Gürcüstanda ilk azərbaycanlı qadın yol patrulu: “Ən yaxınım olsa da, qaydaları pozanı bağışlamaram”

“Cərimə etməməyim üçün avtomobili sərxoş vəziyyətdə sürməməlidirlər. Qanun hamı üçün eynidir, ən yaxınım olsa da, qaydaları pozan şəxsi bağışlamaram”.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında bu ölkədə ilk azərbaycanlı qadın yol patrul inspektoru olan Səbinə Yusifova deyib.

O, 2002-ci il sentyabrın 2-də Rustavi şəhərində anadan olub. Orta təhsilini də həmin şəhərdə 18 saylı tam orta məktəbdə Azərbaycan bölməsində alıb. Məktəbi əla qiymətlərlə bitirib. 2020-ci ildə isə Tbilisi Dövlət Tibb Universitetinə qəbul olub və hazırda 4-cü kursda oxuyur. 2021-ci ildə Tbilisi Texniki Universitetinin Hüquq fakültəsinə qəbul olub və hər iki təhsilini paralel davam etdirir. Üstəlik, o, 2023-cü ildə Polis Akademiyasına daxil olub və hazırda Kvemo Kartli bölgəsində Rustavi şəhəri üzrə yol patrul inspektoru kimi çalışır.

Hazırda S.Yusifova Kvemo Kartli polis idarəsində yeganə azərbaycanlı patrul inspektorudur. Bir sözlə, o, indi həm təhsil alır, həm də işləyir.

Əslən Marneulinin Keşəli kəndindən olan Səbinə Yusifovanın ailəsi 4 nəfərdən ibarətdir. Onun kiçik qardaşı var. Səbinə uşaq olanda valideynləri işlərinə görə Marneuliyə köçüblər. Amma babası ilə nənəsi Səbinənin getməyinə icazə verməyib və onu öz yanlarında saxlayıblar: “Anam 14 yaşında nişanlanıb, 16 yaşında isə ailə həyatı qurub. Nənəm tarix müəllimi olub. Nənəm mənə baxmaq üçün işdən ayrılıb”.

Həmsöhbətimizin babası isə həkim olub. S.Yusifova bildirib ki, hər zaman babasını özünə ideal bilib və böyüyəndə həkim olmağı arzulayıb:

“Ailə qurmaqdan daha çox təhsilə önəm vermişəm. Babam həmişə deyərdi ki, oxu, hər şey yaxşı olacaq. O, savadlı adam idi. Babam da həkim olmağımı arzulayırdı. Amma bunu görmək ona qismət olmadı, vaxtsız vəfat etdi... Onun arzusunu yerinə yetirdim. 2020-ci ildə məktəbi bitirən kimi Tibb Universitetinə qəbul oldum”.

Bir il təhsil aldıqdan sonra o, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yaşayan azərbaycanlılar üçün ayırdığı “1+4” proqramından yararlanaraq, yeni bir ixtisasa yiyələnmək üçün imtahan verib:

“İmtahandan gözləmədiyim anda çox yüksək bal topladım. Fikirləşdim ki, Texniki Universitet üçün yüksək bal yığmışam, Tibb Universitetində də pulsuz təhsil alıram. Odur ki, Texniki Universitetdə də paralel olaraq təhsilimi davam etdirməyə qərar verdim. Düşündüm ki, bəlkə ikinci ixtisas da gələcəkdə lazım olar. Bir il gürcü dilini öyrənəndən sonra ixtisas seçməli idim. Amma hansı ixtisası seçəcəyimi bilmirdim”.

S. Yusifova deyib ki, rəhmətlik əmisi Mahir Yusifov polis idi və ona ixtisas seçimi ilə bağlı qərarsız olduğunu söyləyib:

“Əmim hüquq fakültəsini bitirmişdi və mənə də bu istiqamətdə təhsil almağı məsləhət gördü. Əmim həmçinin Polis Akademiyasına imtahan verməyimi də məsləhət verdi. Amma əmim onunla görüşümüzdən 20 gün sonra vəfat etdi. Ondan sonra özümə söz verdim ki, hüququ seçib, polis olacağam”.

