Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səslərin 54 faizini toplayaraq qalib oldu. Qərbin açıq-aşkar dəstək verdiyi siyasi qüvvələr isə seçkidə hakimiyyətə gəlmək üçün yetərli seçici dəstəyini əldə edə bilmədilər. Bununla da növbəti 4 ildə də Gürcüstanda “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası hakimiyyətdə olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə baş nazir İrakli Kobaxidzeni təbrikində bildirilir ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcək. Eyni zamanda prezident seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edib: “Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.
Arzu Nağıyev
Qonşu ölkədə keçirilən seçkiləri Azərbaycan parlamentinin 8 deputatından ibarət müşahidə missiyası da müşahidə edib. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və müşahidə missiyasının rəhbəri Arzu Nağıyev bildirib ki, Gürcüstanda 300 minə qədər azərbaycanlı yaşayır və maraqlı məsələlərdən biri azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində olan 5 rayonda da səsvermənin ən yüksək səviyyədə olması idi. Azərbaycanlıların kompakt yaşadığı bölgədə səsvermədə iştirakı 50%-dən yuxarı olub, soydaşlarımız öz iradələrini ortaya qoyublar: “Soydaşlarımıza bir daha təşəkkür edirik ki, Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini dəstəklədilər. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Parlament seçkilərində hakim partiyanı dəstəkləyənlər bu gün sülhə, müharibənin əleyhinə, Qərbin ortaya atdığı anormal dəyərlərin əksinə səs verdilər. Seçkilərin nəticəsi Qərbin Gürcüstanda həyata keçirməyə çalışdığı regionda ayırıcı xətlərin yaradılması siyasətinə zərbə oldu. Baxmayaraq ki, Gürcüstan Konstitusiyasında da avrointeqrasiya təsbit olunub. Gürcüstan vətəndaşları məhz Qərbin ümumi regionda olan marağının əleyhinə səs verdilər. Qərb ümumən regionda hegemonluq etmək istəyir və bu yöndə siyasət yürütməyə çalışır. Gürcüstan vətəndaşları, gürcü xalqı bu seçkidə öz sözünü dedi, müstəqil mövqeyini ortaya qoydu.
Gürcüstanda soydaşlarımızın aktiv iştirak etdiyi parlament seçkilərinin nəticələri regionun parçalanmasının qarşısını aldı. Bir daha dünya gördü ki, Ermənistanın hansı siyasət yürütməsinə baxmayaraq, azərbaycanlılar, eyni zamanda gürcülər Qərbin müstəmləkəsinə çevrilmək istəmirlər, bu siyasət bizim ölkələrdə həyata keçməyəcək. Bu gün Gürcüstan-Azərbaycan birliyi var, bu, həm də tarixi köklərə söykənir. Biz böyük layihələrdə tərəfdaşıq. Məlumdur ki, bizim böyük şirkətlər Gürcüstanda çox ciddi layihələr həyata keçirir. Biz birlikdə güclüyük və öz maraqlarımızı müdafiə etməyə qadirik. Yeni seçilən Gürcüstan parlamenti ilə də Milli Məclis, dostluq qrupları səviyyəsində bundan sonra əməkdaşlıq etməyə davam edəcəyik. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini müzakirə edəcəyik və problemlərin həlli üçün addımlar atılacaq. Birmənalı şəkildə bu gün Gürcüstanda keçirilən seçkilərin nəticələri Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin inkişafına təkan verəcək amil kimi səciyyələndirilməlidir".
Hikmət Babaoğlu
Azərbaycan Milli Məclisinin Gürcüstanda seçkiləri müşahidə missiyasının üzvü, deputat Hikmət Babaoğlu isə bildirdi ki, seçici fəallığı, o cümlədən soydaşlarımızın seçkilərdə fəallığı çox yüksək səviyyədə idi: "Seçkidə iştirak edən 26 siyasi partiyadan beşi parlamentdə təmsil olunmaq hüququ qazandı. Sevindiricidir ki, Gürcüstanda yaşayan soydaşlarımız Gürcüstan demokratiyasının bir hissəsi olmağı bacarıblar və siyasi görüş etibarilə də gürcü xalqının siyasi sisteminin tərkib hissəsinə çevrilə biliblər. Yəni həm iqtidar, həm də müxalifət platformasında azərbaycanlıları seçkidə görmək mümkün idi. Seçkilərin nəticələri Gürcüstan xalqının arzusu idi: “Gürcüstan xalqının iradəsi seçkidə öz sözünü dedi, hakim partiyanın siyasəti dəstəkləndi. Nəticə etibarilə bu seçkilərin nəticələri Gürcüstanın inkişafına, Gürcüstan-Azərbaycan münasibətlərinin çiçəklənməsinə xidmət edəcək, eyni zamanda iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək. Qiymətləndirmə kriteriyamız Azərbaycan Prezidentinin Gürcüstan baş nazirinə seçkidən sonra təbrik məktubunda öz əksini tapır. Gürcüstan xalqı ənənəvi dəyərlərə, sabitliyə, regionun bütövlüyünə səs verdi”.
Doğrudanmı avroeyforiya arxada qaldı?..
Yazını hazırladı: Etibar SEYİDAĞA