Gürcüstan Milli Bankı bu gün valyuta hərracına 60 milyon dollar çıxarıb.
Musavat.com tənzimləyicinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, sifarişlərin həcmi orta hesabla 2,7194 lari/1 dollar məzənnəsi ilə 48,5 milyon dollar təşkil edib. Oktyabrın 8-nə olan rəsmi məzənnə isı 2,7451/1 dollar idi.
Mərkəzi Bank bildirir ki, son bir neçə gün ərzində valyutaya izafi tələb qeydə alınıb ki, bu da larinin məzənnəsinə əlavə təzyiq yaradıb. Tənzimləyici qeyd edir ki, valyutaya tələbin artmasına “əsasən birdəfəlik iri əməliyyatlar, xüsusən də dividendlərin planlaşdırılmış ödənilməsi” səbəb olub. Buna görə də mövcud təzyiqi yumşaltmaq məqsədilə Milli Bank valyuta intervensiyasının aparılmasına qərar verib.
GMB vurğulayır ki, “valyuta bazarında müşahidə olunan dalğalanmalar makroiqtisadi amillərlə bağlı deyil, ona görə də qısamüddətli xarakter daşıyır”. Hesabatda tənzimləyici güclü makroiqtisadi əsasları, inflyasiyanın 3 faizlik hədəfdən aşağı olmasını, güclü xarici valyuta daxilolmalarını qeyd edir ki, bu da cari hesab kəsirinin dayanıqlı səviyyədə saxlanmasına kömək edir.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı bu il dördüncü dəfə valyuta intervensiyaları ilə bazara daxil olub, ümumilikdə 217 milyon dollar satıb.
Larinin ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi sentyabrın 10-dan bəri 1,82 faiz azalıb, Mərkəzi Bankın beynəlxalq ehtiyatlarında 126 milyon dollar azalma qeydə alınıb.
Musavat.com