Gürcüstanın din siyasətində maraqlı gəlişmə - azərbaycanlı ilahiyyatçının şərhi

Ceyhun Məmmədov: “Tiflis Avropanın təsirlərindən xilas olmaq üçün bu yolu seçib, biz isə...”

Qonşu Gürcüstan özünün din siyasətində dəyişiklik etməyə hazırlaşır. Bu barədə danışan baş nazir İrakli Kobaxidze bildirib ki, “konstitusiyada pravoslavlığın statusunu yenidən müəyyən edəcək müddəa yer alacaq və bu, ölkənin ən mühüm institutu kimi pravoslav kilsəsində öz əksini tapacaq”.

Hökumət başçısının sözlərinə görə, beləcə, konstitusiyaya pravoslavlığın Gürcüstan dövlətinin kimliyinin əsasını təşkil etdiyi qeydi daxil ediləcək.

“Pravoslav Kilsəsinin rolu ilə bağlı daha bir yazıya aydınlıq gətirmək də vacibdir. İndiki redaktədə pravoslav kilsəsinin Gürcüstan tarixində mühüm rol oynadığı bildirilir. Ancaq biz hesab edirik ki, ölkəmizdə mövcud olan reallıq təkcə tarixdə deyil, həm də bu günümüzdə öz dəqiq əksini tapmalıdır. Müasir dövrümüzdə pravoslav kilsəsi mühüm rol oynayır və identikliyimizin sütunudur. Bu mühüm düzəliş Gürcüstan Konstitusiyasına daxil ediləcək”, - baş nazir vurğulayıb.

Bəs niyə məhz indi? Bu təşəbbüsdə hansısa siyasi çalar və ya Rusiyaya reverans yoxdur ki? Məsələ ondadır ki, Rusiyanın da əsas dini pravoslavlıqdır. Nəhayət, qonşu ölkə əhalisinin mühüm hissəsini təşkil edən azərbaycanlı əhalinin inancına (İslama, GMİ-yə - Gürcüstan Müsəlmanları İdarəsi) bunun yaxından-uzaqdan neqativ təsiri mümkünmü? Azərbaycan Konstitusiyasında analoji bənd yer alırmı?

Qeyd edək ki, Gürcü Pravoslav Kilsəsi vətəndaş müharibəsi, separatizm, işsizlik, yoxsulluqla xarakterizə olunan postsovet xaosu və qeyri-müəyyənliyi fonunda ölkənin ən nüfuzlu qurumu kimi ortaya çıxıb. Yerli əhali arasında böyük hörmətə malik Patriarx II İlianın rəhbərliyi altında güclü geridönüş etmiş kilsə üç onillik ərzində yalnız gücünü artıraraq həyatın hər sahəsinə müdaxilə edən siyasiləşmiş bir qurum halına gəlib. Gürcü pravoslavlığının milli kimliyin vacib elementi kimi qəbul edilməsi kilsənin qüdrətini ayaqda saxlayır: hətta dinin dövlətdən ayrı olduğunu bəyan edən konstitusiya belə Gürcü Pravoslav Kilsəsinin ölkə tarixindəki xüsusi rolunu vurğulayır.

Tanınmış siyasi analitik Gia Nodiyanın sözlərinə görə, Gürcüstanda dövlət faktiki olaraq suverenliyin bir hissəsini ölkənin həmidarəçisi kimi fəaliyyət göstərən Pravoslav Kilsəsi ilə bölüşüb. Həm kilsə, həm də onun lideri II İlia o qədər böyük nüfuza malikdir ki, Gürcüstanın az qala teokratiyaya çevrildiyi belə spekulyasiya edilir.

Patriarxlığın bu cür qüdrət və nüfuzunu nəzərə alan gürcü siyasətçilər, əsasən da iqtidarda olanlar adətən onun dəstəyini qazanmağa çalışıblar: Şevardnadzenin dövründə Gürcü Pravoslav Kilsəsi 2002-ci il konkordatı ilə xüsusi status əldə etdi, Saakaşvili zamanında ruhanilər bahalı nəqliyyat vasitələri və lüks malikanələrə sahib oldular, İvanişvili də onları daha çox subsidiya və imtiyaz təmin ilə təmin edib. Dini rəhbərliyin dəstəyini təmin etmək cəhdlərinə paralel olaraq, hər bir lider həmçinin kilsənin təsirini zəiflətməkdə maraqlı olub.

Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı hesabat  təqdim edib | innews.media

Ceyhun Məmmədov

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Gürcüstan Konstitusiyasında belə bir müddəanın öz əksini tapması normaldır: “Onsuz da Gürcüstan Konstitusiyasında əsas dininin gürcü-pravoslav inancı olduğu ifadə olunub. Bu gün biz Cənubi Qafqaza baxanda Ermənistan Konstitusiyasında erməni-qriqoryan, Gürcüstanda isə bu gürcü-pravoslavdır. Azərbaycanda isə bu fərqlidir. 1995-ci ildə Ulu öndər Heydər Əliyevə təklif olundu ki, bu, konstitusiyada öz əksini tapsın, o razılaşmadı.  Azərbaycanın Konstitusiyasında bütün dinlər qanun qarşısında bərabərdir. Heç bir dinin digər dindən üstünlüyü yoxdur. Hesab edirəm ki, ən doğru, ən sağlam yanaşma da budur. Gürcüstanda isə tamamilə fərqlidir. Ümumiyyətlə, Gürcüstanın həm keçmişində, həm də bu günündə kilsə böyük rol oynayıb. Bu gün də gürcü kilsəsi gürcü cəmiyyətində, hakimiyyətində böyük nüfuza və mövqeyə malikdir. Bu gün kilsə Gürcüstanın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin qorunmasında xüsusi yer tutur. Rusiyada da bu belədir. Bəzən bu məsələyə o qədər də fikir verilmir. Amma burada məsələnin mahiyyəti  odur ki, həm rus-pravoslav, həm də gürcü-pravoslav kilsəsində bu məqam xüsusi önəm daşıyır. Çoxları bilməsə də, bu gün həm rus, həm də gürcü cəmiyyətinin ayaqda qalmasında bu məsələnin rolu böyükdür. Əslində Qərb bizdə olduğu kimi, Rusiya və Gürcüstanda da çalışdı ki, onların ənənə və inanclarını, ənənəvi dinlərini sıradan çıxarsın. Amma buna nail ola bilmədi. Çünki həm Rusiyada, həm də Gürcüstanda dini ənənələr güclüdür. Dövlətin də siyasətində dini ənənələrin rolunun güclənməsi hər zaman önəmli yer tutub. Ona görə də düşünmürəm ki, bu məsələ bilavasitə Rusiya amilinə görə baş verib. Gürcülər özləri də görürlər ki, onlar öz milli varlıqlarını qorumaq üçün belə bir addıma getməlidirlər. Bu addıma getmədən onlar cəmiyyəti qoruya bilməyəcəklər. Ona görə də çox düşünülmüş, ağıllı formada bu addımları atırlar, doğru da edirlər.  Hər bir dövlətin, xüsusilə kiçik dövlətin ayaqda qalmasında ideologiyalar mühüm rol oynayır. İdeologiya sözü Qərbdə fərqli məna kimi qəbul edilir, o qədər də xoş qarşılanmır. Amma mən hesab edirəm ki, bizim cəmiyyətlərdə ideologiyaların rolu olduqca önəmlidir, təsiri də böyükdür. Gürcüstan da Avropanın təsirlərindən, onları sıxışdırmasından xilas olmaq üçün bu yolu seçib. Onu da nəzərə almalıyıq ki, gürcü-pravoslavla rus-pravoslav eyni deyil, tamamilə fərqlidirlər. Azərbaycanda isə bu məsələ fərqli olmalıdır. Cümhuriyyətin dövründəki din, demokratiya, türkçülük ideologiyası davam etməlidir.  Bizim varlığımız, ayaqda qalmağımız da oradan keçib. Konstitusiyada belə bir müddəanın yer almasına ehtiyac yoxdur. Bunu biz reallıqda həyata keçirə bilərik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

03.09.2024 10:43
1049