Milli Məclisin deputatları Gürcüstandakı parlament seçkilərini müşahidə ediblər. Nümayəndə heyətinin tərkibində qonşu ölkəyə səfər etmiş deputat Sahib Alıyev seçkilər və seçkisonrakı situasiya ilə bağlı Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Sahib bəy, 26 oktyabrda Gürcüstandakı parlament seçkilərini yaxından müşahidə etmək imkanınız oldu. Müşahidələrinizi bölüşməyinizi xahiş edirik.Nəticələri şübhəli sayanların arqumentlərinə qarşı nə deyə bilərsiniz?
- Azərbaycan Milli Məclisin üzvləri, o sıradan da mən Gürcüstanda iki şəhərdə seçkilərin gedişini izləyə bildik-Tiflisdə və Rustavidə. Baş çəkdiyimiz seçki məntəqələrinində yüksək seçici fəallığı gördük və həmən məntəqələrdə olduğumuz müddətdə hər hansı ciddi qanun pozuntusu ilə rastlaşmadıq. Şəxsən mən bütün məntəqələrdə seçkinin gedişini proses başlayandan izləyən partiya və QHT təmsilçilərinə yaxınlaşaraq hər hansı iradlarının olub-olmadığını soruşurdum. Onlardan da heç bir narazılıq eşitmədim. Yeri gəlmişkən, bilindiyi kimi, “Gürcü arzusu” 4 şəhərdə qələbə çalmayıb ki, onların arasında Tiflislə Rustavi də var. Ümumiyyətlə, seçkinin gedişini ötəri izləməklə o haqda Azərbaycanofob Natali Luazon kimi qəti fikir söyləmək, Gürcüstanda seçki saxtalaşdırılıb demək, məsuliyyətsizlikdir və degenaratlıqdir.
- Hakim “Gürcü arzusu” səslərin təqribən 54 faizinə sahibləndi. Müxalifətin koalisiyası uduzsa da, çox iddialıdır və mübarizəni davam etdirəcəyini bəyan edib. Bu, qonşu ölkə ilə bağlı hansı proqnozları verməyə əsas yaradır? Elan olunan aksiyalar geridönüşə səbəb ola bilərmi?
- Dörd il bundan qabaq da Gürcüstanda müxalifət seçkinin nəticəsini tanımadığını deyir və boykota hədələyirdi. Ancaq qərbdəki bəlli çevrələr bununla məqsədlərinə çatmayacaqlarını görüb, onlara məsləhət bildilər ki, boykota son qoysunlar. Tam da olmasa, yenə buna bənzər bir reallıqla üzləşəcıyimizi düşünürəm.
- Gürcüstan prezidentinin nəticələri tanımaması və xalqı etirazlara çağırması ölkədə xaosun yaşanmasına, vətəndaş toqquşmasına gətirib çıxara bilərmi?
- Hazırda Gürcüstanda vəziyyət tam hakimiyyətin nəzarətindədir və nəzarətindən çıxacağını da düşünmürəm. Açığı, çıxmasını da istəmirəm. Çünki fikirləşmirəm ki, Gürcüstanda qarşıdurma yaratmaq istəyənlər gürcü xalqının maraqlarından çıxış edirlər.
- Heç şübhəsiz ki, azərbaycanlı seçicilərin aktivliyi və hakim partiyaya etimadı da nətiəcələrdə öz sözünü dedi. Necə bilirsiniz, soydaşlarımızın dövlətin, dövlətçiliyin yanında olması Gürcüstan hakimiyyəti tərəfdindən dəyərləndiriləcəkmi? Azərbaycanlılarla təmas imkanlarınız oldumu?
- “Gürcü arzusu”nun qazandıqları səslərin təqribən 8 faizinin orada yaşayan azərbaycanlılarınkı olduğunu yaxşı bilirlər. Və onu da yaxşı bilirlər ki, bizim Gürcüstan vətəndaşı olan soydaşlarımızın əksəriyyəti ölkələrinin heç bir qüvvənin təsiri altında olmadan, öz mentalitetinə uyğun siyasət yeritməsi tərəfdarıdırlar. Eyni zamanda müəyyən problemlərlə də rastlaşırlar ki, ümid edirəm qarşıdakı 4 ildə onların bir çoxu aradan qaldırılacaq.