O bildirib ki, 2023-cü ilin martında Gürcüstanın Daxili İşlər Nazirliyi polis işinə qəbulla bağlı vakansiyalar elan etdikdən sonra müraciət edib və “Patrul inspektoru” vəzifəsini seçib:

“İmtahandan uğurla keçdim. Daha sonra çox çətin olan müsahibə mərhələsində demək olar ki, bir çox suallara rahatlıqla cavab verirdim. Bəzi suallara cavab verə bilmədim və bunu açıq şəkildə dedim. Onlar da cəsarətimə heyran qalmışdılar. Müsahibədən bir müddət sonra telefonuma zəng gəldi və polisə qəbul olunduğum barədə məlumat verildi”.


S.Yusifova qeyd edib ki, yol patrul xidmətinə qəbul olanda Borçalıda bir ilk yaşandı: “Hazırda Gürcüstan azərbaycanlıları arasında qadın yol polisi təkcə mənəm. Düzdür DİN sistemində Nurlana Əhmədova adlı azərbaycanlı xanım var. Amma o, kriminalistika şöbəsində çalışır”.

Onun sözlərinə görə, polis işinə qəbul olunanda valideynlərinin bu məsələdən xəbəri olmayıb:

“Atam əvvəlcə tərəddüd etdi. Mənə bunun çətin olduğunu söylədi və bu işi bacarıb-bacarmayacağımı soruşdu. Lakin daha sonra mənə arxalandığını dedi. Söylədi ki, sən mənim, azərbaycanlıların fəxrisən! Hətta mənə zarafatla belə bir söz dedi: “Mənə yoruldum demə!” Atamın bu sözləri mənə böyük stimul verdi”.

S.Yusifova vurğulayıb ki, onun arzusu ilk qadın general olmaqdır: “Qardaşım məndən kiçikdir. O, məndən nümunə götürür. Harada olursa, məndən danışır, tərifləyir, mənimlə fəxr edir. Açığı mən bu yolu seçəndə çox qohum, tanış dedi ki, alınmayacaq. Amma daha sonra həmin insanların çoxu mənə dəstək verdi, sevincimə şərik oldu. Çünki azərbaycanlı xanımın bu uğuru Gürcüstan azərbaycanlıları üçün nümunədir. Mənim polis olmağım kənddə yaşayan insanların əksəriyyətinin sevincinə səbəb oldu”.


Onun sözlərinə görə, işləyəndən bəri bir çox valideyn onu öz övladlarına nümunə göstərir:

“Xanımlar, analar mənə yazırlar ki, övladımın sənin kimi olmasını istəyirəm. Mən də bəzən onlara detallı şəkildə hər şeyi izah edirəm ki, onlar da bu yolu seçsinlər. Yəni təhsil alsınlar, oxusunlar, çünki bizim hər birimizin uğuru hamımızın, Azərbaycanın uğurudur”.

O vurğulayıb ki, iş prosesində ona heç vaxt pis münasibət göstərilməyib:

“Əksinə, irəli getməyim üçün daha da dəstək olurlar. Mən də Gürcüstan dövləti adına irəli getmək istəyirəm. Burada yaşayan azərbaycanlılar düşünürlər ki, onların qayda pozuntusu zamanı mən göz yumacağam, cərimə etməyəcəyəm, içkili olduqları hallarda getmələrinə icazə verəcəyəm. Amma bu, belə deyil. Gürcü öz millətinin səhvini göstərəndə pis olmur, amma mən səhvi göstərəndə pis oluram? Burada məqsəd cərimə deyil, həmin şəxsin, eləcə də digərlərinin həyatını xilas etməkdir. Onları cərimə etməməyim üçün avtomobili sərxoş vəziyyətdə sürməməlidirlər. Qanun hamı üçün eynidir, ən yaxınım olsa da, qaydaları pozan şəxsi bağışlamaram”.

Həmsöhbətimiz deyib ki, sürücülər onunla kobud davranmırlar: “Mən də sürücülərlə sərt danışmıram. Çünki münasibət qarşılıqlıdır. Maksimum təmkinli olmağa çalışıram. Yəni nümunəvi işçiyəm. Yaxın zamanda kiçik leytenant rütbəsi alacağam”.

O, sonda xanımlara da məsləhət verib: “Güclü olmaqdan qorxmasınlar. Ən əsası təhsil alsınlar və yaşadıqları ölkələrin dilini öyrənsinlər. Valideynlər isə qızlarına cehiz vermək əvəzinə təhsil verməlidirlər. Yalnız bu zaman onlar bu həyatda uğur qazanacaqlar”.

16.11.2023 18:10
3936