Gürcüstanın valyuta bazarı qarışdı: Banklar sürətlə dəyərsizləşir

Gürcüstan Milli Bankı bu gün son iki həftə ərzində ikinci dəfə valyuta intervensiyaları edərək bazara 60 milyon dollar təklif edib.

Musavat.com xəbər verir ki, belə açıqlama Gürcüstan Milli Bankının saytında yerləşdirilib.

Məlumatdan aydın olur ki, tənzimləyici 47,8 milyon dollar xarici valyuta satıb.

Qeyd edək ki, Gürcüstan Milli Bankı sonuncu dəfə mayın 16-da milli valyutanın məzənnəsini sabitləşdirmək üçün 60 milyon dollar sataraq valyuta intervensiyaları həyata keçirib.

Mayın 15-dən mayın 28-dək olan müddətdə larinin məzənnəsi demək olar ki, 3 faiz azalaraq 2768 lari/1 dollar olub.
Gürcüstan parlamenti mayın 15-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul etdikdən sonra başlanan kütləvi etirazlar, həmçinin Avropa İttifaqı və ABŞ-ın sərt mövqeyi üzündən larinin məzənnəsi zəifləməyə başlayıb.

Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili ölkə Konstitusiyası və Avropa standartlarına zidd olan qanuna veto qoyub. Parlament çoxluğunun (indiki hökuməti formalaşdıran “Gürcü arzusu” partiyası) təşəbbüsü ilə mayın 28-də parlament prezidentin vetosunun aradan qaldırılması proseduruna başlayıb.

Qanunun qəbulu ilə əlaqədar Gürcüstanda yaranmış daxili siyasi böhran London Fond Birjasında yer alan iki ən böyük gürcü bankının - Bank of Georgia Group və TBC Bank Group-un səhmlərinin qiymətinin aşağı düşməsinə səbəb olub və onlar təxminən 20 faiz ucuzlaşıb. Bu gün ərzində kotirovkaların azalması davam edib, hərracların açılışından sonra Bank of Georgia Group-un səhmləri 1 faiz, TBC Bank Group - 2,3 faiz ucuzlaşıb.

Musavat.com

28.05.2024 18:00
2460