaz, 13 milyon dollarlıq qazoyllar ixrac edib. Bu, birinci aydakı 65,3 milyon dollarlıq ixracın 79 faizi deməkdir. Qeyri-neft-qaz məhsulları arasında əsas yeri sement klinkerləri tutur - yanvarda 3,4 milyon dollarlıq ixrac qeydə alınıb.
Gürcüstandan idxala gəlincə, burada əsas yeri diri iribuynuzlu heyvanlar(2023-cü ildə 19,5 milyon dollar dəyərində 35 340 baş), diri qoyunlar (16,4 milyon dollar dəyərində 218 191 baş), sular, alkoqolsuz içkilər, energetik içkilər (13,8 milyon dollar), heyvan yemləri (2,6 milyon dollar), ev toyuqlarının əti və əlavə məhsulları (7,5 milyon dollar), kartof (1,2 milyon dollar), digər çörək-bulka və unlu qənnadı məmulatları (2 milyon dollar), qara metallurgiya, neft-kimya sənayesi məhsulları və sair tutur.
Maraqlıdır ki, Azərbaycan statistikasında Gürcüstandan avtomobil ixracı əksini tapmır. Dövlət Gömrük Komitəsi bunu avtomobillərin istehsal ölkəsi üzrə qeydə alınması ilə izah edir.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli isə bu metodologiyanı doğru hesab etmir: “Məlumata görə, 2023-cü ildə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2 faiz artaraq 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2 faizi), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1 faiz artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2 faizi) olub. Biz ilk dəfə Gürcüstandan satdığımızdan çox mal-məhsul almışıq. Amma başqa məsələ də var: Azərbaycan Gömrük Komitəsi tamam başqa məlumatlar yayıb. Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2023-cü ildə Gürcüstanla ticarət dövriyyəmiz cəmi 885 milyon 826 min dollar olub. Və biz Gürcüstana 759,5 milyon dollarlıq mal satmışıq, Gürcüstandan isə guya 126,3 milyon dollarlıq mal-məhsul almışıq. Gürcüstandan ən çox aldığımız avtomobillərdir. Rəsmi Tiflis elan etdi ki, 2023-cü ildə Azərbaycana 437 milyon dollar dəyərində 22 393 ədəd avtomobil satıb. Bizim rəsmi qurumlarımız isə iddia edir ki, Gürcüstandan 2023-cü ildə cəmi 132 minik avtomobili almışıq, bunun üçün isə cəmi 11,5 milyon dollar pul ödəmişik.
Yaxşı, Azərbaycan rəsmiləri nədən “metodologiya” dəyişikliyi adı altında Gürcüstandan alınan maşınların sayını və ödənilən məbləğı azaldıblar?! Bəli, yuxarıda da qeyd etdiyim kimi, ayıb olurdu, neft-qaz ölkəsi Azərbaycan Gürcüstanla ticarətdə mənfi saldoya düşmüşdü. Hə, yaxşı, yeni “metodologiya” nədir görəsən?! Gürcüstan maşın istehsal etmir, oradan alınan maşınlar Almaniya, Yaponiya, Koreya, ABŞ və s. istehsallıdır. İdxal statistikası bəyəm istehsal edilən ölkəyə görə aparılır? Bizim statistika Gürcüstandan idxal olunan avtomobilləri istehsalçı ölkədən idxal kimi qeyd edib?! Belədirsə, absurddur axı, qarışıqlıq yaranır, normal göstəricilər əldə etmək mümkün olmur. Yaxşı, o zaman daha irəli getsinlər, məsələn, Gürcüstandan alınan Koreya maşınının motoru Avropadan, şüşələri Avstraliyadan alınırsa, elə maşınları da kağız üzərində “zapçast” edib elə qeyd etsinlər.
Avtomobillərin Gürcüstandan idxal kimi qeydə alınmaması iki ölkənin qarşılıqlı ticarətlə bağlı rəqəmləri arasında ciddi fərqlərə səbəb olur. Məsələn, Azərbaycan Dövlət Gömrük Komitəsi iki ayda Gürcüstana ixracımızın 115 milyon 150.28 min dollar, idxalımızın isə 12 milyon 192.16 min dollar təşkil etdiyini bəyan edir. Bu isə o deməkdir ki, Gürcüstan Statistika Xidmətinin açıqladığı rəqəmlərlə bu rəqəmlər arasında 79,8 milyon dollarlıq fərq yaranır.
İdxal olunan məhsulun istehsal ölkəsinə görə qeydə alınması metodologiyasının, məsələn, qoyun-keçi və diri iribuynuzlu mal-qara idxalında da tətbiq olunub-olunmadığı maraq doğurur. Belə ki, Gürcüstan Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə Gürcüstandan diri qoyun və keçilərin ixracı 2022-ci illə müqayisədə iki dəfə artıb. İl ərzində Gürcüstandan 44,1 milyon dollar dəyərində qoyun və keçi ixrac edilib, halbuki 2022-ci ildə bu rəqəm 22,1 milyon dollar olub.
Gürcüstan Qoyunçuluq Assosiasiyasının rəhbərinin sözlərinə görə, 2023-cü ildə gürcü diri qoyunları Azərbaycan və İraqa ixrac edilib. Onun sözlərinə görə, reallıqda Gürcüstanın o qədər qoyun ixracı potensialı yoxdur: “Gürcüstandan 2023-cü ildə 400 min qoyun ixrac edilib, amma bizim qoyunlarımız heç vaxt 200-250 mindən çox olmayıb, bu isə o deməkdir ki, bundan yuxarı hər şey reeksportdur, yəqin Rusiyadandır”.
Azərbaycan statistikasına baxsaq, ötən il ərzində Gürcüstandan 218 min başdan yuxarı diri qoyun idxal olunduğu görünür. Bu rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, qonşu ölkə özünün bütün qoyunlarının 90 faizindən çoxunu - ana-bala fərqi qoymadan bizə satıb. Amma reallıq budur ki, Gürcüstandan Azərbaycana əsasən ətlik üçün böyüdülən quzular gətirilir, burada bir neçə ay bəsləndikdən sonra kəsimə verilir. Eyni proses diri iribuynuzlu mal-qara ilə bağlı da baş verir. Azərbaycanlı iş adamları diri malı Gürcüstandan bir neçə aylıq yaşda alıb gətirir, burada 5-6 ay bəslədikdən sonra kəsimə verir. Gürcüstanın rəsmi statistikasına əsasən, 2023-cü ildə cəmi iki ölkəyə diri iribuynuzlu heyvan ixrac olunub: İraqa 59,6 milyon dollarlıq, Azərbaycana isə 19,2 milyon dollarlıq. Yenə də sahə mütəxəssisləri bildirirlər ki, ixracın artımında mühüm pay Rusiyadan reixraca malikdir. Azərbaycana ixracla bağlı rəqəm bizim statistikanın açıqladığı rəqəmlə üst-üstə düşür. Bu isə o deməkdir ki, Azərbaycan rəsmi qurumları Gürcüstanın Rusiyadan reixrac etdiyi diri qoyunlar, iribuynuzlu mal-qaraya yanaşmada istehsal ölkəsi prinsipindən bəhrələnməyib.
Yeri gəlmişkən, Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin azalmasında qonşu ölkənin bizdən təbii qaz və elektrik enerjisi idxalını azaltması mühüm rol oynayıb. Belə ki, yalnız bu ilin yanvarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10 milyon dollar təbii qaz, 1 milyon dollar isə elektrik enerjisi idxalında azalma qeydə alınıb.
Dünya SAKİT,
“Yeni Müsavat”