Gürcüstanın valyuta ehtiyatları sürətlə əriyir: lari dəyərsizləşir – Mərkəzi Bank...

Gürcüstan Milli Bankı bu gün yenidən bazara 60 milyon dollar dəyərində valyuta müdaxiləsi həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Bankın İnternet saytında yerləşdirilən press-relizdə məlumat açıqlanıb.

Açıqlamaya görə, təklif olunan 60 milyon dolların hamısı alınıb: "Bu müdaxilənin məqsədi birdəfəlik iri əməliyyatlar nəticəsində bazar gözləntilərinə mümkün mənfi təsirləri azaltmaqdır".

Milli Bank izah edib ki, “birdəfəlik iri əməliyyatlar, xüsusən də maliyyə sektorunda əvvəlki illərdə lari verilmiş öhdəliklərin ödənilməsi, dividendlərin ödənilməsi xarici valyutaya tələbi müvəqqəti artırır”. Məzənnənin həddindən artıq dalğalanmasının qarşısını almaq üçün Milli Bank valyuta hərraclarına xarici valyuta çıxarır.

Bu arada, larinin məzənnə itkisi davam edir: may ayında 3,9 faiz ucuzlaşdıqdan sonra iyunun 1-dən iyunun 11-dək olan dövrdə lari ABŞ dollarına nisbətdə 1,9 faiz daha zəifləyib.

Gürcüstanın valyuta bazarında xarici valyutaya tələbat mayın ortalarından Gürcüstanda daxili siyasi böhran fonunda ölkə hakimiyyətinin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi ilə əlaqədar artıb. Ayın ikinci yarısında Milli Bank larinin məzənnəsini dəstəkləmək üçün iki dəfə ümumi məbləği 109 milyon dollar olan valyuta intervensiyalarına əl atmağa məcbur olub.
Milli valyutanın zəifləməsi Gürcüstanda inflyasiyanın da sürətlənməsinə səbəb olub. 2024-cü ilin may ayında illik inflyasiya apreldə 1,5 faiz, martda 0,5 faiz və fevralda 0,3 faiz artdıqdan sonra 2 faizə (son 12 ayın ən yüksək göstəricisi) çatıb.

Bundan başqa, may ayında Gürcüstanın beynəlxalq ehtiyatları xeyli azalıb. Ölkə Mərkəsi Bankının məlumatına görə, 31 dekabr 2023-cü il tarixinə olan 5 milyard dollara qarşı 31 may 2024-cü il tarixinə bu göstərici 8,2 faiz və ya 409,65 milyon dollar azalaraq 4,6 milyard dollar təşkil edib.

Təkcə may ayında beynəlxalq ehtiyatlar 4,5 faiz və ya 214,4 milyon dollar azalıb.

Musavat.com

11.06.2024 17:01
946