Gürcüstan seçkilərində yeni texnologiya - Azərbaycanda da tətbiq edilə bilər

Deputat: “Bu, MSK-nın qərarından asılıdır”

Gürcüstanda ötən şənbə keçirilmiş parlament seçkiləri zamanı Tiflisin seçki məntəqələrində ilk dəfə elektron seçki qutularından test kimi istifadə edilib.  Maraqlıdır, bu seçki qutularının üstünlüyü nədədir? Azərbaycanda da tətbiqi gözlənilirmi?

Gürcüstanda seçkiləri müşahidə edən millət vəkili Arzu Nağıyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, tətbiq edilən elektron seçki qutuları ikili nəzarətə imkan yaradır: “Vətəndaş qutuya yaxınlaşır və özünün şəxsiyyət vəsiqəsini qeydiyyatdan keçirir. Bununla da o, seçkiyə gəlməsini təsdiq edir. Bülleteni götürəndən sonra seçəcəyi namizədin adını işarələyir və onu götürüb seçki qutusuna yaxınlaşır. Bülletenini seçki qutusunun üzərindəki əlavə elektron formaya daxil edir, oradan isə bülleten avtomatik olaraq qutuya düşür.  Səs verənlərin hamısının sayı seçki bitəndən 10 dəqiqə sonra bülletenlər sayılmamış məlum olur. Elektron seçki qutusunun əsas funksiyası bundan ibarətdir. Bu qutunun üstünlüyü ikili nəzarətin olmasındadır. Sayılan bülletenlərlə qutuya daxil olanların fərqi və məntəqəyə gələn vətəndaşlarla bülletenlərin sayının uyğunluğunu yoxlayır.

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

Arzu Nağıyev 

Belə bir müasir metod  Azərbaycanda da tətbiq oluna bilər. MSK-nın qərarından asılıdır. Digər ölkələrdə də elektron və başqa formalardan istifadə olunur.

Xaricdə yaşayan 96 min Gürcüstan vətəndaşı ilk dəfə idi ki, elektron vasitə ilə səs verirdi". 

  Deputat deyir ki, Gürcüstanda seçkilər yüksək səviyyədə baş tutub: “Avrointeqrasiya gürcü xalqının əsas istiqamətidir. Bu istiqamətdə öz iradələrini göstərmək istəyirdilər. Azərbaycanlılar yaşayan ərazilərdə də çox böyük aktivlik var idi. Həmyerlilərimizin bəzi nümayəndələri və azərbaycanlı müşahidəçilərlə də görüşdük və ümumi söhbətlər apardıq". 

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində bülletenlərin 100%-nin nəticələrinə görə, hakim “Gürcü Arzusu” 53,92% səs toplayıb. Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumatına görə, dörd müxalifət partiyası ümumilikdə 37,78% səs qazanıb.

Gürcüstan prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu”nun qalib gəldiyi son parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib. O, nəticələri “tamamilə saxta” adlandırıb və müxalifətin etiraz aksiyasına qatılacağını bəyanlayıb.

“Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi”, - prezident vurğulayıb.

“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - deyə Zurabişvili bildirib.

Həmçinin Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri birgə bəyanatla çıxış edərək, Gürcüstandakı seçkiləri tanımadıqlarını açıqlayıblar. Bəzi ölkələrin xarici işlər nazirlikləri bildiriblər ki, Gürcüstanda keçirilən seçkilər xalqın iradəsini əks etdirmir.

Ancaq məsələ ondadır ki, müxalifət və etirazçı qüvvələr seçkilərin saxtalaşdırılması ilə bağlı ortaya tutarlı və yetərli faktlar, protokollar qoya bilmirlər. 

Şahanə RƏHİMLİ,
Musavat.com

29.10.2024 10:40
806