Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə Papuaşvilinin Facebook-da yerləşdirilən bəyanatında bildirilib.
“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. İmzaladığım qanun indiki müvəqqəti, dəyişən ideyaları, ideologiyaları əks etdirmir. O, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəmlənən xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır”.
Papuaşvili prezidentin qanunu imzalamaqdan imtina etmək qərarını simvolik adlandırıb.
Parlament sədrinin sözlərinə görə, ölkə başçısı qanunun Qərb tərəfdaşlarının qınağına səbəb olacağını yaxşı bilir. “Gürcülər heç vaxt başqalarının qiymətləndirməsindən qorxmayıblar”,-deyib.
Xatırladaq ki, Gürcüstan prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib və heç bir şərh vermədən onu parlamentə qaytarıb. Sentyabrın 17-də Gürcüstan parlamenti bu qanunu üçüncü və yekun oxunuşda qəbul edib.
Qeyd edək ki, qanun layihəsinin əsas məqsədi nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və qəyyumluq, cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi prosedurların tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirməkdir. Dəyişikliklərə əsasən, kişi və qadının nikahından başqa hər hansı nikahın qeydə alınmasına, yetkinlik yaşına çatmayanların homoseksual cütlüklər tərəfindən övladlığa götürülməsinə və cinsiyyətin dəyişdirilməsi əməliyyatına qadağa qoyulur, əks halda 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (555 dollardan çox), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimə olunacaqlar. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzulu reklamların yayılmasına görə fiziki şəxslər 800 lari (təxminən 297 dollar), hüquqi şəxslər 2,5 min lari (təxminən 929 dollar) məbləğində cərimələnəcək.
Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılmasına görə fiziki şəxslər min lari (təxminən 371 dollar), hüquqi şəxslər üçün 3 min lari (1,1 min dollardan çox) məbləğində cərimə ediləcək. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə də cəzalandırılır.
Nigar HƏSƏNLİ,
Musavat.com