Gürcüstan Milli Bankı(GMB) bu gün oktyabr ayında üçüncü dəfə valyuta bazarına intervensiya həyata keçirib.
Musavat.com Bankın açıqlamasına istinadən xəbər verir ki, intervensiya 60 milyon dollar satışını əhatə edib.
GMB bundan əvvəl oktyabrın 8-də 48,5 milyon dollar, oktyabrın 16-da 64,9 milyon dollar sataraq seçkiqabağı dövrdə larinin dəyərsizləşməsinin qarşısını alıb. Bu ilin may ayından bəri Milli Bankın müraciət etmək məcburiyyətində qaldığı valyuta intervensiyalarının sayı 6, ümumi məbləği 342 milyon dollar təşkil edib: “Valyuta hərracının keçirilməsi barədə qərar Milli Bank tərəfindən qeyri-fundamental amillərin və ənənəvi olaraq valyuta bazarında seçkiqabağı dövr üçün xarakterik olan həyəcanın qarşısının alınması məqsədilə qəbul edilib”.
Tənzimləyici bildirir ki, valyuta bazarında son vaxtlar baş verən “həddindən artıq” qeyri-müəyyənlik ayrı-ayrı iri əməliyyatlardan məzənnəyə təzyiqi artırır: “Belə hallarda Milli Bank öz mandat və monetar alətlərindən istifadə etməklə bazar gözləntilərinin tarazlaşdırılmasına kömək edir. Gözlənilir ki, bazar gözləntilərinin təmin olunması valyuta bazarını öz adi dinamikasına qaytaracaq”.
Sentyabrda Milli Bankın beynəlxalq ehtiyatlarında 126 milyon dollar azalma qeydə alınıb.
2023-cü ildə Milli Bank valyuta hərraclarında 166,7 milyon dollar satıb.
Oktyabrın 26-da Gürcüstanda ortamüddətli perspektivdə ölkənin siyasi inkişaf vektorunu müəyyən edəcək parlament seçkiləri keçiriləcək. Seçkiqabağı dövrdə Avropa İttifaqı və ABŞ Gürcüstanın Aİ-yə üzvlüyünə hazırlıq prosesi faktiki olaraq dayandırılarsa, Gürcüstana maliyyə dəstəyini dayandırmağa hazır olduqlarını bəyan ediblər. Bunun fonunda daxili bazarda xarici valyutaya tələbat artır ki, bu da larinin devalvasiyasına səbəb olur. Gürcüstan Milli Bankı valyuta intervensiyalarından istifadə edərək bunun qarşısını almağa çalışır.
Gürcü iqtisadçıları Gürcü Arzusunu ölkənin valyuta ehtiyatlarından öz hakimiyyətini qorumaq üçün istifadə etməkdə günahlandırır.
Musavat.com