Gürcüstan prezidentindən çağırış – “Yeni parlament seçkiləri...”

Gürcüstan prezidenti Salome Zurabişvili siyasi böhranı həll etmək üçün ölkədə yeni parlament seçkilərinin keçirilməsini istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Zurabişvili Gürcüstanda səsvermənin nəticələrini tanımayan səkkiz Aİ ölkəsinin parlament komitələrinin Tiflisə gələn rəhbərləri ilə birgə keçirdiyi mətbuat konfransında yeni seçkilərin keçirilməsinə çağırış edib.

“Gürcüstanda ölkənin bütün qurumlarını ələ keçirən birpartiyalı idarəçilik var və biz birpartiyalı saxta seçkilərdə nəticə əldə etdik”, - prezident vəziyyətlə bağlı öz baxışını təsvir edib.

Almaniya Bundestaqının xarici əlaqələr üzrə parlament komitəsinin sədri Mixael Rot mətbuat konfransı zamanı Gürcüstanda seçkilərdə səsvermənin gizliliyinə riayət olunmadığını, seçicilərin rüşvət aldığını və bunun da onların legitimliyinə şübhələr yaratdığını bildirib.

Bundan əvvəl Zurabişvili gürcü diasporunun seçkilərdə iştirakına icazə verilmədiyini bəyan edib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib elan olunub. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.

Gürcüstan müxalifəti seçkinin nəticələrini tanımayıb və yenidən səsvermənin keçirilməsini tələb edir. Zurabişvili son seçkiləri “tam saxtalaşdırma” adlandırıb.

Bundan əvvəl Zurabişvili Baş Prokurorluqda dindirilməkdən imtina edib.

Musavat.com

11.11.2024 14:59
585