Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri bir neçə gün bundan öncə müsəlmanlara qarşı zorakılıq tətbiq ediblər, möminlərin namaz qılmasına mane olublar. Bu isə ölkənin rəsmi qurumlarını hərəkətə gətirib. Hadisə ilə bağlı Gürcüstan Müsəlmanları İdarəsi də bəyanat yayıb. Bəyanatda deyilir ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdırlar.
Hazırda bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? Bu məqsədli təxribatdır, yoxsa sadəcə iki dini icma arasında anlaşılmazlıq? Əgər hadisə ilə bağlı günahkarlar müəyyən edilibsə, onlar layiqli cəzalarını alıblarmı?
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Marneuli Bələdiyyə Məclisinin deputatı, müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nərgiz Əliyeva bildirib ki, Gürcüstanda bütün sahələrdə xaos hökm sürür.
Onun sözlərinə görə, günü-gündən artan kriminal hadisələr, cinayətlər, təxribatlar o qədər çoxalıb ki, insanlar Gürcüstanda yaşamağın təhlükəli olduğunu düşünürlər: “Ölkədə dini, milli diskriminasiya hər tərəfdə hiss edilir. Məscidlərin qeydiyyatı, inşası, dövlət və yerli büdcədən ayrılan maddi vəsaitlərin bölgüsündə ayrı-seçkilik və sair neqativ hallar mütəmadi müşahidə olunur. Gürcüstan Konstitusiyasına əsasən, hər bir vətəndaş üçün din azadlığı qanunla qorunur. Hər kəs ibadət və inancda azaddır. Belə bir fonda müsəlmanların sərbəst şəkildə ibadət etməsinin qarşısını almaq istəyən bir qrup şəxsin məlum əməlini təxribat kimi qiymətləndirirəm”.
Deputat N.Əliyeva deyib ki, Gürcüstanda dini zəmində təxribat törədərək stabilliyi pozmaq istəyən qüvvələrin mövcudluğu ölkədə qarşıdurma və qeyri stabillik yaratmağa xidmət edir: “Sözsüz ki, bu məsələlərlə bağlı dövlətin aidiyyəti qurumları olduqca məsuliyyətli və diqqətli olmalıdırlar. Biz də, müxalif Vahid Milli Hərəkat Partiyası olaraq məsələni nəzarətdə saxlamaqdayıq. Gürcüstan çoxmillətli, çoxdinli ölkədir. Tolerantlıq, sülh, əmin-amanlıq içərisində yaşamamız üçün hər kəs diqqətli olmalıdır”.