Gürcüstanda proseslər kritik mərhələyə girdi - Qərbin mesajı...

Natiq Cəfərli: “Əgər oktyabr seçkisində ”Gürcüstan arzusu" yenidən qalib gələcəksə, bu o deməkdir ki, xalq qəbul edilmiş qanuna etiraz etmir"

Gürcüstan parlamenti gözlənilən addımı ataraq, Prezidentin mübahisəli “xarici təsir” qanununa qoyduğu vetonu ləğv etdi.

Hələ parlamentdə buna dair müzakirə başlayanda “demokratik qüvvələr” parlament binasının ətrafında etiraz aksiyasına başlamışdı. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Nəhayət, günün ikinci yarısında Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin “xarici təsir” haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv etdi. Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib. Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. “Gürcü arzusu” partiyasının deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üstünə su atıb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.

Beləliklə, bundan sonra Tiflisdə gərginliyin yeni mərhələsi başladı. Görünən budur ki, qonşu ölkədə proseslər kritik dönəmə daxil olur.

Bu arada Avropa İttifaqı bəyanat verib ki, iyunda “xarici təsir” qanununa görə Gürcüstana qarşı cavab tədbirlərini müzakirə edərək qərarlar qəbul edəcək.

Bunu ittifaqın xarici siyasət üzrə rəhbəri Cozep Borrel X platformasında paylaşımında qeyd edib. Borrel qanunun Aİ dəyərlərinə uyğun olmadığını, Gürcüstanın Aİ yoluna təsir göstərəcəyini bildirib: “Xarici təsir qanunu Aİ dəyərlərinə uyğun gəlmir. Qanun qəbul olunarsa, bu, Gürcüstanın Aİ yoluna təsir edəcək. İyunda xarici işlər nazirləri şurasında Aİ-nin cavabını müzakirə edəcəyik və qərar qəbul edəcəyik. Oktyabr seçkiləri Gürcüstanın Aİ-nin gələcəyinə sadiqliyi üçün sınaq olacaq”.

Bəs veto ləğv edildikdən sonra qanunun qüvvəyə minməsi üçün hansı prosedurlar həyata keçirilməlidir? Prosesin növbəti mərhələsi Gürcüstanda hansı hadisələrlə müşayiət oluna bilər?

Mövzu ilə bağlı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Əgər "veto" parlament tərəfindən ləğv edilibsə, o deməkdir ki, həmən qüvvəyə minəcək. Yəni Gürcüstan parlament respublikasçıdır, prezidentin simvolik funksiyaları var. Amma “veto” qoyduqdan sonra və parlament bu “veto”nu ləğv edirsə, prezident ikinci dəfə “veto” qoya bilməz. Onun belə bir fürsəti, imkanı yoxdur, qanunvericilik bunu qadağan edir.

Beləliklə, qanun artıq qüvvəyə minib və bundan sonra qəbul olunmuş qanuna görə davranılacaq".

Natiq Cəfərli qeyd edib ki, əslində vəziyyətin bu qədər gərginləşməsi anlaşılan deyil: “Sözün doğrusu, burada ciddi bir problem yoxdur. Çünki maliyyə mənbələrinin şəffaflığı demokratiyanın əsas qanun-qaydalarından biridir. Bu qanun da onu deyir ki, əgər hansısa bir təşkilat, media, universitet və sairə, maliyyə mənbələrinin 25 faizdən çoxunu xaricdən alırsa, bununla bağlı Ədliyyə Nazirliyinə, eləcə də müvafiq icra qurumlarına məlumat verməlidir.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli 

Buna bənzər qanunlar ABŞ-da da var. Belə ki, 1938-ci ildə Birləşmiş Ştatlarda bu cür qanun qəbul edilib. Eləcə də Avropa İttifaqında Rusiya kanallarına qarşı bənzər qanun qəbul edilmişdi. Yəni Gürcüstanda bu cür qanunun qəbul edilməsi ilk deyil, buna qədər xeyli ölkələrdə tətbiq olunub.

Burada anlaşılmaz məsələ ondan ibarətdir ki, Qərb ölkələri, Avropa İttifaqı, Amerika Gürcüstandakı son seçkilərdəki nəticələri alqışlamışdılar və Gürcüstan parlamentinin tam demokratik prinsiplərlə formalaşdığını demişdilər".

Natiq Cəfərli qeyd edib ki, demokratik seçilmiş parlamentin qəbul etdiyi qanuna görə ölkəyə qarşı sanksiyaların qoyulması yolverilməzdir: “Bu, demokratiya adına xələl gətirən məsələdir. Fikrimcə, Qərb ölkələrinin bu cür addım atması Gürcüstanın daxilində əksinə, "Gürcüstan arzusu" partiyası və konservativ düşüncəyə malik siyasi qüvvələri daha da birləşdirəcək. Onlar bildirir ki, “biz suveren dövlətik, suveren dövlət kimi də istənilən qanunu qəbul edə bilərik”.

Daha bir anlaşılmaz məsələ budur ki, oktyabr ayında Gürcüstanda seçkilər keçiriləcək. Yəni xalq doğrudan da bu qanunun əleyhinədirsə, seçkilərdə bu qanunu qəbul etmiş partiyanı cəzalandırmalıdır, onlar parlamentdə azlıqda qalmalıdır və parlament yenidən formalaşdıqdan sonra noyabr ayında bu qanunu ləğv edə bilərlər. Yəni məlum olduğu kimi, qanunların qəbulu və ləğvi adi prosedurdur, bu, dini kitabda yazılan ayələr deyil ki, ləğv edilməsin.

Beləliklə, ona görə də seçkilərə bir neçə ay qalmış Gürcüstanda vəziyyətin bu cür hal alması anlaşılan deyil və bu, demokratik seçki institutunun özünə ziyan vurur. Çünki seçki institutu oturuşmuş ölkələrdə küçə vasitəsilə hakimiyyəti dəyişmək doğru deyil. Bunu seçkilərə az qalmış vaxtda etmək isə, ümumiyyətlə, yolverilməzdir. Ona görə də hesab edirəm ki, müxalifət bu vəziyyətdən istifadə edərək, seçkilərdə öz gücünü daha da artırmağa çalışacaq və beləliklə, seçkilər kəskin rəqabət şəklində keçəcək.

Əgər seçkidə “Gürcüstan arzusu” yenidən qalib gələcəksə, bu o deməkdir ki, xalq qəbul edilmiş qanuna etiraz etmir.

Onu da qeyd edim ki, “Gürcüstan arzusu”nun müəyyən iqtisadi uğurları var. Belə ki, inflyasiya çox aşağıdır, lari dollar qarşısında dəyər qazanıb və bu da əhaliyə müsbət təsir göstərib, iqtisadi artım 8 faiz civarındadır və sairə. Yəni “Gürcüstan arzusu” seçkilərdə bu uğurlarından istifadə etməyə, bununla da növbəti qələbəni qazanmağa çalışacaq. Amma buna nə qədər nail ola biləcək, parlament necə formalaşacaq, orada əsasən hansı qüvvələr olacaq, bunu zaman göstərəcək.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

30.05.2024 10:05
1426