- Sahib bəy, hesab etmək olarmı ki, Qərb Gürcüstanda Rusiyaya uduzdu? Ümumi atmosfer necədir, gürcülərin əhval-ruhiyyəsi necədir, onlar ölkə ərazilərini qəsb etmiş Rusiyaya yaxınlaşmaq xəttinə üstünlük verirlər, yoxsa Gürcüstana sanksiyalar tətbiq etməyə başlayan Qərbə sarı üz çevirməyi zəruri sayırlar?
- Qərb Gürcüstanda uduzubsa, uduzduğunun adı Rusiya deyil, elə Gürcüstandır. Mən “Gürcü arzusu”nun guya Moskvanın diqtəsi altında hərəkət edəcəyi haqda nağıllara inanmıram. Bildiyim qədər Gürcüstan müstəqil siyasət yeritmək, öz milli maraqlarından çıxış etmək və beynəlxalq subyektliyini artırmağa çalışır. Qərbdəkilər də rəsmi Tiflisə guya Rusiyaya yaxınlaşmaq istəyinə görə yox, məhz öz milli maraqlarından çıxş etməyə üstünlük verdiyinə görə təzyiq göstərirlər.
- Qonşu ölkədə ümumi atmosfer necədir, gürcülərin əhval-ruhiyyəsi necədir, onlar ölkə ərazilərini qəsb etmiş Rusiyaya yaxınlaşmaq xəttinə üstünlük verirlər, yoxsa Gürcüstana sanksiyalar tətbiq etməyə başlayan Qərbə sarı üz çevirməyi zəruri sayırlar?
- Bilirsiniz, Gürcüstan-Rusiya əlaqələrinin gələcəyi, təkcə rəsmi Tiflisin necə siyasət yeridəcəyindən yox, qərbin Ukraynada baş verənlərə yanaşmada nə qədər prinsipial davranacağını asılıdır. Bu prinsipiallığı isə biz görmürük. Başqa şey görürük.
-Necə bilirsiniz, Gürcüstan rəhbərliyi Rusiya ilə münasibətləri nizamlamağa, ərazilərini azad etməyə fürsət tapacaqmı, yoxsa Saakaşvili və digərlərinin çağırışları yenidən bu ölkədə üstün gələcək?
- Gürcüstanda da yaxşı görür və bilirlər ki, bir çox baxımdan özlərininkindən qat-qat güclü ölkələrin ideoloji işğal altında olması nəticəsində plasdarıma çevrilmələri onları necə hərbi işğal və ardınca böyük fəlakətlərlə üzləşdirib. Elə öz təcrübələrindən də yaxşı xatırlayır ki, tam qərbin maraqlarına uyğun siyasət yeridərkən fors-majorla üzləşdikdə həmən qərbdəkilər Sarkozinin 2008-ci ildəki davranışlarını təkrarlamaqdan çox da uzağa getmirlər.
- Azərbaycan Prezidenti “Gürcü arzusu”nu ilk təbrik edən liderlrədən oldu. Maraqlıdır ki, “qərbyönümlü” Paşinyan da Gürcüstan hakimiyyətini təbrik etdi. Sizcə, Gürcüstanda mövcud hakimiyyətin yoluna davam etməsi halında Qafqazın üç respublikası bir çətir altında birləşə, Prezidentin irəli sürdüyü Qafqaz evini qura biləcəklərmi?
- Gürcüstan Azərbaycan üçün yüz minlərlə soydaşımızın yaşasığı qonşu kimi də, strateji kommunikasiyaların keçdiyi yer olaraq da çox vacib, mən hətta deyərdim ki, ən vacib ölkədir. Və bu ölkənin müstəqillik potensialının artmasında biz əlimizdən gələni etmişik, edirik, edəcəyik. Xatırladım ki, cənab Prezident hətta Ermənistanın da az da olsa, müstəqil siyasət yeritməsinin bizim milli maraqlarımıza cavab verdiyini bildirmişdi. Bununla onu demək istəyirəm ki, bu regionun 3 ölkəsi fitnələrə uymadan nə qədər öz milli maraqlarından çıxış etməyi bacarsalar, qarşılıqlı faydaya dayanan birgə əməkdaşlıq və inteqrasiya üçün bir o qədər fürsət yaranmış olacaq. Hazırda Gürcüstanı qarışdırmağa çalışanların məqsədi isə tam bunun əksidir, yəni bizim regionda bölücü xətlər çəkməkdir.
Elşad Paşasoy,
Musavat.com